Avropa Şurası Parlament Assambleyasının tragikomik qərarı və ya 14 nəfərin “ömürlük cəza”sının anatomiyası haqqında

Bakı Bəyannaməsi: Terrorizm, separatizm və zorakı ekstremizmlə mübarizə sahəsində əməkdaşlıq gücləndirilməlidir
AŞPA nəzdində korrupsiya iddialarına dair Müstəqil İstintaq Qrupunun hesabatı hansı məqamlardan xəbər verir?  
AVCİYA Prezident seçkiləri ilə əlaqədar seminarlara yekun vurdu

AŞPA-nın Prosedur Qaydaları, Toxunulmazlıqlar və İnstitusional Məsələlər Komitəsi 14 nəfər deputatın Avropa Şurası və Parlament Assambleyasının binalarına daxil olmaq hüququndan ömürlük məhrum edilməsi barədə qərar qəbul etmişdir. Açığı Komitənin bu qərarı məni xeyli təəccübləndirdi. Qəbul edilmiş qərarın incəliklərinə və ya başqa sözlə detallarına varsanız, siz də xeyli təəccüblənəcəksiniz.

 

Beləliklə,

Birinci detal: Prosedur Qaydaları Komitəsinin “Avropa Şurası və Parlament Assambleyasının binalarına daxil olmaq hüququndan ömürlük məhrum edilməsi” formasında “cəzalandırdığı” 14 nəfərdən heç biri AŞPA üzvü deyil, 11 nəfəri isə hazırda ümumiyyətlə heç bir siyasi fəaliyətə malik deyillər.

İkinci detal: “Cəzalandırılan” şəxslərin əksəriyyəti keçmiş deputatlardır, artıq öz ölkələrində parlament üzvləri deyillər və aktiv siyasi-ictimai fəaliyyətlə məşğul olmurlar.

Təəccüblüdür, deyilmi? Əgər, hansısa təşkilatın üzvü olmayan şəxsə həmin təşkilatın binasına daxil olmaq qadağan edilirsə, bu “qadağa”nı necə şərh etmək olar? Əgər həmin şəxs üstəlik təşkilata üzvlük statusu əldə etmək üçün heç bir şansı olmayan biridirsə, yəni öz ölkəsinin parlament üzvü deyilsə, onda necə? Bu, zənnimcə, vegetarianlar üçün ət yeməyə tətbiq edilən qadağanı xatırladır.

Üçüncü detal: Qərarda hər bir “cəzalandırılanla” bağlı “ömürlük məhrum edilməsi”  ifadəsinə rast gəlinir.

Maraqlıdır, deyilmi? Məlumdur ki, hər hansı deputat AŞPA-nın sessiya və komitə  iclaslarında iştirak etmək məqsədi ilə  Strasburqa səfər edirlər və bu səfər həmin deputatların milli parlamentləri tərəfindən maliyyələşdiririlir.

Görəsən, artıq AŞPA üzvü və öz ölkələrində milli parlamentlərin üzvü olmayan, aktiv fəaliyyətlə məşğul olmayan hansı insan öz təqaüdü hesabına Avropa Şurasına getmək istər? Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, “cəzalandırılımış” şəxslərdən bəziləri artıq 10 ildən artıqdır ki, deputat deyillər və siyasi fəaliyyətlərini dayandırmışlar. Sual edilir: əgər onlar hər hansı AŞPA üzvü ilə görüşmək istəsələr, həmin üzvün öz şəhərinə, ya fərqli bir Avropa paytaxtında, yaxud da elə Ştrasburqda bir kafedə görüşə bilməzlərmi? Bununla belə, ömürünün böyük hissəsini ictimai-siyasi fəaliyyətə həsr etmiş, artıq təqaüddə olan və həyatının ahıl dövrünü yaşayan insanların “ömürlük” “cəzalandırılması” nə dərəcədə Avropanın tez-tez səsləndirdiyi humanizm prinsipi ilə uzlaşır? Belə bir qərarın verilməsi daha çox sərsəm və tragikomik xarakter daşımırmı?

Dördüncü detal: Komitə tərəfindən “cəzalandırılan” şəxslərin siyahısına nəzər saldıqda, görünür ki, bu şəxslərin çoxu Azərbaycanın haqq səsini müdafiə edən, zaman-zaman Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı obyektiv fikirlər səsləndirən siyasətçilərdir. Zənnimcə, qərar verənlərin iç üzünü açmaq üçün daha bir detala diqqət yetirməliyik. Düşünürəm ki, bu məqam Avropa institutunun obyektivliyini birdəfəlik şübhə altına ala biləcək qədər ciddidir və qərar verənlərin iç üzünü açmış olur.

Nəhayət, sual edilir: AŞPA öz üzvü olmayan, əsasən təqaüddə olan və şüurlu həyatının əsas hissəsini ictimai-siyasi fəaliyyətlə məşğul olmuş insanların “Avropa Şurası və Parlament Assambleyasının binalarına daxil olmaq hüququndan ömürlük məhrum edilməsi” barədə qərarı ilə nə demək istəyir? Bu o demək deyilmi ki, AŞPA-da artıq real işlərlə deyil, imitasiya xarakterli fəaliyyətlə məşğul olurlar.

Sonda Prosedur Qaydaları Komitəsinin qəbul etdiyi qərarın haradan qaynaqlanması ilə tanış olmaq üçün sizi 12 iyun tarixli “AŞPA Azərbaycanı yenidən siyasi poliqona çevirmək istəyir” və 19 iyun tarixli “Nə üçün Müstəqil Kənar İstintaq Orqanı ilə əməkdaşlıqdan imtina etmişdim?” adlı məqalələrimi oxumağa dəvət edirəm.

 

 

Elxan Süleymanov

Millət Vəkili