AVCİYA Şirvan bölgəsində də seçki hazırlıqlarını yekunlaşdırdı

AVCİYA Referendumla bağlı regionlarda seminarları başa vurdu
Ermənilərin Qaradağlı kəndində törətdiyi soyqırım cinayəti haqqında kitab nəşr olunub
AVCİYA Şən və Hazırcavablar Klubundan təxribata son qoyulmasını tələb edib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bu il Milli Məclisə 4-cü çağırışla bağlı keçiriləcək seçkilərdə müşahidəçilik missiyasını Ucar Regional Nümayəndəliyini əhatə edən rayonlar üzrə də yekunlaşdırıb. Belə ki, nümayəndəlik bu il noyabrın 7-də keçiriləcək seçkilərə hazırlıq prosesinin 3-cü mərhələsi də artıq başa çatdırıb. Ötən buraxılışlarımızda oxucuları AVCİYA-nın ayrı-ayrı regional nümayəndəliklərində aparılan müvafiq hazırlıq işləri barədə məlumatlandırmışıq. Qeyd etdiyimiz kimi, seçki günü yetişənə qədər həm paytaxt Bakıda, həm də region nümayəndəlikdə bu istiqamətdə işlər davam etdirilir. Budəfəki həmsöhbətimiz isə AVCİYA Ucar Regional Nümayəndəliyinin rəhbəri Nüsrət Soltanov olub.
– Nüsrət müəllim, ilkin olaraq, regional nümayəndəliyin fəaliyyəti barədə məlumat verərdiniz…
– Bizim regional nümayəndəliyimiz 5 rayonu – Ucar, Göyçay, Şamaxı, Kürdəmir, Qobustan rayonlarını əhatə edir. Artıq bir neçə ildir bu sahədə fəaliyyət göstərdiyim üçün AVCİYA-nın hər seçki ilində həyata keçirdiyi müşahidə missiyasının mütəşəkkil təşkil olunmasına çalışıram. İlkin olaraq qeyd edim ki, bu ilin mart ayında AVCİYA-nın Seçki Qərargahı tərəfindən parlament seçkilərində müşahidəçilik missiyasını uğurla həyata keçirmək üçün regional nümayəndəlik yenidən formalaşdırıldı. Əvvəlki seçki illərində yaranmış nöqsanlar ilbəil aradan qaldırılıb. Hazırlıq mərhələsi dövründə rayonlarda koordinatorlar təyin edilib, onların fəaliyyət göstərdiyi rayonlarda iş şəraitləri ilə tanış olmuşuq. Kürdəmir və Göyçay rayonlarında müşahidəçi qismində cəlb olunan insanlarla görüş keçirilib və onların bu sahəyə aid sualları cavablandırılıb. Qeyd edim ki, yaxın günlərdə AVCİYA Seçki Qərargahı tərəfindən regional nümayəndəliyə daxil olan rayonların müşahidəçiləri üçün təlimlər başlayacaq və onlara yerli və beynəlxalq təcrübə barədə məlumatlar veriləcək.
– Müşahidəçilərin seçimi zamanı hansı kriteriyalara üstünlük verilib?
– Regional nümayəndəlik olaraq bu istiqamətdə bir sıra işlər həyata keçirmişik. Belə ki, müşahidə aparılacaq mənətəqələrə kənardan deyil, həmin ərazidə yaşayan insanları cəlb etmişik. Bunlar da əsasən ali təhsilli, seçki sahəsində təcrübəsi olan insanlardır. Həmçinin, kəndlərdə bizim kriteriyalara məxsus insanlar olmadıqda rayon mərkəzlərindən həmin məntəqələrə müşahidəçilər göndərilir. Bu il müşahidəçiliklə bağlı yeni insanlar da cəlb edilib ki, onlara bu sahədə müəyyən tövsiyyələr verilib. Bir məqamı da qeyd edim ki, artıq regional nümayəndəlik tərəfindən müşahidəçilər seçilib və bu sahədəki işlər demək olar tamamlanmaq üzrədir.
– Bütövlükdə regional nümayəndəliyə daxil olan rayonlarda seçici fəallığı müşahidə edilirmi?
– Təbliğat və təşviqat dövrünə qədər bir sıra rayonlarda seçici fəallığı bir o qədər hiss edilmirdi. Digərlərində isə bu sahədə müəyyən çatışmazlıqlar müşahidə edilirdi. Amma təbliğat və təşviqata rəsmən icazə verildikdən sonra yerli əhalinin seçkilərə marağı artıb.
– Beynəlxalq təşkilatların nümayəndələri hər seçki ilində regionlarda olurlar və yerli təşkilatların təmsilçiləri ilə görüşlər keçirirlər. Bu il belə görüşlər keçirilibmi?
– Beynəlxalq təşkilatların nümayəndələri bizim regional nümayəndəliyin əhatə olunduğu bir sıra rayonlarda olublar, lakin onlarla görüşümüz olmayıb. Amma yaxın günlərdə belə görüşlərin keçirilməsi nəzərdə tutulub. Xatırladım ki, ötən seçki dönəmində beynəlxalq təşkilatların nümayəndələri ilə belə görüşlərimiz olub. Bu görüşlərdə onlarla seçki prosesi ilə bağlı söhbətlər aparılıb və eyni zamanda onlar AVCİYA-nın bu sahədəki fəaliyyəti ilə maraqlanıblar.