Əsrlər boyu davam edən erməni təcavüzü

“Şuşa boşdur…” – Heç kəsin danışmaq istəmədiyi 3 fakt
“Qarabağ münaqişəsinin həlli güclü cəmiyyətin formalaşdırılmasından keçir”
“Sözügedən “konstitusiya islahatları”nın heç bir qanuni əsası yoxdur”

Tarixi faktlar və reallıqlar

Ermənilər dəfələrlə Azərbaycana təcavüz ediblər, türklərə qarşı soyqırım aktları törədiblər. Bütün bunlar təsadüfi deyil və ermənilər bu addımları planlı şəkildə atıblar. Bunun arxasında türk düşmənçiliyi ilə yanaşı, “Böyük Ermənistan” ideyası da dayanır. Bu gün bir erməni uşağının beyninə türklərə qarşı nifrət yeridilir, tarixi Azərbaycan torpaqları erməni torpağı kimi qələmə verilir. Bu uşaqlar böyüyüb siyasətçi, hərbçi, jurnalist, idmançı olur və hər yerdə bizə qarşı düşmən mövqedə dayanırlar. Əslində bu xəstə təfəkkür ilk növbədə onların özünə zərbə vurur. Bu gün təcrid olunmuş vəziyyətə düşən Ermənistan yenə də ənənəsinə sadiq qalaraq düşmən mövqedə dayanır, Azərbaycan torpaqlarına iddialarından geri çəkilmir, Dağlıq Qarabağla bağlı danışıqlarda qeyri-konstruktiv mövqe tutaraq status-kvonu uzatmağa çalışırlar. Ermənilərin bu xəstə təfəkkürü Azərbaycana, həmçinin türklərə qarşı olan bir sıra qlobal güclərin işinə də yarayır. Onlar dəfələrlə ermənilərdən bu məqsədlə alət kimi sitifadə eiblər və onlar yenə də istifadə obyekti olaraq qalırlar. Erməni təcavüzünün kökündə məhz bu amillər dayanır.

Soyqırım və etnik təmizləmə

Təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə – 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırım və etnik təmizləmələrə məruz qalıblar.
Daşnaksütun Partiyasının qarşıya qoyduğu əsas vəzifə “Böyük Ermənistan” ideyası idi. Bu planın da əsas hədəfi Azərbaycan torpaqları və azərbaycanlılar idi ki, hələ də bu anormal düşüncə tərzinin dəyişmədiyinin şahidi oluruq.
XX əsrin əvvəllərində erməni millətçiləri azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətini həyata keçirməyə başladılar.
1905-1907-ci illərdə ermənilər tərəfindən Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə əhali amansızlıqla qətlə yetirilib, şəhər və kəndlər yandırılıb, dağıdılıb.
Erməni silahlı dəstələri Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında, İrəvan və Gəncə quberniyalarında azərbaycanlılar yaşayan 200-dən artıq yaşayış məntəqələrini viran qoyub, on minlərlə soydaşımız öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşüb. Ermənilər 200 mindən artıq azərbaycanlını fərq qoymadan qətlə yetirməklə həmin ərazilərdə etnik təmizləmə aparıblar.
Erməni silahlı qüvvələri tərəfindən 1917-ci ilin əvvəllərindən 1918-ci ilin mart ayına qədər olan dövrdə İrəvan quberniyasında 197 kənd, Zəngəzur qəzasında 109, Qarabağda 157 kənd dağıdılıb, digər bölgələrdə 60 yaşayış məskəni məhv edilib, yandırılıb və viran qoyulub.

Bəşəri cinayət

Bolşeviklərin, o cümlədən, Leninin himayəsi altında Şaumyan Bakı Komunnasının rəhbəri oldu və onun başçılığı ilə 1918-ci ilin martında ermənilər tərəfindən dinc azərbaycanlılara qarşı əsl soyqırım törədildi. Martın 31-də və aprelin ilk günlərində qırğınlar kütləvi xarakter aldı. Həmin günlərdə erməni-bolşevik birləşmələri Bakıda 12-15 min dinc azərbaycanlını qətlə yetirdilər. Ermənilərin basqını nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan xüsusi qəddarlıqla qətlə yetirilib, 162 kənd dağıdılıb ki, onlardan 35-i hazırda mövcud deyil.
Bundan əlavə, Azərbaycanın yüzlərlə yaşayış məntəqəsi, o cümlədən, Qarabağda 150-dən çox kənd dağıdılıb və yandırılıb, eləcə də Şuşada azərbaycanlılara qarşı amansız qırğınlar törədilib.
Ümumilikdə erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında 700 mindən çox, o cümlədən, Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilib. Eyni zamanda Zəngəzur qəzasında 10 min, Şamaxı qəzasında (şəhərlə birlikdə) 16 min, İrəvan quberniyasında 132 min azərbaycanlı amansızlıqla öldürülüb.
1918-1920-ci illərdə indiki Ermənistan ərazisində yaşamış 575 min azərbaycanlının 565 min nəfəri öldürülüb və doğma torpağından didərgin düşüb.
Azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə amansız şəkildə davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilib, bir milyondan çox əhali öz doğma torpaqlarından didərgin salınıb.

Deportasiya ənənəsi

1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçu və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarına əsasən, 150 minə yaxın soydaşımız zorakılıqla deportasiya olunub.
XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiaları irəli sürdülər. Təcavüzkar Dağlıq Qarabağdan 50 min azərbaycanlını soyqırıma məruz qoyub, didərgin salıb, eləcə də Ermənistandan 250 min azərbaycanlını tarixən yaşadığı torpaqlardan zorakılıqla deportasiya edib.
1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfər azərbaycanlı həlak olub, 100 000 nəfərdən çoxu yaralanıb, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub. 4853 nəfər itkin düşüb, onlardan 1357 nəfəri əsirlikdən azad edilib, 783 nəfəri isə hələ də Ermənistanda əsirlikdədir. Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, 439 nəfər əsirlikdə ölüb.
1992-1994-cü illərdə daha da kəskinləşən təcavüz siyasəti Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hərbi təcavüzü formasını alıb. Xocalı şəhərinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş işğalı xüsusi qəddarlıqla seçilən faciə kimi XX əsrin bəşəriyyətə qarşı cinayətlərinin qara siyahısına daxil olub ki, orada qoca, qadın və uşaq da daxil olmaqla 613 dinc sakin vəhşicəsinə qətlə yetirilb.
Bunun ardınca 1992-93-cü illər ərzində Ermənistanın xaricdən dəstəklənən silahlı qüvvələri Azərbaycan ərazisinin beşdə birini işğal ediblər. Beləliklə, münaqişə nəticəsində təqribən bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
1994-cü il mayın 12-dən Ermənistan-Azərbaycan münaqişəsinin tərəfləri arasında atəşkəs rejimi əldə olunub.
Bu problem Azərbaycan tərəfindən qəti şəkildə qaldırıldığı və bütün bölgənin təhlükəsizliyinə ciddi təhdidlər törətdiyi üçün beynəlxalq ictimaiyyətin diqqətindən də kənarda qalmayıb. BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib. Bu qətnamələrin hər biri Azərbaycana qarşı erməni təcavüzünün növbəti mərhələsindən sonra qəbul olunub.

Köçürülmə siyasəti

Erməni təcavüzünün tərkib hissələrindən biri də köşürülmə siyasətidir. Tarixin müxtəlif mərhələlərində ermənilər Azərbaycan torpaqlarına köçürülərək, burada yerləşdiriblər ki, bu da yaxın və uzaq perspektiv üçün nəzərdə tutulan işğalçılıq siyasətinə hesablanıb. Burada böyük dəstəkçi rolunda isə çar Rusiyası çıxış edib.
Tarix elmi üzrə fəlsəfə doktoru, İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı qeyd edib ki, 1827-ci ilə qədər Şimali Azərbaycana 80 min rus kazakının köçürülməsi planı var idi: “Lakin Qirbayedov Tiflisdə diplomatik şöbəyə rəhbərlik etdiyi dövrdə bu planı rədd edərək, ermənilərin köçürülməsi ideyasını verib və bu fikrin rəsmi dairələrdə təsdiqinə nail olub. Bu proses İrəvanda milliyətcə erməni olan polkovnik Lazarevin rəhbərliyi ilə həyata keçirilib. Qısa müddətə 8 min erməni ailəsi (40 min nəfər) Şimali Azərbaycan torpaqlarında yerləşdirildi. Köçürülən ermənilərə Rusiya xəzinəsi və İrandan alınmış müharibə xərcləri hesabına maliyyə yardımı da edilirdi. Ümumiyyətlə, 1828-ci ildən 1913-cü ilə kimi mərhələ-mərhələ Şimali Azərbaycan ərazisinə 1 milyon nəfər erməni köçürülüb”.

Dağıdılan tarixi abidələr və milyardlarla maddi ziyan

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov bildirib ki, 903-ü rəsmi Dövlət qeydiyyatında olmaqla Azərbaycanın bizə məlum olan 2550 adda tarix və mədəniyyət abidəsi erməni işğalı altındadır. Onun sözlərinə görə, bu abidələrdən: 609-u yerli əhəmiyyətli, 285-i ölkə əhəmiyyətli, 13 ədədi Beynəlxalq əhəmiyyətli, 1647 abidə isə hələlik dövlət qeydiyyatında olmayan abidələrdir.
Ermənistanın Mədəniyyət Nazirliyinin rəsmi hesanatında bildirilir ki, 2011-ci ildən başlayaraq Dağlıq Qarabağda 120 istiqamət üzrə aparılan tədqiqat zamanı bu ərazilərdə 4000 minə yaxın tarix və mədəniyyət abidələri qeydə alınıb. Erməni mənbələrindən məlum olur ki, onlar işğal dövrü hazırladıqları 1450 ədəd xaçdaşlarını, o cümlədən, yeni inşa edilən erməni kilsələrini də tarixi abidə kimi qeydə alaraq Qarabağın tarix və mədəniyyət abidələri siyahısına daxil ediblər.
Erməni tarixçisi Şahen Mkrtçyanın 2006-cı ildə İrəvanda nəşr etdirdiyi “Qarabağın memarlıq abidələri” kitabında Qarabağdakı abidələrin saxtalaşdırılmış adları, tarixləri və mövcud olduqları yerlər göstərilib.
Əslində isə ermənilərin Qarabağda mövcudluğunu iddia etdikləri 4000 abidənin 1450 ədədinin ermənilər tərəfindən işğal dövrü yonularaq qoyulan müasir xaçdaşları və yeni tikdikləri erməni kilsələridir. Əslində isə tərəfimizdən aparılan tədqiqatlar nəticəsində məlum oldu ki, işğal altındakı ərazilərdəki daşınmaz tarix və mədəniyyət abidələrin ümumi sayı 2550-dən çox deyildir”.
F.İsmayılov həmçinin əlavə edib ki, ümumilikdə işğal dövrü Ermənistan tərəfindən Azərbaycanın işğal altındakı tarix və mədəniyyət abidələrinə 177 milyard dollar zərər dəyib.

Transmilli erməni terrorizmi

Artıq beynəlxalq aləm də erməni təcavüzü ilə bağlı məlumatlıdır və bu, uzun və gərgin fəaliyyətin nəticəsidir. Son zamanlar əcnəbi jurnalistlərin, alimlərin və siyasətçilərin erməni təcavüzü ilə bağlı çıxışları bu qəbildəndir və müsbət tendensiyadır.
Rusiyalı alim, tarixçi, siyasi şərhçi Oleq Kuznetsov bildirib ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyi tam ədalətli, qanuni və hüquqi cəhətdən nöqsansızdır: “Dağlıq Qarabağ və onun ətrafındaklı 7 rayon Ermənistan Respublikası tərəfindən işğal olunub. Bu ərazidə heç bir Artsax dövləti mövcud ola bilməz. Bundan başqa, Ermənistanın Azərbaycana qarşı təcavüzü dövlətlərarası müharibə deyil, bu transmilli erməni terrorizminin Azərbaycan xalqına və onun suveren dövlətinə qarşı təcavüzüdür. Buna görə də indi Azərbaycanın işğal olunmuş ərazilərində Artsax adlandırılan qurum əslində terrorçu dövlətdir. Bu dövlət həm təşkilatlanma forması baxımından, həm fəaliyyət metodları, həm də mahiyyət etibarilə başqa bir terrorçu dövlət – Suriya və Livan ərazisində fəaliyyət göstərən İŞİD İslam Dövlətindən çox da fərqlənmir”.

Əli İbrahimov

http://xalqcebhesi.az/news.php?id=20579

Müəllif müsabiqənin xüsusi diplomuna layiq görülüb