Hörmətli oxucular!
|
 Bu ilin noyabr ayının 11-dən 14-dək Böyük Britaniyanın «ITE Group» sərgi şirkəti və onun Qafqazdakı ekzklüziv tərəfdaşı «İteca Caspian»ın birgə təşkilatçılığı ilə Bakıda XIV Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi-Konfransı («BakuTel-2008») keçiriləcək. «İteca Caspian»ın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, sərgidə informasiya texnologiyaları sahəsi üzrə fəaliyyət göstərən 140-dan artıq şirkətin iştirak edəcəyi gözlənilir.
|
 Bu ilin sentyabr ayının 16-17-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə azərbaycanlı iş adamları Norveç və İsveçə səfər edəcəklər. Azpromo-dan «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində Norveç-Azərbaycan və İsveç-Azərbaycan biznes-forumları keçiriləcək.
|
 Daşnakların Los-Ancelesdə dərc olunan “AZBRAREZ” qəzetində Azərbaycan millət vəkillərinin Kaliforniyaya avqustun ortalarında baş tutmuş səfəri ilə bağlı sərt məqalə çap olunub. APA-nın ABŞ bürosunun məlumatına görə, Allen Yekikan tərəfindən yazılan məqalədə yalnız Azərbaycanın Los-Angeles şəhərindəki Baş Konsulluğu və ölkəyə səfərə etmiş millət vəkilləri barəsində deyil, yerli yəhudi icmasının tanınmış simalarına qarşı da sərt bəyanatlar səsləndirilib.
|
 Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) «Sosial tərəfdaşlıq mexanizminin təkmilləşdirilməsində işəgötürənlərin maarifləndirilməsi» adlı layihə həyata keçirəcək. ASK-dan «APA-Economics»ə verilən məlumata görə, ASK Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən elan edilmiş maliyyə yardımı müsabiqəsində iştirak edib və «Sosial tərəfdaşlıq mexanizminin təkmilləşdirilməsində işəgötürənlərin maarifləndirilməsi» adlı layihənin həyata keçirilməsi üçün imkan qazanıb
|
 Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində aşkarlanan neolit və eneolit dövrünə aid şəhər qalıqlarının arxeoloji tədqiqatı üçün xarici mütəxəssislər cəlb olunub. Yaponiya və Fransadan gələn mütəxəssislər qədim yaşayış yerinin bizim eradan əvvəl 8-ci min illiyə aid olduğunu ehtimal edirlər. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Fərhad Quliyevin APA-nın qərb bürosunun verdiyi məlumata görə, Göytəpə ərazisində aşkarlanan qala divarlarının bir hissəsi üzə çıxarılıb.
|
 Ümid Partiyasının sədri İqbal Ağazadə ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisinin rəhbəri Arjen de Vulff ilə görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə A. Vulff Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər, partiyanın seçki prosesinə münasibəti, imzatoplama kampaniyası zamanı regionlarda və paytaxtda baş verənlərlə maraqlanıb.
|
 Azərbaycan prezidenti İlham Əliyev “Sosial müavinətlərin artırılması haqqında” fərman imzalayıb. APA-nın xəbərinə görə, prezidentin fərmanı ilə yaşa görə müavinətlər aylıq müavinətlər 45 manat müəyyənləşdirilib. Əlillik, “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinətlər də artırılıb. Bu müavinətlər I qrup əlillərə 50 manat, II qrup əlillərə 35 manat, III qrup əlillərə isə 30 manat müəyyənləşdirilib.
|
 Azərbaycan prezidenti İlham Əliyev uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Sərəncama əsasən, bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 20 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 10 manat miqdarında müəyyən edilib. Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.
|
 Bakının Xətai rayonunda yaşayan bir nəfər polisə zəng edərək, həyat yoldaşının avtomobilinə bomba qoyulduğu barədə məlumat verib. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən APA-ya daxil olan məlumata görə, polis dərhal avtomobilin olduğu NZS qəsəbəsinə gələrək ərazini mühasirəyə alıb. Keçirilən axtarış nəticəsində “cip” tipli avtomobildə bomba olmadığı aşkarlanıb. Buna baxmayaraq, avtomobil evakuatorla hadisə yerindən aparılıb.
|
 BMT-nin baş katibi Pan Gi Mun, Avropa Şurasının baş katibi Terri Devis, Avropa Şurası Nazirlər Komitəsinin sədri Karl Bildt, Avropa Şurası Parlament Assambleyasının prezidenti Luis Maria de Puç Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması qərarını pisləyiblər. APA-nın məlumatına görə, Pan Gi Mun bəyan edib ki, hadisələrin bu istiqamətdə inkişafı Qafqazda təhlükəsizlik və stabillik üçün təhlükə törədir.
|
 “Azərbaycan Demokrat Partiyasının iştirakı olmadan müxalifətin hər hansı birliyi yarana bilməz. Çünki müxalifət deyəndə, ilk növbədə, nəzərə gələn birinci partiya ADP-dir. Biz imkan vermərik ki, Azərbaycan müxalifəti əvvəllər olduğu kimi, bu dəfə də yanlış kursla istiqamətləndirilsin”. Bu sözləri APA-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu müxalifətin yeni koalisiyasında ADP-nin iştirak etməyəcəyi ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.
|
 Oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək Müstəqil Dövlətlər Birliyinin (MDB) Müşahidə Missiyasına qurumun icra katibi Sergey Lebedev rəhbərlik edəcək. APA-nın məlumatına görə, bu barədə MDB-yə üzv ölkələrin daimi nümayəndələr Şurasının Minskdə keçirilmiş iclasında qərar qəbul olunub. Müşahidə Missiyasına uzunmüddətli və qısamüddətli müşahidəçilər daxil olacaq. Uzunmüddətli müşahidəçilərin gələn ay Bakıya gələcəkləri gözlənilir. Missiyanın Azərbaycanda yaradılacaq seçki qərargahına isə MDB İcraiyyə Komitəsinin Seçkilər şöbəsinin rəhbəri Yevqeni Sloboda rəhbərlik edəcək.
|
 Mərkəzi Seçki Komissiyası (MSK) seçiciləri oktyabrın 15-də keçiriləcək prezident seçkilərində iştiraka çağıran 2 fərqli plakat hazırlayıb. Qurumun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, hər biri 20 min tirajla çap olunan plakatların artıq aşağı seçki komissiyalarına paylanmasına başlayıb. MSK seçicilərin səsverməyə çağırışı ilə bağlı səsvermə gününə kimi digər tədbirlər də həyata keçirməyi planlaşdırır.
|
 “Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmasına heç bir təsir göstərməyəcək”. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, bu bəyanatla Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov çıxış edib. Onun sözlərinə görə, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı əvvəllər bəyan etdiyi mövqeyində heç bir dəyişiklik yoxdur.
|
 Avropa Şurası prezident seçkilərinə qədər Azərbaycanla bağlı hansısa əsaslı sənəd, o cümlədən siyasi məhbuslarla bağlı xüsusi məruzəçinin təyin olunması barədə qərar qəbul etməyəcək. Bu barədə APA-ya eksklüziv açıqlamasında Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi, estoniyalı deputat Andres Herkel deyib.
|
 Azərbaycanda prezident seçkilərinin keçiriləcəyi gün - oktyabrın 15-i qeyri-iş günüdür. Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyib. Onun sözlərinə görə, səsvermə iş gününə - çərşənbəyə təsadüf etsə də, Seçki Məcəlləsinin 8.2-ci maddəsinə uyğun olaraq, səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab edilmir.
|
 Azərbaycanın paytaxtında məscidi partlatmaqda şübhəli bilinən şəxslərin foto-robotu hazırlanıb. Azərbaycanın paytaxtında yerləşən “Əbu Bəkr” məscidində baş verən partlayışı törətməkdə şübhəli bilinən iki nəfərin foto-robotu hazırlanıb. Bakı şəhər Prokurorluğundan çərşənbə günü Trend News-a verilən məlumata görə, bir kişi və bir qadının təsvir edildiyi foto-robot şahidlərin ifadələri əsasında hazırlanıb.
|
 Bakının Səbail rayon məhkəməsində «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin 1 saylı istintaq təcridxanasının rəhbərliyinə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. Qənimət Zahid cəzaçəkmə müəssisəsində müsadirə edilmiş əlyazmaları ilə bağlı iddia qaldırıb. Baş redaktor iddia edir ki, onun 300 səhifədən çox əlyazmasını 1 saylı istintaq təcridxanasının rəhbərliyi götürüb və geri qaytarmayıb. Sonradan müəssisə rəhbərliyi əlyazmaların məhv edildiyini bildirib.
|
 Sentyabrın 10-da Brüsseldə Dünya Azərbaycanlıları Konqresi (DAK) Avropa parlamentinin iqamətgahında Cənubi Azərbaycanın problemləri üzrə seminar təşkil edəcək, - çərşənbə günü Trend News-a DAK-ın mətbuat xidmətindən bildiriblər . Seminarın gedişində Cənubi Azərbaycanda və bütövlükdə İranda insan haqları, son zamanlar kütləvi xarakter daşıyan edamlar, siyasi məhbusların taleyi, İİR-də yaşayan Azərbaycan türklərinin milli problemləri geniş müzakirə olunacaq.
|
 Azərbaycan müxalifətini təmsil edən Milli Birlik Hərəkatnın lideri və «Azadlıq» blokunun həmsədri Lalə Şövkət hesab edir ki, müxalifətin birliyi və əməkdaşlığı səmimi olmur. «Ona görə də müxalifətin əməkdaşlığı uzun müddət davam etmir» - çərşənbə günü Trend News-un müxalifətin yeni birliyinin yaradılmasının mümkünlüyü ilə bağlı sualını cavablandıran Lalə Şövkət bildirib.
|
 Avropanın aparıcı eksperti, Stenford Universiteti nəzdində Ümumdünya Beynəlxalq Tədqiqatlar Assosiasiyasının üzvü Tomoyuki Haşimoto, xüsusi olaraq Trend News Rusiya ilə Avropa İttifaqının (Aİ) münasibətləri neytral olaraq qalacaq. Fransa və Almaniyanın Rusiyanın qaz və neftindən asılılığı yaranmış vəziyyətdə, sözsüz, mühüm amildir. Aİ-nin alternativ tədarükçüləri azdır: xaosun hökm sürdüyü, yaxud ABŞ -ın nəzarəti altında olan Yaxın Şərq ölkələri və Latın Amerikası, məsələn, Birləşmiş Ştatlar, qismən də Avropaya dost münasibətdə olmayan Venesuela.
|
 Azərbaycan Əfqanıstanın bərpasında fəal iştirak etmək niyyətindədir. Azərbaycan prezidentinin tapşırığına əsasən, xarici işlər nazirinin müavini Araz Əzimov Əfqanıstanın problem və tələbatlarını öyrənmək məqsədilə Kabildədir. Bu səfər Azərbaycana, bu ölkənin müəyyən çətinliklərinin aradan qaldırılmasına köməyin göstərilməsində fəal iştirak etməyə imkan verəcək, - çərşənbə günü Trend News-a Azərbaycanın Əfqanıstandakı müvəqqəti işlər vəkili İbrahim Xəlilov Kabildən bildirib.
|
 Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Rumıniya Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixay Rezvan Unqureanunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycanla Rumıniya arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirən prezident regionda təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində əməkdaşlığın böyük əhəmiyyət daşıdığını qeyd edib və qonağın Azərbaycana səfərinin əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcəyinə əmin olduğunu bildirib.
|
 Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində bu gün keçirilən monitorinq insidentsiz keçib. Monitorinqdən öncə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Həsən Sarıyev monitorinq iştirakçılarına Ermənistan Silahlı Qüvvələri tərəfindən mütəmadi olaraq Azərbaycanın mövqelərinin və yaşayış məntəqələrinin atəşə tutulması barədə məlumat verib. «Atəşkəsin pozulması nəticəsində may ayından bu günə qədər üç nəfər həlak olub. Bundan başqa, Ermənistan Azərbaycanın işğal altında olan ərazilərində yanğınlar törədir.
|
|
|