ƏHƏDOV Elşad Saday oğlu

MİRZƏYEV Kərəm Ərşad oğlu
QULİYEV Mədət Qəzənfər oğlu
MƏMMƏDOV Sahil Ələmdar oğlu
(4.3.1968, Masallı r-nunun Təzə Alvadı k. – 11.12.1993) – Azərbaycanın Milli Qəhrəmanı (16.9.1994, ölümündən sonra).

4 mart 1968-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində dünyaya göz açmışdır. 1975-ci ildə burada birinci sinfə getmiş, 1982-ci ildə yeddinci sinifi bitirib, C.Naxçıvanski adına Hərbi liseyə daxil olmuşdur. Elşad liseyi müvəffəqiyyətlə bitirərək Ukraynanın Kamenets-Podolsk Ali Komandirlər Məktəbinə qəbul olunub…
1989-cu ildə baş leytenant rütbəsi ilə Volqoqrad vilayətindəki hərbi hissələrdən birinə rota komandiri göndərilir. Gənc zabit bir müddətdən sonra doğma Vətənə dönür. Əvvəlcə Bakının Güzdək qəsəbəsində, sonra isə Lənkəran rayonunda rota komandiri kimi fəaliyyət göstərir.
O, erməni işğalçılarının Azərbaycan torpaqlarına hücumundan hiddətə gəlmişdi. Bir komandir kimi qazandığı hərbi təcrübəni öz xalqının bu təcavüzdən qorunmasına sərf etmək istəyirdi. O, döyüş bölgəsinə üz tutur. Gənc zabitin döyüş yolu Füzuli rayonu ərazisindən başlayır və sonra Daşburun, Nərgiztəpə, Aşağı Veysəlli və Şişqayaya keçir. Elşad Əhədov Beyləqanın müdafıəsində böyük rəşadət göstərir. Onun minaladığı sahəyə 8 düşmən tankı və onlarla erməni yaraqlısı düşərək məhv olur. 11 dekabr 1993-cü il… Ağdaş yüksəkliyi… Elşad Əhədovun son döyüşü… Onun rotası hücuma keçir. Sayca iki dəfə çox olan erməni quldurları hücumun qarşısını almaq üçün güclü sədd yaradırlar. Qeyri-bərabər döyüşdə o, ağır yaralanır. Həkimlərin cidd-cəhdinə baxmayaraq, komandirin həyatını xilas etmək mümkün olmur… 11 dekabr 1993-cü ildə o, gözlərini əbədi yumur.
Ailəli idi. İki uşağı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 1993-cü il tarixli fərmanı ilə Əhədov Elşad Saday oğlu ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş, 16 sentyabr 1994- cü il tarixli 203 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Təzə Alvadı kəndində dəfn edilmişdir.
Təzə Alvadı kənd orta məktəbi və parkı Qəhrəmanın adını daşıyır.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 66