ATƏT sədri: “Bakıda Qarabağ münaqişəsinə dair sülh prosesini dəstəkləməyin yollarını müzakirə edəcəyik”

Dubayda Azərbaycan Ticarət Evi açılıb
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb
Mingəçevirdə “ASAN Həyat” kompleksinin açılışı olub

Martın 5-də Azərbaycana səfərə gələcək ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakın “Report” İnformasiya Agentliyinə müsahibəsi.

– Azərbaycana qarşıdakı səfəriniz zamanı hansı məsələlər müzakirə olunacaq?

– Səfərin proqramı tam hazır olmasa da, siyasi rəhbərliklə görüşüb Azərbaycana ATƏT qarşısındakı öhdəliklərini yerinə yetirməkdə daha səmərəli kömək edəcəyimizin yollarını, sülh prosesini, Minsk qrupu həmsədrlərinin fəaliyyətini müzakirə etmək fikrindəyəm. ATƏT-in Minsk Konfransının vasitəçilik etdiyi münaqişədən savayı, təbii ki, təşkilatın bütün üzv dövlətlərlə açıq və səmimi dialoqu, xoş münasibətləri saxlamaq, yerlərdə müsbət meylləri dəstəkləmək bizim ATƏT sədrliyimiz dövrünün öncül vəzifələrindəndir. Bütün səfərlərim zamanı istər hökumət, istər parlament, istərsə də vətəndaş cəmiyyəti olsun, tərəfdaşlarımızla görüşləri səbirsizliklə gözləyirəm. Ən başlıcası isə, əlbəttə ki, yerlərdəki hadisələrdən zərər çəkən insanları gündəlik qayğıları, mübarizələri barədə dinləməkdir. Əslində, bizim ATƏT olaraq gördüyümüz bütün işlərin insanların problemlərini az da olsa, asanlaşdırmaq hədəfinə yönəldiyini də unutmaq lazım deyil.

– Azərbaycanla ATƏT arasındakı mövcud əməkdaşlığı necə dəyərləndirərdiniz?

– ATƏT Qafqaz regionunu daha sabit, dayanıqlı, müasir hala gətirmək üçün nadir imkanlara malikdir. ATƏT sədrliyimiz, katiblik, təsisatlarımız bu regionun təhlükələrə qarşı dayanıqlı olmasına, münaqişələrin həlli üçün platformların yaradılmasına birgə dəstək verə bilər. Təhlükəsizlik məsələsinə bu cür kompleks yanaşma başqa heç bir təşkilatda yoxdur. Əhatəli yanaşma dedikdə geosiyasi miqyasdan tutmuş fərdiyədək bütün səviyyələr nəzərdə tutulur. Fərdi səviyyəni, yəni sırf insanların özünü əsas götürmək Slovakiyanın 2019-cu ildə ATƏT-ə sədrliyinin başlıca amalıdır. Bu məcradakı səylərimizdə Azərbaycanla əməkdaşlığımızı yüksək qiymətləndiririk.

– Slovakiyanın 2019-cu ildə ATƏT sədrliyinin öncül hədəflərindən biri də münaqişələrin həllidir. Buna necə dəstək vermək niyyətindəsiniz?

– Bizim ATƏT-dəki sədrliyimiz əsas diqqəti insanlara, dialoqa, sabitliyə yönəlir, bu üç məsələnin hamısında, həqiqətən də, iddialıyıq. ATƏT dialoq, əməkdaşlıq, vasitəçilik üçün meydan açaraq humanitar ehtiyaclara əsas diqqəti yönəltməyimizə kömək ola bilər. Slovakiyanın ATƏT sədrliyinin öncüllüklərindən biri də münaqişələrin qarşısını almaq, həll etmək, vasitəçiliyini həyata keçirmək, imkan daxilində humanitar fəsadlarını yumşaltmaqdır. Mən Ukraynada, Moldovada, Gürcüstandakı münaqişə bölgələrdə olmuşam. Bu münaqişələrdən daha çox zərər çəkmiş insanların bizim bütün beynəlxalq fəaliyyətlərimizin mərkəzində olmasına çalışıram.

– ATƏT məkanında həll olunmayan münaqişələrdən biri də Dağlıq Qarabağ münaqişəsidir. Bu məsələyə dair danışıqlar prosesinə Slovakiya necə dəstək verə bilər?

– Bu münaqişənin həlli çətin məsələdir, regionda sabitlik, hərtərəfli dialoq, toplumun bu məsələdə irəli getməyə hazır olması kimi şərtlərə bağlıdır. Təcrübə məhz daxili proseslərin daha yüksək ehtimalla gerçək, davamlı sülhə və sabitliyə gətirib çıxara biləcəyini göstərir.

Son vaxtlar müəyyən irəliləyişlər gözə dəyir, bu məsələdə ehtiyatlı nikbinliyə köklənmişik. Təmas xətti və dövlət sərhədi boyu zorakılıq qurbanlarının sayı azalıb. İrəvanla Bakı arasında ali səviyyədə dialoqun intensivləşdiyini görürük. Bütü bunların nəticəsi də ATƏT məkanında sabitliyin artmasıdır.

Bizim sədrliyimiz Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə, dinc və davamlı əsasda həllini dəstəkləmək xəttinə sadiqdir.

Mən bu münaqişəyə dair şəxsi nümayəndəm vəzifəsinə yenidən səfir Anjey Kaspşiki təyin etmişəm. Biz Minsk prosesinə inanır və müvəffəqiyyət üçün zəruri dəstəyi bundan sonra da göstərəcəyik. ATƏT-in Minsk qrupu həmsədrləri ilə yaxından təmasdayam, bu yaxınlarda xarici işlər nazirlərinin Parisdə keçirilən görüşünü müsbət dəyərləndirmişəm. Əhalini sülhə hazırlamaq üçün konkret tədbirlərin zəruriliyini başa düşmələri bizim dəstəyimizə layiqdir.

– Slovakiyanın ATƏT sədrliyi çərçivəsində Cənubi Qafqazdakı həll olunmamış münaqişələrlə bağlı regionda xüsusi nümayəndə təyin edəcəksinizmi?

– Şəxsi nümayəndəm kimi, səfir Kaspşikin mandatını uzatmaqla yanaşı, ATƏT-in fəaliyyətdəki sədrinin Cənubi Qafqazda xüsusi münayəndəsi vəzifəsinə slovakiyalı diplomat, səfir Rudolf Mixalkanı təyin etmişəm. BMT və Avropa İttifaqındakı həmkarları ilə yanaşı, səfir Mixalka Gürcüstandakı 2008-ci il müharibəsinin nəticələrinə həsr olunan Beynəlxalq Cenevrə Müzakirələrinin həmsədridir, Cənubi Qafqazda başqa vəzifələri də icra edir.

– Slovakiya Azərbaycandakı səfirliyini ilin sonunadək açacağını bildirib. Səfirlik nə vaxt fəaliyyətə başlayacaq? 

– 2018-ci ilin noyabr ayında Azərbaycana rəsmi səfəri zamanı Slovakiyanın Baş naziri Peter Pelleqrini Bakıda səfirlik açmaqda maraqlı olduğumuzu təsdiq etmişdi. Hazırda bu məsələnin maliyyə və texniki hazırlıq məsələsi üzərində işlər görülür. Yəni məsələ açılıb-açılmayacağı yox, nə vaxt açılacağıdır. Fikrimcə, Azərbaycandakı səfirliyimiz yaxın gələcəkdə açılacaq.

– Ümumiyyətlə, Slovakiyanın Azərbaycanla əməkdaşlığının prioritetləri nədir?

– Slovakiya ilə Azərbaycan arasında münasibətlərin ənənəvi dostluq üzərində qurulduğu sevindiricidir. Aramızda açıq məsələlər olmaması siyasi dialoqun genişlənməsi, bütün sahələrdə əməli əməkdaşlığın artması üçün möhkəm zəmin yaradır. Slovakiyanın Azərbaycanla səmərəli əməkdaşlıqda maraqlı olmasını ötən il noyabr ayında Baş nazir Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri də göstərdi. Biz enerji, nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, kənd təsərrüfatı, sənaye, turizm kimi sahələrdə potensial görürük. İqtisadi əməkdaşlığımıza dinamika gətirmək üçün müvafiq sənədlər üzərində çalışmalıyıq.

Slovakiya həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında da daha geniş əməkdaşlığı dəstəkləyir. Hazırda Bakı ilə Brüssel arasında yeni saziş üçün danışıqlar gedir. Biz hər iki tərəfin qazanacağı iddialı bir sənədin otraya çıxmasına çalışmalıyıq. Həmin saziş münasibətlərimizdə irəliyə mühüm addım olacaq.