ƏLİYEV Nadir Alış oğlu

NAĞIYEV Dilqəm Heydər oğlu
NƏCƏFOV Yunis İsa oğlu
MƏMMƏDOV Xanoğlan Sadıq oğlu

(30.7.1962, Ağdam r-nunun Əliağalı k. – 1993, Ağdam r-nunun Qiyaslı k.) – Azərbaycanın Milli Qəhrəmanı (9.10.1994, ölümündən sonra).

30 iyul 1962-ci ildə Ağdam rayonunun Əliağalı kəndində doğulmuşdur. 1977-ci ildə Əliağalı kənd orta məktəbinin səkkizinci sinfini bitirib, ailəsi ilə birlikdə Bakıya köçmüşdür. Elə həmin il Bakı Politexnik Texnikumuna daxil olmuşdur. 1981-ci ildə texnikumu fərqlənmə diplomu ilə bitirmiş, az sonra hərbi xidmətə çağırılmışdır.
O, 1983-cü ildə əsgəri xidmətini Qazaxıstanın Leninsk şəhərində başa vurub, Bakı Tunel Tikinti İdarəsində əmək fəaliyyətinə başlayır. Bir il tikintidə çalışdıqdan sonra 1984-cü ildə sənədlərini Bakı Dövlət Universitetinə verir və hüquq fakültəsinə daxil olur. 1986-cı ildə bir neçə tələbə ilə birlikdə onu Moskva DTK-nin Dzerjinsk adına Ali Hərbi Məktəbinə göndərirlər. Nadir Əliyev 1991-ci ildə təhsilini əla qiymətlərlə başa vurub Bakıya dönür. Yüksək biliyini, təcrübəsini nəzərə alaraq, onu Milli Təhlükəsizlik Nazirliyinə işə qəbul edirlər. O, burada işləyə-işləyə BDU-da yarımçıq qalmış təhsilini də başa çatdırır. Nadir Vətənini, doğma torpağını öz canından artıq sevirdi. Qarabağda başlanan müharibə minlərlə insanı yurdsuz-yuvasız qoymuşdu. Nadirin qəlbində qəzəb odu alovlanırdı. Öz xahişilə onu döyüş bölgəsinə göndərirlər. N.Əliyev Qarabağ və ətraf rayonlarda işlədiyi dövrdə cəsur bir döyüşçü, əməliyyatçı və həssas bir insan kimi əhalinin ümid yerinə çevrilmişdi. Nadir Əliyev baş əməliyyat müvəkkili kimi Ağdam, Şuşa, Ağdərə, Ağcabədi rayonlarında əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün əlindən gələni əsirgəmirdi.
1993-cü ilin iyul ayının əvvəlləri… Ağdam sanki can üstəydi. Erməni silahlı qüvvələri bu bölgəni üzük qaşı kimi mühasirəyə almışdı. Vaxt ötdükcə mövqelərimiz daralır, qədim bir yurd yenə əlimizdən çıxırdı. Belə bir çətin günlərdə bəzi hərbi hissə rəhbərləri də ərazini sahibsiz qoyub geri çəkilirdi. Düşmən Qiyaslı kəndi istiqamətindən böyük qüvvə ilə Ağdam şəhərinə girməyə can atırdı. Baş leytenant N.Əliyev əlavə qüvvələrin göndəriləcəyi ümidi ilə öz dəstəsinə irəli atılmağa əmr etdi. Qeyri-bərabər döyüş başlandı. Düşmən qüvvələri sayca çox olduğundan dəstəmiz çətin durumda qalmışdı. Atışma demək olar ki, qabaq-qənşər gedirdi. Elə bu an atılan güllələrdən biri Nadirin sinəsini dəlib keçdi. O, ana yurdu Ağdamın qoynunda əbədiyyətə qovuşdu.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü ıl tarixli 218 saylı fərmanı ilə Əliyev Nadir Alış oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Suraxanı rayonundakı 282 saylı orta məktəb Qəhrəmanın adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 86-87