Hörmətli oxucular!
|
 Oktyabrın 15-də keçiriləcək prezident seçkilərində exit-poll aparacaq Azərbaycan QHT-ləri müəyyənləşib. Trend News-un məlumatına əsasən, exit-poll-u, təqdimatı cümə günü Bakıda keçirilən “Azad, şəffaf, ədalətli seçkilər” Koalisiyası keçirəcək. Koalisiya “Vətəndaş cəmiyyəti uğrunda” QHT, Demokratik Seçki Mərkəzi, Siyasi Texnologiyalar və İnnovasiya Mərkəzi, Azərbaycanın Regional İnkişaf Mərkəzi və “İntellekt” Araşdırmalar Mərkəzi tərəfindən yaradılıb.
|
 Azərbaycanın müxalif Ümid Partiyası prezidentliyə namizədinin dəstəklənməsi və qeydə alınması üçün tələb olunan 40 min seçici imzasının toplanmasını başa çatdırıb. «Hazırda toplanan imzalar üzərində ekspertlər iş aparır və yaxın günlərdə imzalar Mərkəzi Seçki Komissiyasına (MSK) təhvil veriləcək», cümə günü Trend News-a adıçəkilən partiyanın prezidentliyə namizədi İqbal Ağazadə məlumat verib.
|
 Azərbaycan prezidenti İlham Əliyev cümə günü Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisi qəbul edib. Görüşdə Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb və bu əlaqələrin daha da genişləndirilməsi işində ABŞ-da yaşayan yəhudi icmasının rolu qeyd olunub, həmçinin Azərbaycanda yaşayan yəhudi icmasının ölkəmizdə azad fəaliyyəti üçün bütün imkanların olduğu bildirilib.
|
 Azərbaycanın müxalif Ümid Partiyası hesab edir ki, prezident seçkilərində müxalifətin böyük qisminin iştirak etməməsi faktı beynəlxalq qurumların seçki ilə bağlı mənfi rəy verməsinə gətirib çıxarmayacaq. «Qəti şəkildə deyə bilərəm ki, beynəlxalq qurumların rəylərində bu seçkinin alternativsiz şəraitdə keçməsi barədə hər hansı fikir yer almayacaq», cümə günü Trend News-a adıçəkilən partiyanın prezidentliyə namizədi İqbal Ağazadə bildirib.
|
 Cari ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iki regional şöbəsinin açılması planlaşdırılır. Bu barədə cümə günü keçirilən brifinqdə TQDK-nın sədri Məleykə Abbaszadə bildirib. TQDK Azərbaycan prezidentinin fərmanı ilə 1992-ci ildə yaradılıb. Dövlət Komissiyasının yalnız Naxçıvanda regional şöbəsi mövcuddur. «Yeni regional şöbələr Şəki və Gəncədə yaradılacaq», - deyə Abbaszadə bildirib.
|
 Azərbaycan politoloqları hesab edirlər ki, Gürcüstan və Ukraynanın MDB-ni tərk etməsi təşkilatın dağılmasına və effektliyinin azalmasına səbəb olmayacaq. «Gürcüstan və Ukraynanın MDB-dəki fəaliyyəti formal xarakter daşıyırdı və bu ölkələr təşkilata ciddi yanaşmırdılar», - deyə cümə günü Trend News-a politoloq Hikmət Hacızadə bildirib. MDB 1991-ci ildə keçmiş SSRİ-nin 12 ölkəsinin iştirakı ilə yaradılıb. Sovet İttifaqının tərkibində olan Baltikyanı ölkələr - Litva, Latviya və Estoniya MDB-yə daxil olmaqdan imtina edib.
|
 Azərbaycanın müxalif Müsavat Partiyası bəyan edib ki, prezident seçkisində iştirakdan imtina edən real müxalifət qüvvələrinin birliyi tezliklə baş tutacaq. «Real müxalifətin əməkdaşlığı seçkiyədək baş tutacaq və seçkidən sonra da davam edəcək. Bu, koalisiya formasında və ya başqa formada olacaq, bütün bunlar məsləhətləşmələrin gedişindən asılıdır», - cümə günü Trend News-a Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib.
|
 Qarabağ Azadlıq Təşkilatı (QAT) Qarabağ partizanları adı ilə tanınan bir qrup gəncin azadlığa buraxılması üçün Əfv Komissiyasına müraciət edib. Müraciətdə Qarabağ partizanları adlanan bir qrup gəncin həbsindən beş il ötdüyünü xatırladan QAT, onların bəzilərinin əfvə düşərək, digərlərinin isə, cəza müddətlini bitirərək azadlığa çıxdığını bildirib.
|
 Gələn həftə Türkiyənin xarici işlər naziri Əli Babacan rusiyalı həmkarı Sergey Lavrovla Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq platformasının yaradılması təşəbbüsünü müzakirə edəcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Bodrumda keçirdiyi mətbuat konfransında Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan məlumat verib. O, Azərbaycan və Ermənistanın da yeni yaradılacaq ittifaqda iştirakını arzuladığını vurğulayıb.
|
 Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli seçkiöncəsi müxalifətin birliyinin yaranması məqsədi ilə bu gündən digər müxalifət partiyaları ilə danışıqlara başlayacaq. Bu barədə APA-ya AXCP sədrinin müavini Həsən Kərimov məlumat verib. Onun sözlərinə görə, partiyanın Rəyasət Heyətinin son toplantısında seçkiləri boykot edən müxalifət təşkilatlarının birliyinin yaradılması üçün danışıqlar aparmaq səlahiyyəti Əli Kərimliyə verilib.
|
 Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) keçmiş sədri, prezidentliyə namizədliyini irəli sürmüş Qulamhüseyn Əlibəyli ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycan üzrə ölkə direktoru Arien de Volffla görüşüb. Q. Əlibəylinin APA-ya verdiyi məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, seçkiöncəsi şərait müzakirə edilib. Keçmiş AXCP-çi seçkilərlə bağlı həyata keçirəcəyi tədbirlər barədə məlumat verib.
|
 “AXCP Rəyasət Heyətinin iclasında mənim haqqımda səslənmiş fikirlərə şərh vermək fikrində deyiləm”. Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin keçmiş sədri Qulamhüseyn Əlibəyli deyib. O, partiyadan çıxandan sonra barəsində səslənəcək fikirlərə və ittihamlara cavab verməyəcəyini bəyan etdiyini xatırladıb: “Mənim addımımı kim necə qiymətləndir-qiymətləndirsin, mən bunlara fikir bildirməyəcəyəm. Özüm doğru bildiyim yolu tutub gedirəm, bu addımı atmağımda heç bir qüvvənin rolu olmayıb”.
|
 Moskvada yaşayan tanınmış azərbaycanlı, İkinci Dünya Müharibəsi veteranı, hərbi tərcüməçi, diplomat, jurnalist Ənvər Məmmədovun 85 yaşı tamam olur. APA-nın məlumatına görə, hazırda “RİA Novosti” informasiya agentliyi baş direktorunun müşaviri işləyən Ə. Məmmədov 1923-cü il avqustun 15-də Bakıda anadan olub. 1941-1942-ci illərdə hərbi tərcüməçi kurslarında təhsil almış Ə. Məmmədov 1943-cü ildə ordudan tərxis olunaraq, Xarici İşlər Xalq Komitəsinə işə göndərilib.
|
 “ABŞ-da nəşr edilən kitabda Azərbaycan yeməkləri erməni mətbəxinin nümunələri kimi təqdim edilib. Erməni mətbəxi haqqında kitabda milli xörəklərimizin və içkilərin hazırlanması qaydaları, şəkilləri əks olunub. İndi biz bu kitabda yer alan nümunələrin Azərbaycan mətbəxinə aid olduğunu göstərən yeni bir nəşr hazırlamalı, onu tərcümə edib ABŞ-da çıxartmalıyıq”.
|
 Prezident yanında Əfv Komissiyasının bu gün keçirilən növbəti iclasında 100-dək müraciətə baxılıb. Əfv Komissiyasından APA-ya daxil olan məlumata görə, araşdırılan müraciətlərin təxminən yarısına müsbət rəy verilib. Komissiyaya daxil olan müraciətlərin sayı çox olduğuna görə, daha bir neçə iclasın keçirilməsi qərara alınıb.
|
 Daha bir şəxs prezidentliyə namizədliyini irəli sürüb. APA-nın məlumatına görə, Varlıq Təşkilatının təsisçilərindən olan “Varlıq” qəzetinin baş redaktoru, Hüquq İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Ağaevli Əli İsa (Əli Hacı) bu gün Mərkəzi Seçki Komissiyasına namizədliyinin irəli sürülməsi ilə bağlı müraciət edib. Bununla da, prezidentliyə namizədliyini verənlərin sayı 15-ə çatıb.
|
 Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanda baş verən münaqişə nəticəsində yaranmış dərman çatışmazlığı problemini nəzərə alaraq, qonşu ölkəyə humanitar yardım etmək üçün Səhiyyə Nazirliyinə tapşırıq verib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin APA-ya verdiyi məlumata görə, bu tapşırıq əsasında Gürcüstanın Səhiyyə Nazirliyinə 400 adda dərman preparatları və tibbi ləvazimatlarla yüklənmiş 5 maşın göndərilib.
|
 Bu yaxınlarda Azərbaycanın üçüncü GSM operatoru olan «Azerfon» Məhdud Məsuliyyətli Cəmiyyəti («Nar Mobile» ticarət nişanı) mobil rabitə operatorları haqqında məlumatları əks etdirən www.gsmworld.com İnternet saytında özünün rouminq tərəfdaşları haqqında yalan məlumatı aşkar edib. «Azerfon»dan «APA-Economics»ə verilən məlumata görə, həmin saytda Ermənistanın mobil operatorlarından birinin «Nar Mobile» ilə rouminq razılaşması əldə etdiyi barədə saxta məlumatlar yayılıb.
|
 Azərbaycan Ümumdünya Poçt İttifaqına (ÜPİ) Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkəmizin işğal olunmuş ərazilərində poçt xidmətlərinin vəziyyəti ilə bağlı bəyanat təqdim edib. Bu barədə «APA-Economics»ə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov məlumat verib.
|
 “Abxaziya və Cənubi Osetiyanın statusu müəyyənləşdirilən zaman Gürcüstanın ərazi bütövlüyü prinsipindən çıxış etmək zəruridir”. APA-nın məlumatına görə, bu fikirləri Almaniyanın federal kansleri Angela Merkel Soçidə Rusiya prezidenti Dmitri Medvedevlə görüşdən sonra keçirdiyi mətbuat konfransında söyləyib. Dmitri Medvedev isə bildirib ki, bu ərazilərin statusunu orada yaşayan xalqlar müəyyənləşdirilməli, Rusiya isə Qafqazda təhlükəsizliyin qarantı kimi bu qərarla razılaşmalıdır.
|
|
|