ƏLİYEV İmamverdi Barat oğlu

ƏSƏDOV Rəfael Əvəz oğlu
ƏLİYEV Yavər Yaqub oğlu
SARIYEV Zaur Rəşid oğlu

(1.10.1950, İmişli r-nunun Qulubəyli k. – 15.11.1991, Hadrut r-nunun Şaqax k.) – Azərbaycanın Milli Qəhrəmanı (8.10.1992, ölümündən sonra).

1 oktyabr 1950-ci ildə İmişli rayonunun Qulubəyli kəndində doğulmuşdur. 1969-cu ildə Kürdmahmudlu kənd orta məktəbini bitirdikdən sonra İmişli rayon Hərbi Komissarlığının göndərişi ilə Saatlı rayon 9 saylı texniki-peşə məktəbinin sürücülük kursuna daxil olmuşdur. 1970-ci ildə sürücü peşəsinə yiyələnib, hərbi xidmətə gedir. 1972-ci ildə ordudan tərxis olunur və Bakı şəhəri Yasamal rayon Daxili Işlər Şöbəsində sürücü-milis nəfəri kimi əmək fəaliyyətinə başlayır. 1973-77-ci illərdə o, Bakı Maliyyə-Kredit Texnikumunun tələbəsi, 1978-ci ildə isə Bakı Xüsusi Milis Məktəbinin kursantı olmuşdur. İ.Əliyev təhsilini başa çatdırdıqdan sonra DİN-nin göndərişi ilə İmişli rayon DİŞ-nin mühafizə bölməsində baş inspektor vəzifəsində çalışır.
1987-ci il. . . Artıq o, İmişli RDİŞ-də sahə müvəkkili işləyirdi.
90-cı illər… Torpaqlarımızın bütövlüyü uğrunda qanlı döyüşlər başlanmışdı. Bir azərbaycanlı kimi İmamverdi Əliyevin də ürəyində düşmənə qarşı nifrət hissi alovlanırdı. 1991-ci ildə İmişli RDİŞ-nin bir qrup əməkdaşını Cəbrayıl rayon DİŞ-nə ezam etdilər. Onların arasında İ.Əliyev də vardı. O, dəfələrlə ölümlə üzbəüz gəlsə də, çevikliyi, döyüş əzmi sayəsində bütün xatalardan qurtula bilmişdi. Ağır döyüşlərdə düşmənin 4 tankını sıradan çıxarmışdı.
15 noyabr 1991-ci il… Erməni yaraqlıları Hadrut rayonunun Şaqax kəndinə hücuma keçmişdi. Yüzlərlə erməni yaraqlısına qarşı cəmi 17 nəfər polis əməkdaşı döyüşürdü. On saatdan artıq davam edən bu ölüm-dirim savaşında düşmən xeyli itki verdi. Döyüşdə xüsusi rəşadət göstərən İmamverdi Əliyev qəhrəmancasına həlak oldu.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əliyev İmamverdi Barat oğluna ölümündən sonra “Azərbaycamn Milli Qəhrəmanı” adı verilmişdir.
İmişli rayonunda dəfn edilmişdir.
Adına İmişli rayonunda küçə var. Qulubəyli kənd orta məktəbi də Qəhrəmanın adını daşıyır. İmişli rayon Daxili İşlər Şöbəsi binasının önündə büstü qoyulmuşdur.
 Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 85