|
|
 Azərbaycanda ilk dəfə informasiya texnologiyaları mütəxəssislərini özünə birləşdirən İT Klub yaradılıb. «APA-Economics»in məlumatına görə, klubun vitse-spikeri Murad Qasımov bildirib ki, «Caspel» şirkətinin dəstəyi və İBM korporasiyasının sponsorluğu ilə yaradılan bu qeyri-kommersiya təşkilatı Azərbaycanda İKT-nin inkişafına xidmət edəcək. M.Qasımovun sözlərinə görə, Azərbaycanda İT sektoru neft sektorundan sonra daha yüksək inkişaf etmiş ikinci sahə hesab edilsə də, İT mütəxəssislərinin birlikdə yeni imkanlarla bağlı müzakirə aparmaq imkanı olmayıb.
|
 Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü Rusiyanın Azərbaycandakı səfirliyinin binası qarşısında piket keçirib. APA-nın məlumatına görə, aksiyada Rusiyanın Gürcüstan ərazisi olan Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini rəsmi şəkildə tanıması pislənilib. Aksiya iştirakçıları Rusiya Silahlı Qüvvələrinin Gürcüstandan çıxarılmasını tələb ediblər. Aksiyada “Rusiya işğalçılıqdan əl çək” və digər şüarlar səsləndirilib. Piketin bəyanatı isə səfirliyə təqdim olunub.
|
 Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın razılaşdırılması üzrə xüsusi işçi qrupun 23-cü iclası sentyabrın 4-5-də Bakıda keçiriləcək. Xarici İşlər Nazirliyi mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclas “Gülüstan” sarayında baş tutacaq. Xatırladaq ki, bu görüşün iyulun 23-24-də keçirilməsi gözlənilsə də, toplantı iştirakçıların xahişi ilə təxirə salınmışdı. İclasda Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İranın xarici işlər nazirləri müavinlərinin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak edəcək. Görüşdə Xəzərin statusu haqqında Konvensiyanın mətni üzərində müzakirələr aparılacaq.
|
 Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Türkiyəyə səfəri davam edir. APA-nın məlumatına görə, XİN başçısı ilk olaraq həmkarı Əli Babacanla görüşüb. Görüş mətbuat nümayəndələri üçün qapalı keçirilib. Qeyd edək ki, Esenboğa hava limanında jurnalistlərə açıqlama verən Elmar Məmmədyarov türkiyəli həmkarı Əli Babacanla bu ölkənin irəli sürdüyü Qafqaz Sabitlik Paktının yaradılması təşəbbüsünü müzakirə edəcəyini bildirmişdi.
|
 Rusiya Gürcüstandakı səfirliyini bağlayır. Rəsmi Moskva Gürcüstan hakimiyyətinin Rusiya ilə diplomatik əlaqələri kəsmək barədə qərar verməsindən sonra belə bir addım atmaq niyyətinə düşüb. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib. Lakin məlumat Rusiya XİN rəsmiləri tərəfindən hələlik təsdiqləməyib.
|
 “Beynəlxalq hüquq artıq yoxdur, dünyanı siyasi maraqlar idarə edir. Bu siyasi maraqlar ölkələrin yox, siyasi liderlərin maraqlarıdır”. APA-nın məlumatına görə, bu fikirləri AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Rövşən Mustafayev bu gün Cənubi Qafqazdakı durumla bağlı politoloq və hüquq müdafiəçilərin iştirakı ilə keçirilən dəyirmi masada deyib. O hesab edir ki, regionda vəziyyət birmənalı deyil: “1945-ci il sxemi yenidən reallaşa bilər, sadəcə bu dəfə Rusiyanın qarşısını almaq üçün İran seçilə bilər. İstənilən halda bu sxem Azərbaycan üçün əlverişli deyil. İndiki vəziyyətdə ABŞ Ermənistanı Rusiyadan ayırmaq istəyir və bu işdə Türkiyənin rolundan istifadə edir”.
|
 Oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Müşahidə Missiyasının rəhbəri, Sloveniyanın keçmiş xarici işlər naziri Boris Fırles sentyabrın 1-də Bakıya gəlir. ATƏT-in Bakı Ofisindən APA-ya verilən məlumata görə, B. Fırleslə birgə missiyanın əsas üzvlərindən olan daha 7 müşahidəçi də Azərbaycana gələcək. Uzunmüddətli müşahidəçilər rəsmi olaraq sentyabrın 7-dən fəaliyyətə başlayacaqlar və seçkilərə kimi onların sayı 30-a çatacaq.
|
 Gürcü diplomatlar Gürcüstanın Moskvadakı səfirliyindən geri çağırılır. Bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Qriqol Vaşadze cümə günü jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, icra hakimiyyəti Gürcüstan parlamentinin “Rusiyanın Gürcüstan ərazisini işğal etməsi haqqında” qərarını icra edir. Bu qərarın bəndlərindən biri Rusiya ilə diplomatik münasibətlərin kəsilməsini nəzərdən tutur. Gürcüstan XİN-dən bildiriblər ki, Rusiyada Gürcüstanın konsulluğu fəaliyyət göstərəcək.
|
 Sentyabrın 1 - də saat 15:00 -da Gürcüstana dəstək üçün canlı zəncir təşkil ediləcək. Hazırlıq işləri artıq başlayıb. Aksiyanın keçirilmə tarixi Avropa İttifaqının xüsusi iclasının keçirilməsi tarixi ilə üst-üstə düşüb. İclasda Gürcüstan məsələsinə baxılacaq. Aksiyada müxtəlif yaşlı və siyasi baxışlı insanlar iştirak edəcəklər.
|
 Gürcüstan azərbaycanlılarının «Qeyrət» Xalq Hərəkatının sədri Əlibala Əskərov Gürcüstan azərbaycanlılarının muxtariyyət tələbi ilə çıxış etmələri barədə informasiyaları təxribat xarakterli və əsasız hesab edir. «Gürcüstan azərbaycanlıları heç bir vaxt muxtariyyət tələb etməyiblər. Belə informasiyalar naməlum mənbələrdən yayılır və təxribat xarakteri daşıyır», - deyə cümə günü Trend News-a Tbilisidən telefonla Əskərov bildirib.
|
 Azərbaycanın Ədliyyə Nazirliyi yaxın vaxtlarda müxalif Açıq Cəmiyyət Partiyasını (ACP) dövlət qeydiyyatına alacaq. «Dəfələrlə nazirliyin məsul şəxsləri ilə görüşmüşük və bizdə belə bir əminlik var ki, yaxın vaxtlarda bu məsələ həllini tapacaq», - cümə günü Trend News-a ACP-nin funksioneri Yaqub Abbasov bildirib.
|
 Azərbaycanın müstəqil politoloqları hesab edirlər ki, müxalifətin yeni birlik yaratması mümkün olmayacaq. «Müxalifətin hansısa bir mərhələdə şəxsi ambisiyaları bir kənara qoyub, vahid mövqedən çıxış etmək bacarığı yoxdur», - deyə cümə günü Trend News-a politoloq Rasim Musabəyov bildirib. Politoloq qeyd edib ki, prezident seçkisinə və səsvermə günündən sonrakı dövrdə baş verən proseslərə müxalifət heç bir təsir göstərə bilməyəcək. Onun fikrincə, müxalifətin məsləhətləşmələri və birlik yaratmağı çox ləng gedir.
|
 Azərbaycanın müxalifət partiyalarının «dördlər» formatı fəaliyyətini dayandırmayıb. «Formatın növbəti toplantısının təşkil edilməsi növbəsi qurumda təmsil olunan «Azərbaycan Naminə» İctimai Forumun rəhbəri Eldar Namazovdadır. Hazırda Namazov Azərbaycandan kənardadır. İki - üç gündən sonra Namazov qayıdandan sonra «dördlər»in növbəti toplantısı keçiriləcək», deyə formatda təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu cümə günü Trend News-a bildirib.
|
 Azərbaycanın müxalifət partiyalarının Demokratik Seçki Mərkəzinin (DSM) formatının dəyişdirilməsi ilə bağlı müzakirələr təxirə salınıb. «DSM- də təmsil olunan partiyalarla məsləhətləşmələrdən sonra, toplantının gələn həftə keçirilməsi barədə razılıq əldə olunub», - deyə cümə günü Trend News- a DSM- də təmsil olunan Azadlıq partiyasının sədri Əhməd Oruc məlumat verib.
|
 Azərbaycan prezidentliyinə iddialı, müxalif Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Qəzənfəroğlu hakimiyyətin onun imzatoplama kampaniyasına yardım göstərməsi barədə iddiaları qəbul etmir. «Hakimiyyət bizim imzatoplama kampaniyamıza niyə yardım etməlidir? Sadəcə olaraq, bəzi seçkidə iştirak etməyən müxalifət partiyaları bizim gücümüzü yaxşı bilirlər və bu səbəbdən belə məsələlərdə adımızı hallandırmaq, bizim işimizə kölgə salmağa cəhd etmək məcburiyyətində qalırlar»,- cümə günü Trend News-a Qəzənfəroğlu bildirib.
|
 Azərbaycanın Neftçala rayonunun Qaraqaşlı kəndində bu gün müasir texnologiya əsasında İtaliya, ABŞ, Almaniya və Belçika istehsalı olan avadanlıqlarla təchiz olunmuş sutəmizləyici qurğu istifadəyə verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən cümə günü Trend News-a verilən məlumata əsasən, Qaraqaşlı kəndinin 1050 nəfər əhalisi 8 bulaq vasitəsilə gün ərzində 20 kubmetr su təmizləmə gücünə malik modul tipli qurğuda təmizlənmiş içməli sudan istifadə edəcək.
|
 Azərbaycanın müxalif Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova müraciət edib. «Bizim dairə seçki komissiyalarına (DSK) göndərdiyimiz nümayəndələrin katibliklərə seçilməsinə imkan vermirlər və katibliklərə hakim Yeni Azərbaycan Partiyasına yaxın olan partiyaların təmsilçilərini təyin edirlər. Əgər bu prosesə son qoyulmasa, bütün nümayəndələrimizi DSK-dan geri çağıracağıq», cümə günü Trend News-a VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.
|
 “Ermənilər Cənubi Osetiya və Abxaziyada baş verən qarşıdurmalardan özləri üçün qala düzəltməyə çalışırlar. Bu hadisənin fonunda onlar guya Azərbaycanda çaxnaşmanın olduğunu təbliğ edirlər”. APA-nın məlumatına görə, bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib.
|
 Azərbaycan prezidenti İlham Əliyev avqustun 28-də Sumqayıt şəhərinə gedib. APA-nın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçısı əvvəlcə Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək gül qoyub. Sonra prezident Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Paralimpiya İdman Kompleksinin açılışında iştirak edib. Dövlət başçısına məlumat verilib ki, MDB məkanında yeganə olan bu kompleksdə respublika və beynəlxalq səviyyəli yarışların keçirilməsi nəzərdə tutulub. Tikintisinə 2005-ci ildə başlanmış, 2,25 hektar sahəni əhatə edən kompleksin smeta dəyəri 3,1 milyon manatdır.
|
 Rusiyanın xarici işlər naziri Sergey Lavrov Böyük Britaniyanın xarici işlər naziri Devid Milibendin Kiyevdə verdiyi bəyanata münasibət bildirib. APA-nın məlumatına görə, D. Milibend bəyanatında bildirib ki, imperiyanın sonuna çatmaq və postsovet məkanındakı münaqişələrin, o cümlədən Dnestryanı və Dağlıq Qarabağ problemlərinin dinc yolla həllinə nail olmaq lazımdır.
|
 Oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək MDB Müşahidə Missiyasının qərargahı rəsmi olaraq sentyabrın 16-da fəaliyyətə başlayacaq. Bu barədə APA-ya qərargahın üzvü Oleq Kuleba deyib. Onun sözlərinə görə, sentyabrın 14-də qərargahın 3 üzvü artıq işə başlayacaq, sonra qərargahın digər üzvləri, o cümlədən Bakıda fəaliyyət göstərən MDB ölkələri səfirliklərindən akkreditə olunmuş müşahidəçilər prosesə qatılacaq və uzunmüddətli müşahidəçilərin sayı 25-30-a çatacaq. Seçkilər günü isə səsverməni 250 nəfərin izləyəcəyi gözlənilir.
|
 Bu ilin sentyabr ayının 16-17-də Bakıda IV Beynəlxalq Azərbaycan Mikromaliyyə Konfransı keçiriləcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMA) baş ofisindən məlumat verilib. Konfransa dünyanın 10-a yaxın tanınmış investisiya və maliyyə qurumlarının nümayəndələri dəvət olunub. Tədbirdə həmçinin dünyanın ən iri maliyyə təşkilatları sayılan «Development World Market» və Fransanın «Planet Finance» maliyyə qurumlarının təmsilçiləri də iştirak edəcəklər.
|
 Bern şəhərində İsveçrədə fəaliyyət göstərən Azərbaycan dili və Mədəniyyəti Məktəbinin (ADMM) ikinci tədris ili başlanıb. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən APA-ya daxil olan məlumata görə, İsveçrədəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (İAMM) bu layihəsinə İsveçrə Maarif Nazirliyi dəstək verir. Bu il Bern şəhər İcra Hakimiyyəti məktəb üçün üç böyük sinif otağı ayırıb.
|
 İsveçrədəki nüfuzlu Or Xadaş sinaqoqunda Azərbaycanı tanıtma gecəsi keçirilib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (XÖYAİDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan tarixinin müxtəlif dönəmləri, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi barədə geniş məlumatlar verilib. XÖYAİDK-nin göndərdiyi Azərbaycan, Qarabağ münaqişəsi və ölkəmizdəki dağ yəhudiləri haqqında broşur, kitab və bukletlər də mərasim iştirakçılarına təqdim edilib.
|
|
|