
Dağlıq Qarabağ münaqişəsi Ermənistan-Türkiyə-Azərbaycan üçbucağının bir hissəsidir, bu üçbucaq isə Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesinin birbaşa nəticəsidir. APA-nın PanARMENIAN.Net-ə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın keçmiş XİN başçısı Vardan Oskanyanın «Qafqazda yeni start» adlı məqaləsində bildirilir. «Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinin başa çatması birbaşa Qarabağ nizamlanmasından asılıdır. Bu üçtərəfli mübahisə ehtiyatla həll olunmasa, çoxsaylı təhlükələrə gətirib çıxara bilər», deyə məqalədə vurğulanır. Keçmiş nazirin fikrincə, Türkiyə hesab edir ki, Ermənistanla münasibətlərin normallaşdırılması barədə protokolu imzaladıqdan və dünyaya sərhədləri açmağa hazır olduğunu göstərdikdən sonra o erməni tərəfini Qarabağ məsələsinin tez həll etməyə və Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa inandıra biləcək. «Lakin hərtərəfli nizamlanma əldə olunmayana qədər bu inandırıcı görünmür», deyə o bildirir.
Məqalədə Vardan Oskanyan həmçinin Türkiyə-Ermənistan prosesinin dalana dirəndiyini etiraf edir və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması şansının itirilməsini Azərbaycan və Ermənistan arasındakı kövrək hərbi balansı təhlükə altına qoya biləcəyini qeyd edir./APA/