Hörmətli oxucular!
|
 Azərbaycan beynəlxalq qurumları işğal altında olan bölgələrində törədilən yanğınlara münasibətdə ermənilərin maraqlarından çıxış etməkdə günahlandırıb. «ATƏT və BMT Qarabağda Azərbaycanın iştirakı ilə erməni qoşunlarını kənara çəkərək, ekoloji tədbirlər görmək əvəzinə ermənilərə maliyyə yardımları edərək, yanğınların qarşısını almağın mümkün olması barədə təkliflər verməyə başlayıblar», Trend News-un məlumatına görə, bunu cümə günü ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.
|
 Azərbaycanda prezident seçkisinə rəsmən start verildikdən sonra müxalifətin vahid mövqedən çıxış etməsi istiqamətində danışıqların başlanılması nəzərdə tutulur. «Təcrübə göstərir ki, seçki kampaniyasına start veriləndən sonra da fərqli mövqelərdən çıxış edən partiyalar razılığa gələ bilirlər və bir-birlərinə güzəştə gedirlər. Ona görə də mən güman etmirəm ki, müxalifətin birləşməsi imkanları tükənib», cümə günü Trend News-a Azərbaycan Naminə İctimai Forumun rəhbəri, seçkilərə müstəqil şəkildə qatılacağını bildirən Eldar Namazov deyib.
|
 Növbəti həftə Moskvada Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla nizamlanması məsələlərini müzakirəsi planlaşdırılır. “Moskvada ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla danışıqları nəzərdə tutulub”, - ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov News-a bildirib. Rusiyalı vasitəçi Moskvadan telefonla bildirib ki, bu görüşə dair nazirlərin razılığı alınıb və onun tarixi və formatını dəqiqləşdirmək qalır.
|
 Azərbaycanda prezident seçkisi ilə bağlı televiziya kanallarının və bir qrup qəzetin monitorinqinin həyata keçirilməsinə başlanılıb. «Monitorinq obyekti olaraq 7 telekanalın - ANS, ATV, AzTV, ITV, «Lider», «Space» və «Xəzər»in hər gün saat 18.00-dan 24.00-dək olan verilişləri və 6 gündəlik qəzetin - «Azadlıq», «Azərbaycan», «Yeni Müsavat», «Xalq qəzeti», «Zerkalo», «525-ci qəzet»in bütün materialları seçilib», Trend News-un məlumatına görə, bunu cümə axşamı keçirdiyi mətbuat konfransında «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyib.
|
 Azərbaycanda prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat səsvermə gününə 28 gün qalmış başlayacaq və səsvermə gününə 24 saat qalmış dayandırılacaq. Bu barədə cümə günü Trend News-a MSK-nın katibi Natiq Məmmədov məlumat verib. Azərbaycanda prezident seçkisinin oktyabrın 15 - də keçirilməsi nəzərdə tutulur. MSK-nın cümə günü keçirilən iclasında seçkilərdə kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında təlimat qəbul edilib.
|
 Azərbaycanın Mərkəzi Seçki Komissiyası yerli və beynəlxalq müşahidəçiləri prezident seçkisində fəal olmağa və müşahidəni aşkar şəkildə aparmağa çağırıb. «Yerli və beynəlxalq müşahidəçilərdən əsas tələbimiz odur ki, prosesi şəffaf şəkildə müşahidə etsinlər. MSK indiyədək keçirilən seçkilərdə müşahidəçilərin fəaliyyətindən razı qalmayıb», - Trend News – un məlumatına görə, bu barə MSK sədri Məzahir Pənahov qurumun cümə günü keçirilən iclasında bildirib.
|
 Azərbaycan gənclər və idman nazirliyi qeyri-hökumət təşkilatına narkomaniyaya qarşı mübarizə məqsədilə yeddi min manat məbləğində qrant ayırıb. Pilot layihəsi Azərbaycanın Ağcabədi rayonunda həyata keçiriləcək. Statistikaya əsasən, ölkədə 21 080 narkoman qeydə alınıb. Onların əsas hissəsini gənclər təşkil edir. Keçən illə müqayisədə, qeydə alınan narkomanların sayı 3 min nəfər artıb.
|
 ABŞ Dövlət Departamenti Azərbaycanın Əlyazmalar İnstitutuna 50 min dollardan çox qrant ayırıb. Vəsaitlər nadir əlyazmaların əsas kolleksiyasının saxlanılmasına yönəldiləcək. Qrant köhnə istilik və soyuducu sistemini yeniləmək, əlyazmaların saxlanıldığı otaqlarına, onların nümayiş zallarına yeni elektrik xətlərinin çəkilməsinə və yanğından nəzarət sistemilə təsis olunmasına kömək edəcəkdir.
|
 Trend News-un Azərbaycan Prezidenti Aparatı siyasi analiz və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovla müsahibəsi - Azərbaycanda milli mətbuatın yaradılmasının növbəti ildönümü qeyd edilir. Siz, digər MDB ölkələri ilə müqayisədə, Azərbaycandakı KİV-in vəziyyətini necə qiymətləndirirsiniz?- Hər şeydən əvvəl, milli mətbuatın yaradılmasının növbəti ildönümü münasibətilə Azərbaycanda söz azadlığı naminə işləyənlərin hamısını təbrik etmək istəyirəm.
|
 Azərbaycanın Mətbuat Şurası qarşıdan gələn prezident seçkiləri ilə bağlı sənəd hazırlayır. «Tezliklə siyasi partiyaların rəhbərlərini və onların təsisçisi olduğu qəzetləri bir araya gətirib, etik prinsiplərə əməl etməyi nəzərdə tutan sənədin qəbulunu planlaşdırırıq», - bu barədə cümə günü Trend News -a Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.
|
 ABŞ Nümayəndələr Palatasının xarici proqramlar üzrə alt komitəsində Azərbaycana ayrılan hərbi yardımın ixtisar olunması ilə bağlı təklifin əleyhinə səs verənlərin əksəriyyəti ermənipərəst konqresmenlər olub. APA-nın ABŞ bürosunun məlumatına görə, Konqresin Ermənistan üzrə işçi qrupunun həmsədri Co Nollenberqin irəli sürdüyü təklif qrupun digər üzvləri tərəfindən dəstəklənməyib.
|
 Avropa Şurasının Venesiya Komissiyası Bakıda seçki prosesində şikayətlərə baxılması mexanizmlərinə həsr olunmuş tədbir keçirəcək. Bu barədə APA-ya Venesiya Komissiyasının seçki və referendumlar şöbəsinin eksperti Sergey Kuznetsov məlumat verib. Onun sözlərinə görə, tədbirdə iştirak etmək üçün Bakıya VK-nın ekspertlərindən ibarət nümayəndə heyəti gələcək. Tədbirin gələn ay təşkil olunması planlaşdırılır.
|
 Azərbaycan və Türkiyənin müdafiə sənayesi dövlət qurumları arasında əməkdaşlıq memorandumunun və niyyət protokolunun imzalanması planlaşdırılır. Bu barədə «APA-Economics»ə Azərbaycan Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib. Artıq bununla bağlı Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Türkiyə Milli Müdafiə Nazirliyi Müdafiə Sənayesi Müşavirliyinin rəhbərliyi arasında ilkin razılıq əldə olunub.
|
 Sumqayıt Şüşə Zavodu istehsala başlayandan sonra Azərbaycanda pəncərə şüşəsinin qiyməti 2-3 dəfə düşə bilər. Bunu «APA-Economics»ə açıqlamasında «Xəzər» Səhmdar Cəmiyyətinin prezidenti Qüdrət Kərimov bildirib. Q.Kərimovun sözlərinə görə, hazırda ölkədə şüşəyə olan illik tələbat 14 mln. kvadrat metr təşkil edir və bu həcm əsasən idxal hesabına ödənilir.
|
 Bu il Azərbaycanla bir sıra ölkələr arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsinə dair sazişlərin imzalanması planlaşdırılır. Bu barədə «APA-Economics»ə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin (SMPDA) beynəlxalq əlaqələr şöbəsinin müdiri Sabiq Abdullayev məlumat verib.
|
|
Azərbaycanın neft və qazı İsrail, Hindistan və Çinə ixrac olunacaqAzərbaycan öz neft və təbii qazını ilk dəfə olaraq Türkiyənin Ceyhan limanından boru xətləri şəbəkəsi ilə İsrail və Hindistan üzərindən Çinə qədər ərazini əhatə etməklə Uzaq Şərq ölkələri bazarına çıxarmaq imkanı əldə edəcək.
|
 İyulun 21-də Bakıda Koreyanın «SK C&C Co. Ltd.» şirkətinin Azərbaycan nümayəndəliyinin açılış mərasimi keçiriləcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Nəqliyyat Nazirliyindən məlumat verilib. Şirkətin Azərbaycan nümayəndəliyi Bakı şəhərində «Nəqliyyatın intellektual idarə olunması sisteminin yaradılması Layihəsi» üzrə çalışmalar həyata keçirəcək. Cari ilin sentyabr ayının sonunda isə paytaxtda sistemin qurulmasına başlanılacaq.
|
|
|