Hörmətli oxucular!
|
 Azərbaycan Ermənistanın Avropada Adi Silahlar üzrə Müqavilənin (AASQM) müəyyən etdiyi məhdudiyyətləri aşması haqqında faktlara malikdir. “Ermənistan adi silahların göstərilən həddini 70 vahiddən çox aşıb və bizdə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində 300-dən artıq zirehli maşının yerləşdirməsi barədə məlumat var”, - çərşənbə günü Trend News-a Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim deyib.
|
 Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkisində seçki fondlarına vəsaitin daxil olması, xərclənməsi uçotunun aparılması və hesabatı qaydaları haqqında təlimatı təsdiq edib. “Prezidentliyə namizədlərin Seçki Fondu məbləğinin yuxarı həddi 10 milyon manatdan çox ola bilməz”, çərşənbə günü Trend News-a MSK-dan məlumat verilib.
|
 “Cəzaların İcrası və Cinayət-Prosessual məcəllələrinə əlavə və dəyişikliklərin edilməsi haqqında” Qanunda məhkumların təhsil almaq hüququnun genişləndirilməsi, yazışmalarda senzuranın məhdudlaşdırılması, əməklə məşğul olan məhkumların əmək haqlarından tutulmaların azaldılması, onların maddi-məişət təminatlarının dövlət tərəfindən ödənilməsi, ömürlük azadlıqdan məhrum edilmiş məhkumlar üçün əlavə güzəştlərin müəyyən olunması nəzərdə tutulub.
|
 Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqəyə 357 layihə təqdim olunub. Bu barədə APA-ya açıqlamasında şurasının üzvü Əliməmməd Nuriyev bildirib. Şura üzvü artıq layihələrin təqdim olunması prosesinin başa çatdığını deyib.
|
 Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova müraciət edib. AMİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə MSK üzvləri və qurumun məsul şəxsləri siyasi bəyanatlar verməməyə çağırılıb. AMİP xüsusən də MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin cəzalandırılmasını tələb edib.
|
 Gələn həftə Bakı şəhərində Etalon Mərkəzinin rəsmi açılış mərasimi keçiriləcək. «APA-Economics»in bildirdiyinə görə, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin (SMPDA) baş direktoru Ramiz Həsənov məlumat verib. R.Həsənovun sözlərinə görə, artıq mərkəzin binasında təmir işləri başa çatıb. Agentliyin Avropa şirkətlərindən aldığı 9 etalon ölkəyə gətirilib: «Bunlar çəki, temperatur və təzyiq etalonlarıdır.
|
 Bu ilin oktyabrında Bakıda Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə birlikdə “Müəlliflik hüququ və yayım təşkilatları” mövzusunda beynəlxalq seminar keçiriləcək. Azərbaycan Müəllif Hüquqları Agentliyindən APA-ya verilən məlumata görə, beynəlxalq ekspertlərin iştirak edəcəyi seminarda kollektiv idarəetmə təşkilatlarının üzləşdiyi problemlər müzakirə ediləcək.
|
 ATƏT-in təşəbbüsü ilə “Qırmızı körpü” sərhəd zastavasında ilk dəfə olaraq Azərbaycan və Gürcüstan sərhəd və gömrük əməkdaşları üçün sərhədlərarası əməkdaşlığa dair praktiki seminar keçirilir. ATƏT-in Bakı ofisinin mətbuat katibi Rəşad Hüseynov APA-ya bildirib ki, seminar iyulun 16-17-də keçiriləcək. Seminarda Azərbaycan Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətindən 10 zabit, Gürcüstan tərəfdən isə 12 zabit qatılacaq.
|
 Xəzərin hüquqi statusuna dair sahilyanı dövlətlərin işçi qruplarının növbəti toplantısı iyulun 23-24-də Bakıda keçiriləcək. Bu barədə APA-ya Azərbaycanın İranda fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov məlumat verib. Onun sözlərinə görə, işçi qrupunun toplantısında iştirak etmək üçün İran xarici işlər nazirinin birinci müavini Əlirza Şeyx Əttar da Bakıya gələcək.
|
 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Təqaüd Proqramı» çərçivəsində 2009-2010-cu tədris ilində xaricdə magistr təhsili almaq üçün sənəd qəbulu elan edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib. İddiaçılar Azərbaycan vətəndaşı olmalı, 35 yaşından yuxarı olmamalı, TQDK-nın xətti ilə keçirilən test imtahanından neft ixtisasları üzrə ən azı 70 bal, qeyri-neft ixtisasları (iqtisadçı, maliyyəçi, hüquqşünas və s.) üzrə ən azı 75 bal toplamalı, TOEFL, IELTS, DSH xarici dil imtahanlarının verilməsi barədə sertifikatlar təqdim etməlidirlər.
|
 Penzanın «Surakar» Ticarət Evi (Rusiya) ilə «Azərbaycan Alüminiumu» ASC arasında ticarət əməkdaşlığına dair saziş imzalanıb. «APA-Economics»in məlumatına görə, sənəd «Azərbaycan Alüminiumu» ASC-nin istehsalatla bağlı tələbatının ödənilməsi üçün detal və avadanlıqların tədarükünün təşkilini nəzərdə tutur. «Surakar»ın məhsullarının ilk iki partiyası artıq Azərbaycana göndərilib.
|
 Azərbaycanın müxalif Azərbaycan Demokrat Partiyasının (ADP) keçmiş üzvləri olmuş və hazırda siyasi fəaliyyətlərini Azərbaycan Yolu Siyasi Hərəkatında (AYSH) davam etdirən bir qrup şəxs ADP sədri Sərdar Cəlaloğluya müraciət ünvanlayıb. Bu barədə bir qrup keçmiş ADP-çinin Trend News-a çərşənbə günü daxil olan müraciətində bildirilib.
|
 Azərbaycanın Mətbuat Şurası Daxili İşlər Nazirliyi ilə prezident seçkisiylə bağlı keçiriləcək aksiyalarda jurnalistlərin təhlükəsizliyinin artırılması məqsədilə birgə layihələr həyata keçirir. «Bizim birgə layihəmiz var və bu layihə nəticəsində əksər redaksiyalara üzərində «press» sözləri yazılan göy rəngli xüsusi gödəkcələr paylanıb», çərşənbə günü Trend News-a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
|
|
|