Azərbacanla Avropa Şurası arasında yeni Fəaliyyət Planı hazırlanıb

Veronika Kotek: “Moskva Bəyannaməsi xüsusi öhdəliyin yenidən təsdiqlənməsidir”
Biz, jurnalistlərin həbsə alınmasının, həbsdə yatmasının tərəfdarı deyilik”
Avrasiya İqtisadi Birliyi gömrük ittifaqı çətin ki, 2010-cu ilin əvvəlində fəaliyyətə başlasın

Şurası yanında Daimi Nümayəndəsi, Səfir Arif Məmmədovun TrendNews-a eksklüziv müsahibəsi
– Avropa Şurası (AŞ) Baş Katibinin Dağlıq Qarabağ və işğal olunmuş digər Azərbaycan ərazilərində mədəni irsin vəziyyətini dəyərləndirmək üçün faktaraşdırıcı missiyasının bölgəyə səfəri nəzərdə tutulurdu. Analoji missiyanın AŞPA-nın Mədəni İrs üzrə Alt Komitəsinin sədri O’ Hara tərəfindən həyata keçiriməsi çoxdandır gündəmdədir. Bu məsələlərlə bağlı son vəziyyət haqqında nə deyə bilərsiniz ? Ziyan çəkmiş abidələrin, yerlərin yekun siyahısı AŞ Katibliyinə təqdim olunubmu? Bu missiyaların yaxın zamanlarda regiona səfəri gözlənilirmi? Səfərin gecikməsinə səbəb nədir?

— AŞ Baş Katibinin Dağlıq Qarabağ və işğal olunmuş digər Azərbaycan ərazilərində mədəni irsin vəziyyətini dəyərləndirmək üçün faktaraşdırıcı missiyasının bölgəyə səfəri hələlik təxirə salınıb. Bununla bağlı AŞ Baş Katibi artıq rəsmi olaraq tərəflərə məktub ünvanlayıb. Səfərin indiyədək baş tutmamasının müxtəlif səbəbləri var. İlk növbədə, bu, bir çox məsələlərin razılaşdırılmaması ilə bağlıdır. Belə ki, əvvəlcədən razılaşdırılmışdı ki, sözügedən missiya həm Azərbaycana, həm də Ermənistana birgə səfər edəcək. AŞ tərəfindən təklif olunan siyahıda isə yalnız Azərbaycan ərazisində, o cümlədən işğal altında olan ərazilərdə yerləşən tarixi -mədəni abidələrdən söhbət gedir. Bu siyahıda Ermənistan ərazisində yerləşən Azərbaycana aid tarixi-mədəni abidələr, eləcə də azərbaycanlılara məxsus qəbiristanlıqlar öz əksini tapmadığından, Azərbaycan tərəfi ona yenidən baxılmasını təkid edib. Səfərin marşrutu ilə bağlı məsələ də açıq qalır. Biz bildirmişik ki, Dağlıq Qarabağa səfər yalnız Azərbaycan ərazisindən həyata keçirilməlidir. Eyni zamanda, missiyaya daxil olacaq ekspertlərin seçilməsi məsələsi də var. Biz missiyanın tərkibinə yalnız AŞ-da çalışan əməkdaşların deyil, bu sahədə beynəlxalq təcrübəyə malik ekspertlərin daxil olması məsələsini qaldırmışıq. Bu məsələ də hələlik öz həllini tapmayıb. Bizdə olan məlumatlara görə, Ermənistan da bir sıra təkliflər verib.

AŞPA – nın Mədəni İrs üzrə Alt Komitəsinin Cənubi Qafqazda mədəni irs üzrə məruzəçisi O’Haranın səfəri ilə bağlı həm Azərbaycan tərəfindən, çox güman ki, Ermənistan tərəfindən də bir sıra suallar var idi. Belə qərara alınmışdı ki, AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin fəaliyyəti bərpa olunduqdan sonra, AŞPA-dakı həm Azərbaycan, həm də Ermənistan nümayəndə heyətlərinin sədrləri bu Komitə çərçivəsində görüşsünlər və məsələni yenidən müzakirə etsinlər. Bu görüşə O’Hara da dəvət oluna bilər. Hələlik belə bir görüş planlaşdırılmayıb. Bildiyiniz kimi, adıçəkilən Komitənin əvvəlki sədri lord Rassel Constonun vəfatından sonra bu Komitə fəaliyyətini dayandırmışdır, çünki yeni sədrin seçilməsi məsələsi gündəmdədir.Ümumiyyətlə, bu sessiyada Ermənistan nümayəndə heyətinin səlahiyyətlərinin dondurulması məsələsinə baxılacağını nəzərə alsaq, sessiya çərçivəsində sözügedən görüşün keçirilməsi və ya səfərlə bağlı hər hansı müzakirələrin olması gözlənilmir.

Buna görə, istər Baş Katibin faktaraşdırıcı missiyasının, istərsə də AŞPA-nın Cənubi Qafqazda mədəni irs üzrə məruzəçisinin bölgəyə səfərində ortaya çıxan çətinliklər, eləcə də onun həyata keçirilməsi aspektlərində açıq qalan məsələlər olduğuna görə, səfər təxirə salınıb.

— AŞPA -da quruma üzv ölkələrin ərazisində münaqişələrin qarşısını almaq məqsədilə Alt Komitə yaradılıb. Alt Komitənin fəaliyyət dairəsinə hansı məsələlər daxildir? Sözügedən Komitə hansı istiqamətdə fəaliyyət göstərəcək?

— Alt Komitə keçən ilin noyabrın 17-də AŞPA-nın Siyasi Məsələlər Komitəsinin Parisdə keçirilən iclasında yaradılıb və onun keçən il dekabrın 15-də ilk iclası keçirilib. Bu Komitənin yaradılması zərurəti Gürcüstan – Rusiya münaqişəsindən sonra ortaya çıxıb. Komitə AŞ-nin üzv dövlətləri ərazisindəki münaqişələri müzakirə edəcək. Bu Alt Komitə yeni olduğundan, hələlik bu sahədə konkret fəaliyyət sahələri bildirilməyib. Yanvar sessiyası zamanı onun AŞPA Bürosuna AŞ ölkələri ərazisində münaqişələrin qarşısını almaq məqsədilə öz təkliflərini verməsi nəzərdə tutulur.

— AŞ – nin Azərbaycanla bağlı yeni Fəaliyyət Planı (FP) varmı?

— AŞ – nın Azərbaycanla bağlı Fəaliyyət planının layihəsi artıq hazırlanıb və Azərbaycan hakimiyyəti bu Plana öz təkliflərini bildirib. Fəaliyyət Planı 2008 – 2010-cu illər üçün nəzərdə tutulub. Fevralın əvvəlində Azərbaycan tərəfinin Planla bağlı təkliflərinə Nazirlər Komitəsinin (NK) Demokratiya üzrə məruzəçilər Qrupunun (GR-DEM) növbəti iclasında baxılacaqdır. Fəaliyyət Planı çox genişdir və bir çox sahələri, o cümlədən məhkəmə – hüquq sistemində islahatların davam etdirilməsi, KİV, hüquqi sahədə əməkdaşlıq, Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarının Azərbaycanda icrası və bununla bağlı məsələlərə baxılması sahəsində daxili prosedur qaydalarının asanlaşdırılması, penitensiar sistemdə islahatların davam etdirilməsi, demokratik proseslərin inkişafı, vətəndaş cəmiyyətinin inkişafı, sosial hüquqların təmin edilməsi, Avropa Sosial Xartiyasının tətbiqi, mədəniyyətlərarası dialoq, təhsil, mədəniyyət, milli irs kimi sahələri əhatə edir.

Vətəndaş cəmiyyətinin inkişafı sahəsində Siyasi Elmlər Məktəbi AŞ-nin bu günədək həyata keçirdiyi ən uğurlu layihələrindən biridir. Bu layihə uğurlu nəticələr verdiyi üçün, onun davam etdirilməsi nəzərdə tutulur. Bu, cəmiyyətin geniş təbəqələrini əhatə edən bir layihədir. Bakı Siyasi Elmlər Məktəbi də bu çərçivədə önəmli yer tutduğu və AŞ ölkələri arasında aparıcı Məktəb kimi fəaliyyət göstərdiyi üçün, ona xüsusi diqqət yetirilir.

— 2009-cu ildə Azərbaycanda AŞ tərəfindən KİV, insan haqları, məhkəmə sistemi və s. sahələrdə hansı işlərin görülməsi nəzərdə tutulur?

— Bu məsələlər əsas fəaliyyət istiqamətləridir və AŞ ilə 2009-cu il ərzində bu sahələr üzrə əməkdaşlığımız davam etdiriləcək. KİV, insan haqları, məhkəmə sistemi ilə bağlı məsələlər yuxarıda qeyd olunan FP-da yer alıb və bu istiqamətdə işlər davam etdiriləcəkdir.

— Azərbaycanla “Aqo” Qrupu arasında əməkdaşlığın indiki səviyyəsini necə qiymətləndirirsinz? Qrupun cari ildə Azərbaycana və ya Cənubi Qafqaza səfəri gözlənilirmi?

– AŞ Nazirlər Komitəsinin (NK) “Aqo” Monitorinq Qrupu ilə əməkdaşlığımız uğurla gedir. Bildiyiniz kimi, “Aqo” Qrupu NK-də öz fəaliyyəti ilə bağlı mütəmadi olaraq məlumatlar verir. Cari ilin fevralın 6- da “Aqo” Qrupunun iclası keçiriləcək və bundan sonra Qrupun gələcək fəaliyyət xətti müəyyənlədiriləcək. “Aqo” Qrupuna daxil olan üzv dövlətlərin səfirlərinin iştirakı ilə keçirilən bu iclasda tərəfimizdən, Azərbaycanda həyata keçirilən islahatlar, cari ilin mart ayının 18- də keçirilən referendumla bağlı, quruma məlumat veriləcək. Qeyd edim ki, fevralın əvvəlində Azərbaycan hakimiyyət orqanlarına yuxarıda qeyd olunan, eləcə də digər məsələlərlə bağlı ənənəvi yazılı suallar ünvanlanacaq. Bu suallar Azərbaycan tərəfinə təqdim ediləcək. Biz qısa müddətdə bu sualları cavablandırmalıyıq.

“Aqo” Qrupunun Azərbaycana növbəti səfərinə gəldikdə, hələlik bununla bağlı yekun qərar yoxdur və dəqiq tarixlər hələ müəyyənləşdirilməyib. Ilkin məlumatlara görə, bu səfər 2009 – cu il iyunun əvvəlində həyata keçirilə bilər.

— Bu yaxınlara AŞ rəhbərliyi Azərbaycanda xarici radiostansiyaların yayımının dayandırılmasından narahatlığını ifadə edib. Bu barədə nə deyə bilərsiniz?

— Qeyd edim ki, bu il yanvarın 15-də “Aqo” Qrupunun sədri ilə keçirilən görüşdə bir sıra məsələlər, o cümlədən xarici radiostansiyaların milli tezliklərdə yayımlanmasının dayandırılması da müzakirə edilib. Bildirilib ki, bu addım Azərbaycan qanunvericiliyinin tələblərindən irəli gəlir və qanunvericiliyin bu tələbi heç bir AŞ sənədi və ya konvensiyalarına zidd deyildir. AŞ üzvü olan ölkələrin böyük əksəriyyətində belə bir prosedur yoxdur və milli tezliklərdə yalnız milli televiziya və radio kanalları yayımlanır.Bu sahədə Azərbaycanda tənzimləmə sistemi yaradılıb və əksər dövlətlərdə olduğu kimi, milli tezliklərdə yalnız yerli radiostansiyalar və eyni zamanda, xüsusi təcili yardım məqsədləri üçün, eləcə də digər fövqəladə qurumlar tərəfindən istifadə olunur. Beləliklə, tamamilə hüquqi xarakter daşıyan bu məsələ siyasiləşdirilməməlidir. İstənilən halda, xarici radiostansiyalar orta və qısa dalğalarda, kabel və ya peyk, İnternet vasitəsilə yayımlana bilərlər.

Azərbaycanda milli tezliklərdə radio yayımçılarının fəaliyyətini tənzimləyən sistem yaradılıb və o, KİV azadlığına qarşı yönəlməyib.

— 2008 – ci ilin dekabrında Bakıda keçirilmiş mədəniyyətlərarası dialoqa dair beynəlxalq konfrans çərçivəsində, mədəniyyətlərarası dialoqun inkişafını nəzərdə tutan “Bakı Bəyannaməsi”qəbul edildi. Bu istiqamətdə aparılan işləri necə qiymətləndirisiniz? Ümumilikdə, 2009 – cu ildə bu sahədə hansı tədbirlərin keçirilməsi nəzərdə tutulur?

— 2008 -ci il dekabrın 2-3-də Bakıda təşkil olunmuş Mədəniyyət Nazirlərinin mədəniyyətlərarası dialoqa həsr olunmuş beynəlxalq konfransı, deyərdim ki, AŞ-nin bu sahədə keçirdiyi konfranslar arasında ən yüksək səviyyədə keçirilmiş konfransdır. Heç vaxt konfranslarda bu sayda Nazirlər səviyyəsində şəxslər iştirak etməyib. Konfransda 48 ölkənin nümayəndəsi iştitak edib. Sözügedən konfrans böyük maraq və diqqətə səbəb olub. Bundan əlavə, konfransda mədəniyyətlərarası dialoqa dair “Bakı Bəyannaməsi”nin qəbul edilməsi Azərbaycanın mədəniyyətlərarası dialoqda əhəmiyyətli rol oynadığının aydın təzahürüdür. Xüsusi qeyd etməliyəm ki, bu konfrans Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət mərkəzində olmuşdur. Belə ki, Prezidentin bu məqsədlə verdiyi sərəncama əsasən, bu tədbirə uzun müddət hazırlıq görülmüşdür. Eyni zamanda Azərbaycan Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin və müavini Sevda Məmmədəliyevanın da rolunu xüsusi qeyd etmək istərdim. Nazirlik tərəfindən 2008 – ci il ərzində bu konfransla bağlı hazırlıq işləri və müzakirələr getmişdir. Qeyd etməliyəm ki, bəzi ölkələr “Bakı Bəyannaməsi”nin və “Bakı prosesi”nin başlanmasına qısqanclıq hissi ilə yanaşır və müxtəlif bəhanələrlə maneələr yaratmağa çalışırdılar, çünki həmin ölkələr mədəniyyətlərarası dialoq məsələsində öz rollarını daha da qabartmaq istəyirdilər. Mühüm olan odur ki, konfrans çox peşəkar şəkildə təşkil edilmişdir. Mədəniyyət və Turizm Nazirliyi və Daimi Nümayəndəlik bununla bağlı mütəmadi olaraq məlumatlar vermiş və AŞ-nin Təhsil, Mədəniyyət və İrs, Gənclər və İdman üzrə Baş direkrotu Battaini-Draqoni Qabriella və Mədəniyyət, mədəni və təbii irs üzrə direktoru Robert Palmerlə sıx təmaslarda olmuşdur. Bu isə, öz növbəsində, çox müsbət nəticənin əldə olunmasına gətirib çıxardı. Bu konfrans Azərbaycanın Şərqlə Qərb, İslam dünyası və AŞ arasında körpü rolunu uğurla yerinə yetirməyə hazır olduğunun bariz nümunəsidir. AŞ “Bakı Bəyannaməsi”nin gerçəkləşdirilməsinə artıq indidən diqqət yetirməyə başlayıb. Belə ki, Bəyannamədən irəli gələn prinsiplərin AŞ-nin Mədəniyyət üzrə Rəhbər Komitəsinin növbəti plenar iclaslarının birində müzakirəsi gözlənilir.

Digər tərəfdən, ilk dəfə idi ki, AŞ ilə İslam dövlətlərinin təmsilçiləri (ALECSO, İSESCO) ilə eyni masada bu səviyyədə geniş məsələlər müzakirə edilib. TÜRKSOYda Mədəniyyətlərarası dialoqda “Bakı Prosesi”nə qoşulmaq istəyini bildirib. Bu məsələ AŞ rəhbərliyinin diqqətinə çatdırılib. Əlamətdar hadisədir ki, İslam Konfransı Təşkilatı (İKT) 2009-cu ildə Azərbaycanı islam ölkələrinin mədəniyyət mərkəzi elan olunmasına qərar vermişdir. Bu çərçivədə Bakıda keçiriləcək tədbirlərdə AŞ də təmsil olunacaq və beləliklə, “Bakı Prosesi”nin həyata keçirilməsi istiqamətində addımlar atılacaqdır.

Bakı konfransında bir çox vacib məsələlər, xüsusilə də “İncəsənət xadimləri dialoq naminə” (“Artists for dialogue”) təşəbbüsü irəli sürüldü. Biz ölkəmizin təklif etdiyi bir format olan bu təşəbbüsü davam etdirəcəyik. Bu təşəbbüsdə mədəniyyət və incəsənət xadimlərinin, artistlərin, ümumiyyətlə, bu sahəyə aid olan şəxslərin mədəniyyətlərarası dialoqun inkişafına töhfələrinin əhəmiyyəti vurğulanır. Adıçəkilən təşəbbüs layihələndirmə mərhələsindədir və AŞ Katibliyi ilə müzakirə edildikdən sonra, onun modallıqları müəyyən ediləcəkdir.

— Venesiya Komissiyası dəfələrlə Azərbaycanın Seçki Məcəlləsi və Siyasi partiyalar haqqında qanun layihəsi üzərində əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Yaxın zamanlarda Azərbaycan hakimiyyəti ilə AŞ – nin Venesiya Komissiyası (VK) arasında bu və digər məsələlərlə bağlı əməkdaşlıq nəzərdə tutulurmu?

— Venesiya Komissiyası ilə də əməkdaşlığımız çox sıxdır və uğurla həyata keçirilir. Əməkdaşlıq mütəmadi gedən bir prosesdir. VK-nın xüsusiyyəti ondan ibarətdir ki, o, hansısa məsələdə təkid etmir. Bu isə, ikitərəfli əməkdaşlıqda normal mühitin yaranmasına kömək edir. Komissiya Azərbayanda qanunvericilik bazasının təkmilləşdirilməsi, qanunların hüquqi ekspertizasının aparılmasında və s. sahələrdə kömək göstərir və öz rəyini bildirir. /Trend/