Hörmətli oxucular!
|
 Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) bazar ertəsi referendumqabağı ödənişsiz təşviqatın aparılacağı KİV-lərin siyahısını açıqlayıb. KİV-də təşviqat aparmaq məqsədilə 40 min və daha çox üzvü olan təşviqat subyektlərinə İctimai Televiziyada ödənişsiz efir vaxtı, “Azərbaycan”, “Respublika”, “Bakinskiy raboçiy” qəzetlərində və “Xalq qəzetində” ödənişsiz dərc üçün yer ayrılacaq, bazar ertəsi MSK-nın yaydığı məlumatında bildirilib.
|
 Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsveçdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə bağlı anım tədbirləri təşkil ediblər. BƏƏ-nin Dubay əmirliyində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti tərəfindən 20 Yanvar facisənin 19-cu ildönümü ilə bağlı anım tədbirində faciəni əsk etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olunub, faciəli gecədən çəkilmiş videogorüntülər nümayiş etdirilib, həlak olanların xatirəsi yad edilib.
|
 Azərbaycanın şimal-qərbində yerləşən Şəki rayonunda referendumla bağlı üç təşəbbüs qrupu yaradılıb. Təşəbbüs qruplarının yaradılması ilə bağlı Şəki şəhərində və rayonun 21 kəndində yığıncaqlar keçirilib.
|
 Azərbaycanın Mərkəzi Seçki Komissiyasında (MSK) imza vərəqələri alan referendum üzrə təşəbbüs qruplarının sayı 10-a çatıb. Azərbaycan MSK-sı referendum üzrə daha iki təşəbbüs qrupuna – «Respublikaçılar» və «Respublika və Qarabağ Naminə Vətəndaş Hərəkatı»na imza vərəqələri verib. Bu barədə bazar ertəsi Trend News-a MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.
|
 Azərbaycan və Belçika arasında hərbi əməkdaşlıq sazişinin imzalanması üçün işlər yekunlaşıb, Trend News-un məlumatına görə, bunu bazar ertəsi müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşündə Belçikanın ölkəmizdəki yeni səfiri Filipp Jottar deyib.
|
 Azərbaycanın iqtidaryönlü partiyası referendumla bağlı ayrıca təşviqat qrupu yaratmayacaq. “Məsləhətləşmələr nəticəsində hakim Yeni Azərbaycan Partiyasının təsis etdiyi “Yeni Azərbaycan” təşviqat qrupu ilə birgə referendumla bağlı təbliğat kampaniyasında iştirak etmək qərarına gəlmişik”
|
 Azərbaycanın müxalif Milli İstiqlal partiyasının referendumla bağlı yaratdığı təşviqat qrupu təsis olunub. “Yanvarın 17-də ilkin təşəbbüs qruplarının iclasları başa çatıb. Bu gün isə “Milli İstiqlal” təşviqat qrupunun təsis yığıncağı keçirilib”, - bazar ertəsi Trend News-a Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucov bildirib.
|
 Azərbaycanda bu il ərzində inflyasiyanın 16% səviyyəsində olacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bu barədə prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan Milli Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. E. Rüstəmov deyib ki, hesablamalara görə, bu il inflyasiyanın birrəqəmli səviyyəsinə nail olmaq realdır: «Bu ilə olan inflyasiya təxminən 16 faiz səviyyəsindədir. Bu bizə bu ilin inflyasiya nəticələrinə nikbinliklə baxmağa imkan verir».
|
 Yanvarın 17-də Türkiyənin İstanbul şəhərində “Cənubi Qafqazın gələcəyi və qonşuluq” mövzusunda iki günlük konfrans başlayıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, Böyük Britaniyanın LİNKS, “British Counsil” təşkilatları və Con Smit Fondu tərəfindən təşkil olunan konfransa Türkiyə, Böyük Britaniya, ABŞ, Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və digər ölkələrin, həmçinin Avropa Birliyinin nümayəndələri, KİV rəhbərləri və QHT təmsilçiləri qatılıblar.
|
 Çox ümid edirik ki, bölgəyə səfərimiz çərçivəsində keçiriləcək danışıqlardan sonra Azərbaycan və Ermənistan prezidentləri Davosda görüşməyə razılıq verəcəklər. Bunu Trend News agentliyinə yanvarın 18-də Bakıya gələn ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza deyib.
|
 Azərbaycan prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev ondan əvvəl bu vəzifədə çalışmış şəxsləri kəskin tənqid edib. “APA-Economics”in məlumatına görə, Ş. Mustafayev bildirib ki, həm əvvəllər, həm də son üç ildə nazirliyə rəhbərlik etmiş şəxslərin səriştəsizliyi, işi günün tələbləri səviyyəsində qura bilməmələri, kadr siyasətindəki nöqsanlar və qarşıya qoyulmuş vəzifələrin tam dərk edilməməsi dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı və sahibkarlığa dövlət yardımı, haqsız rəqabətin və inhisarçılığın aradan qaldırılması sahəsində ciddi pozuntulara və cinayət xarakterli əməllərə yol verilməsinə gətirib çıxarıb.
|
 Azərbaycanda bu ildən ehtiyac meyarının həddi 60 manat məbləğində təsdiq edilib. “APA-Economics”in məlumatına görə, Nazirlər Kabinetinin prezidentin sədrliyi ilə keçirilən və 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunan iclasında iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib ki, hazırda ölkədə orta aylıq əmək haqqı 268 manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 24,2% çoxdur.
|
 Ötən ilin ikinci yarısında Azərbaycan iqtisadiyyatının inkişafı əlverişsiz xarici mühit şəraitində davam edib.“APA-Economics”-in məlumatına görə, Azərbaycan prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında çıxış edən maliyyə naziri Samir Şərifov deyib ötən il üzrə Azərbaycanda ÜDM-in artım səviyyəsi ikirəqəmli olsa da, son iki ay ərzində iqtisadi artım tempinin azalması səbəbindən hesabat ilinin ortasında proqnozlaşdırıldığından aşağı olub.
|
 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsinin şəxsi heyəti həmin gün səhər saat 08:00-dan Şəhidlər Xiyabanını ziyarət başa çatanadək gücləndirilmiş iş rejimində çalışacaq.
|
 Prezident İlham Əliyev Azərbaycan hökuməti və Macarıstan hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın Azərbaycan tərəfdən tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iqtisadi inkişaf naziri Şahin Mustafayev Komissiyanın həmsədri, xarici işlər nazirinin müavini Xələf Xələfov, sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov...
|
 Azərbaycan Respublikasının gənc diplomatları 1990-cı il qanlı yanvar hadisələrinin ildönümü günlərində Ermənistanla sərhəddə yerləşən hərbi hissələrə baş çəkiblər. Onlar gələcək fəaliyyətləri zamanı istifadə etmək üçün ölkənin Silahlı Qüvvələrinin real durumunu öyrənirlər.
|
|
|