ABŞ-ın Nevada ştatında Azərbaycanın tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü qeyd olunub
Heydər Əliyev Sarayında “Min bir gecə” baleti nümayiş olunacaq
ATƏT MQ-in həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərini danışıqları fəallaşdırmağa çağırıb

ABŞ-ın Nevada ştatının Henderson şəhərində yerləşən və bu ştatın ən böyük sinaqoqlarından olan Ner Tamid Sinaqoqunda Azərbaycanda mövcud olan tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib. Bu barədə AZƏRTAC-a Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan məlumat verilib.

Baş Konsulluğun və Ner Tamid sinaqoqunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən sinaqoqun baş ravvini Sanford Akselrad ölkəmizin tolerantlıq və multikulturalizm ənənələrindən danışıb, Azərbaycan-İsrail münasibətlərinə həsr olunmuş bu önəmli tədbirə ev sahibliyi etməkdən məmnunluqlarını bildirib.

Sonra çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ölkəmizin müstəqillik tarixi haqqında ətraflı məlumat verib, 1918-ci ildə xalqımız tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını deyib, bu respublikanın müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlət, eləcə də qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü vurğulayıb.

Azərbaycanda mövcud olan dinlərarası harmoniya, qədim tolerantlıq və multikulturalizm ənənələri haqda ətraflı söhbət açan baş konsul əhalisinin əksəriyyəti müsəlman olan ölkəmizdə İslam dini ilə yanaşı, xristian, yəhudi və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Baş konsul Azərbaycanda tarixən mövcud olan bu ənənələrinin qorunması və inkişafının, eləcə də multikultural dəyərlərin təbliğinin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanın təcrübəsi müsəlman-yəhudi qardaşlığının və dostluğunun mümkünlüyünü göstərir.

N.Ağayev Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və bu əlaqələrin iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə ilbəil daha da genişləndiyini bildirib.

Baş konsul çıxışında, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq siyasəti haqqında danışaraq, Azərbaycan torpaqlarının müdafiəsində ölkəmizin yəhudi vətəndaşlarının da iştirak etdiyini və hətta onlardan biri, 1992-ci ilin mayında Şuşa şəhərinin müdafiəsi zamanı qəhrəmancasına həlak olmuş Albert Aqarunovun Azərbaycanın Milli Qəhrəmanı olduğunu diqqətə çatdırıb.

Çıxışdan sonra N.Ağayev iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Tədbirdə, həmçinin Azərbaycanda mövcud olan dinlərarası harmoniyaya həsr olunmuş film də nümayiş etdirilib.

AZƏRTAC