AVCİYA daha bir seçki hesabatını təqdim etdi

AVCİYA-dan referendum bəyanatı
Elxan Süleymanov: “Sərsəng su anbarındakı vəziyyətlə bağlı Tərtərdə beynəlxalq konfrans keçiriləcək”
AVCIYA 13 rayonda seminar keçirdi

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCIYA) Azərbaycan Respublikasında 07 noyabr 2010-cu il tarixdə keçiriləcək Milli Məclisə seçkilərin uzunmüddətli müşahidəsinin nəticələrinə dair 08 sentyabr – 02 noyabr 2010-cu il tarixlərini əhatə edən “Aralıq Hesabat”ını geniş ictimaiyyətə təqdim etdi.
Bu məqsədlə keçirilən tədbirdə AVCİYA seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı əvvəlcə təmsil etdiyi təşkilatın seçkilərlə bağlı indiyədək gördüyü işlər barədə geniş məlumat verdi.
M.Zülfüqarlı bildirdi ki, assosiasiya 7 noyabr 2010-cu il tarixdə keçiriləcək Milli Məclisə seçkilərlə bağlı da namizədlərin irəli sürülməsi, onların MSK-ya müraciətləri, imzatoplama kampaniyası və qeydəalınma proseduru, seçici siyahıları, seçki ilə bağlı qanunverici baza, Milli Məclisə seçkilər ərəfəsində ölkədəki ictimai-siyasi mühit, MSK, DSK və MnSK-ların fəaliyyəti, təşviqat kampaniyası və seçki gününün monitorinqinin təşkili kimi geniş miqyaslı fəaliyyət proqramı həyata keçirir. Yeri gəlmişkən, bu günə qədər görülmüş işlərlə bağlı aralıq hesabat hazırlanaraq media qurumları vasitəsilə ictimailəşdirilib. Həmin hesabat 08 sentyabr — 02 noyabr 2010-cu il tarixlərini əhatə edib.
Qərargah rəhbəri onu da söylədi ki, assosiasiya 26 may 2010-cu il tarixdə mətbuat konfransı keçirərək fəaliyyət proqramını ictimaiyyətə açıqlayıb. AVCİYA Seçki Qərargahı parlament seçkiləri ilə əlaqədar reqionlarda işini əsasən üç mərhələdə təşkil edib:
• I mərhələdə – regional ofislərin işinin parlament seçkilərinə uyğunlaşdırılması işləri həyata keçirilib;
• II mərhələdə – regionlarda müşahidəçilərə təlim keçmək üçün təlimçilər hazırlanıb və onlara AVCİYA-nın sertifikatları təqdim olunub;
• III mərhələdə – seçicilərin fəallığının artırılması ilə bağlı seminarlar və müşahidəçilər üçün treninqlər keçirilib;
Bundan əlavə AVCİYA Seçki Qərargahı Milli Məclisə seçkilərin Uzunmüddətli Müşahidəsini təşkil edir. Müşahidə ilə əlaqədar 8 noyabr 2010-cu il tarixdə, seçkilərdən dərhal sonra AVCİYA-nın seçkilərin nəticələri ilə bağlı ilkin hesabatı, noyabrın 20-nə kimi isə yekun hesabatı ictimaiyyətə təqdim olunacaq. Ilkin və yekun hesabatda AVCİYA-nın Milli Məclisə seçkilərdəki müşahidəsinin nəticələri öz əksini tapacaq. Yekun rəyin azərbaycan və ingilis dillərində kitab şəklində nəşri planlaşdırılıb.
AVCİYA-nın parlament seçkiləri ilə bağlı reallaşdırdığı çoxsaylı tədbirləri sadalayan qərargah rəhbəri qurumun müşahidəçilik fəaliyyətindən danışdı: “AVCİYA bu il keçiriləcək Milli Məclisə seçkilərdə 106 dairə üzrə 4400 məntəqədə müşahidəni təşkil edəcək. AVCİYA Seçki Qərargahının üzvləri seçki ərəfəsi ATƏT-in, Avropa Şurasının müşahidə missiyasının üzvləri, Avropa İttifaqının Bakı ofisinin əməkdaşları, İsveçin Jarl Hjalmarson Fondunun nümayəndələri ilə görüşlər keçirmiş, onlara Seçki Qərargahının fəaliyyəti haqqında geniş məlumatlar vermişlər. Bundan başqa Böyük Britaniyanın Azərbaycanda səfirliyinin nümayəndələri AVCİYA-nın Zaqatala Regional Nümayəndəliyinin ofisində, ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları Şirvan Regional Nümayəndəliyinin ofisində, ATƏT Müşahidə Missiyasının üzvləri və ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları Xaçmaz Regional Nümayəndəliyinin ofisində AVCİYA üzvləri ilə görüşlər keçirmişlər”.

SEÇKİQABAĞI MÜHİT

M.Zülfüqarlı daha sonra assosiasiyanın seçkiqabağı mühitlə bağlı apardığı monitorinqlər barədə təfsilatı ilə məlumat verdi. Onun sözlərinə görə, hazırkı seçkiqabağı mühiti 2005-ci il parlament seçkiləri ərəfəsindəki analoji mühitlə müqayisədə daha konstruktiv qiymətləndirmək olar. Milli Məclisin 8 oktyabr 2010-cu il tarixli iclasında Mərkəzi Seçki Komissiyasının tərkibində uzun müddət boş olan 3 yerdən birinə Müsavat Partiyasından, birinə BAXCP-dən, digərinə isə bitərəfləri təmsil edən yeni üzvlərin təsdiq edilməsi də bunu sübut edir.
“Parlament seçkiləri ərəfəsi beynəlxalq miqyaslı qurumların, xüsusilə ATƏT-in Bakı ofisinin müsbət fəaliyyəti qeyd edilməlidir. Bu beynəlxalq qurum Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə sərbəst toplaşma azadlığı ilə bağlı birgə işçi qrupu təşkil etmiş, İcra Hakimiyyəti Rəhbərləri və Dairə Seçki Komissiyalarının sədrləri üçün seçki prosesinə müdaxilə problemi ilı bağlı məlumat sessiyaları, jurnalistlər və mətbuat xidməti təmsilçiləri üçün təlimlər, siyasi partiyalar və vətəndaş cəmiyyəti ilə müzakirələr, Naxçıvanda vəkil olmaq istəyən hüquqşünaslar üçün 3 həftəlik kurslar və s. təşkil edib, 2010-cu il 21-24 iyun tarixlərində Azərbaycanda Ehtiyacların Qiymətləndirilməsi Missiyasını (EQM) həyata keçirib” – deyən qərargah rəhbəri bu qurumun fəaliyyətini çox yüksək dəyərləndirib.
Bu günə qədər Azərbaycanda parlament seçkilərinin gedişini izləmək istəyən 859 beynəlxalq müşahidəçinin qeydə alındığına, seçkiləri ümumilikdə 49 ölkədən müşahidəçinin izləyəcəyinə, ölkə üzrə seçkiləri müşahidə etmək üçün 2.417 nəfərin MSK-da qeydiyyatdan keçdiyinə, dairələr üzrə seçkiləri müşahidə etmək üçün 29.546 müşahidəçinin qeydə alındığına və s. diqqətləri çəkən Məhərrəm Zülfüqarlı həmçinin Avropa Şurası Parlament Assambleyasının 5 nəfərdən ibarət Seçkiqabağı Missiyasının 21 oktyabr 2010-cu il tarixdə verdiyi bəyanatda seçki prosesinin pozitiv istiqamətdə dəyişməsi barədə fikirlərini də təqdir etdi.

SEÇKİ ADMİNSTRASİASININ FƏALİYYƏTİ

Qərargah rəhbəri monitorinqlər zamanı MSK-nın da bu dəfəki seçkilərdə fəaliyyətinin daha yaxşı təşkil edildiyini bildirdi: “MSK qanunverici sənədlərlə birlikdə 32 təlimat əsasında fəaliyyətini qurub. Bunlardan 15-i xüsusi, 17-si isə ümumi təlimatlardır. Xüsusi təlimatlardan 3-ü 2005-ci ildə qəbul edildiyi kimi qalmiş, 5-nə əlavələr edilmiş, 7-si isə yeni qəbul edilmişdir. Ümumi təlimatlardan 14-ü dəyisiklik edilməklə yenidən təsdiq edilmiş, 3-ü olduğu kimi saxlanılmışdır. Bu təlimatlardan biri “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsi” qaydaları adlanır. Həmçinin MSK-nın bütün qərar və təlimatları www.cec.gov.az saytında yerləşdirilib. Bundan başqa MSK “Polis əməkdaşlarının Milli Məclisə seçkilərdə iştirakına dair Yaddaş” “Müşahidəçilər üçün Yaddaş” və Seçki günü üçün Yaddaş” kitabçaları hazırlayaraq çap edib”.
M.Zülfüqarlı onu da söylədi ki, Azərbaycanda 52 siyasi partiya dövlət qeydiyyatından keçsə də, seçkilərdə 5 siyasi partiyalar bloku və 22 partiya iştirak edir. “AXCP-Musavat”, “Qarabağ”, “İslahat”, “İnsan Naminə” və “Demokratiya” seçki blokları seçki ərəfəsi formalaşıb.
MSK ilin əvvəllərindən noyabrın 2-nə qədər 380 qərar qəbul edib ki, bunun da 298-i daxil olmuş müraciətlərlə bağlı olmuşdur. Bu müraciətlərdən edilmiş şikayətlərin bir qismi aidiyyatı üzrə baxılmaq üçün DSK-lara göndərilmiş, bir qismi əsassız olduğundan təmin edilməmiş və DSK-nın qərarı qüvvədə saxlanılmiş, bir qisminin isə şikayəti təmin edilmiş və DSK-ların qərarları ləğv edilmişdir.

SEÇKİ KAMPANİYASININ MONİTORİNQİ

Məlumdur ki, 15 oktyabr 2010-cu il tarixdən namizədlərin seçkiqabağı təşviqat kampaniyası başlayıb. MSK-nın qərarına görə, İctimai Televiziyada seçki dairələri üzrə hər bir qeydə alınmış namizəd üçün 4 dəqiqə ödənişsiz efir vaxtı və həmin gün efir vaxtından istifadə etmiş seçki dairələrinin namizədləri üçün müvafiq olaraq “Azərbaycan” qəzetinin səhifələrində bərabər həcmdə ödənişsiz dərc yeri ayrılıb. Qərar namizədlər tərəfindən əsasən müsbət qarşılanıb. Bununla yanaşı İTV və Lider TV-də, bir sıra region televiziyalarında namizədlərə ödənişli efir vaxtı şəraiti də yaradılıb.
M.Zülfüqarlının sözlərinə görə AVCIYA Seçki Qərargahı 2010-cu il noyabrın 7-nə təyin edilmiş Milli Məclisə seçkilərlə bağlı KİV-lərdə dərc olunmuş yazıların monitorinqini də aparıb. Monitorinq 01 iyuldan – 29 oktyabra qədər 5 qəzeti ( “Yeni Müsavat”, “Azadlıq”, “Azərbaycan”, “525-ci qəzet”, “Zerkalo” ), 5 telekanalın (İTV, Xəzər, Az.TV, ANS, “Lider”) xəbərlər blokunu, 2 radio (Azadlıq, Radio Anten) və 3 İnternet resursunu (APA, Lent.az və Qafqzinfo.az) əhatə edir. Əhəmiyyətlilik dərəcəsindən asılı olmayaraq monitorinq müddətində 5 qəzetdə seçkilərlə bağlı 1296 yazı verilmişdir. 5 telekanal (İTV, Xəzər, ANS, “Lider”) içərisində İTV seçkilərə daha çox vaxt ayırıb. Digər seçki xəbərləri ilə yanaşı namizədlərin hər birinə 4 dəqiqə efir vaxtı ayırmaqla (719 x 4 =2876 dəqiqə) bu kanal əvvəlki seçkilərdə olduğu kimi digər kanallardan köklü surətdə fərqlənib.
“Lider” TV əvvəlki seçkilərdə olduğu kimi seçki maarifçiliyi və rəsmi xəbərlərin yayımı baxımından digər kanallardan fəallığı ilə seçilib. Telekanalların xəbər blokunun monitorinqi nəticəsində aydın olmuşdur ki, ANS parlament seçkiləri ilə bağlı operativ və tərəfsiz xəbərlərin verilməsi ilə diqqəti cəlb etmişdir.
Bələdiyyə seçkilərindən fərqli olaraq “Xəzər” TV Milli Məclisə seçkilər ərəfəsi seçki mövzusuna nisbətən az vaxt ayırmışdır.
İnternetlə yayımlanan “Obyektiv.tv” də parlament seçkiləri ərəfəsi öz fəallığı ilə seçilib.
Azadlıq radiosu parlament seçkiləri ərəfəsi müxtəlif mövqeli ekspertlərin debatının təşkili baxımından digər radiolardan fərqlənmişdir. Təşviqat kampaniyası zamanı radio mütəmadi olaraq parlament seçkiləri mövzusunda verlişlər təşkil etmişdir. Bundan başqa İctimai radio və Radio Anten də seçkilər mövzusuna xüsusi diqqət vermişlər.
3 İnternet resursu (APA, Lent.az və Qafqazinfo) parlament seçkiləri ilə bağlı informasiyalara xüsusi diqqət ayırsalar da, APA onlar arasında liderlik etmişdir. Bu il namizədlərin əvvəlki seçkilərdən fərqli olaraq internet resurslarından daha çox istifadə etmələri, daha çox sayda təbliğat materiallarının, hətta namizədlərin şəkillərinin yerləşdirilməsini müsbət qiymətləndirmək olar. Yeri gəlmişkən, AVCİYA da avqust ayından başlayaraq “525-ci qəzet”də seçki səhifələri hazırlayaraq indiyədək 11 buraxılışını oxucuların ixtiyarına vermişdir.

TÖVSİYƏLƏR

AVCİYA Seçki Qərargahının rəhbəri çıxışının sonunda monitorinqlərin sonucu olaraq gəlinən nəticələr və müvafiq tövsiyələr barədə danışdı. Dedi ki, ölkəmizdə keçiriləcək növbəti seçkilərə qədər bir sıra maarifçilik istiqamətli tədbirlərin genişləndirilməsinə və seçki qanunvericiliyinin təkmilləşdirilməsinə ehtiyac var. Bu sırada gələcəkdə Venesiya Komissiyası ilə əməkdaşlığın davam etdirilməsi ölkədə vətəndaş cəmiyyəti quruculuğuna, daha demokratik və ədalətli seçkilərin keçirilməsinə müsbət təsir göstərə bilər. İkincisi, ictimai nəzarətin gücləndirilməsi üçün KİV, QHT-lərlə yanaşı sadə vətəndaşların fəallığının da artırılması, QHT-hökumət əməkdaşlığının daha da genişləndirilməsi məqsədəuyğundur, üçüncüsü, namizədlərin siyasi partiyalar tərəfindən irəli sürülməsi və qeydiyyatı prosedurlarının gələcəkdə təkmilləşdirilməsi, gələcəkdə Seçki Məcəlləsində bu prosedurun sadələşdirilməsi zəruridir, dördüncüsü, seçki komissiyalarının formalaşdırılması prinsipinin dəyişdirilərək onların siyasi partiyaların nəzarətindən çıxarılması, komissiyaların müstəqil şəxslərdən, birpilləli test imtahanının nəticələri əsasında təşkil edilməsi məqsədəuyğundur və s. M.Zülfüqarlı sonda bir vacib məqama da toxundu. Bu, sabiq Milli Məclisin öz plenar iclaslarını seçki təşviqatının başlandığı günə qədər yekunlaşdırmasının zəruriliyinə aid idi. Qərargah rəhbəri bu dövrdə keçmiş Milli Məclisin toplaşmasının yenidən namizəd olmuş sabiq deputatların kampaniyasına qismən də olsa xidmət etdiyini və bunun digər oponentlərinin narazılığına səbəb olduğunu dedi.
Tədbirin sonunda M.Zülfüqarlı media mənsublarını maraqlandıran çoxsaylı sualları cavablandırdı.