Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul edib

XİN: Şuşanın işğalı Ermənistanın Azərbaycana qarşı sistematik işğalçılıq siyasətinin tərkib hissəsidir
Azərbaycan Prezidenti İlham Əliyev Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edib
Türkiyə daxili polad magistrallarını Bakı-Tbilisi-Qars dəmir yoluna birləşdirəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Rusiya Federasiyası Baş nazirinin müavini xanım Olqa Qolodetsi qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Rusiya Prezidenti Vladimir Putinin VI Bakı Beynəlxalq Humanitar Forumuna göndərdiyi təbrik məktubuna görə minnətdarlığını bildirdi və orada qeyd olunan fikirlərin önəmini vurğuladı. Prezident İlham Əliyev Rusiyanın bu tədbirdə belə geniş tərkibdə təmsil olunmasından məmnunluğunu ifadə etdi.

Dövlətimizin başçısı bildirdi ki, Rusiya Prezidenti ilə son görüşləri zamanı ikitərəfli münasibətlərin müxtəlif sahələri, o cümlədən bu Forumla bağlı məsələlər də müzakirə olundu və əməkdaşlığımızın bütün istiqamətlərdə, eləcə də humanitar sahədə inkişafından məmnunluq ifadə edildi. Dövlətimizin başçısı qeyd etdi ki, qonşu və dost ölkələr olan Azərbaycan ilə Rusiyanın bu sahədə əlaqələri nümunəvi xarakter daşıyır və humanitar əməkdaşlıq məsələsi demək olar ki, dövlət başçıları arasında keçirilən bütün görüşlərin gündəliyində durur. Prezident İlham Əliyev bildirdi ki, siyasi sahədə əlaqələr də uğurla inkişaf edir. Bu baxımdan dövlətimizin başçısı bir aydan az bir müddətdə özünün Rusiyaya rəsmi səfəri və Vladimir Putinin də Azərbaycana səfərinin həyata keçirilməsinin əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi olduğunu qeyd etdi.

Forumun bir daha ölkələrimiz arasında yaxın əlaqələrin mövcud olduğunu nümayiş etdirdiyini deyən Prezident İlham Əliyev bu tədbirdə demək olar ki, dünya birliyinin yarısının təmsil olunmasını Foruma olan böyük diqqətin təzahürü kimi qiymətləndirdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən Rusiya Federasiyası Baş nazirinin müavini xanım Olqa Qolodets ölkəmizin, şəxsən Prezident İlham Əliyevin Humanitar Foruma göstərdiyi bu cür diqqətə görə minnətdarlığını bildirdi. Bu tədbirin iki ölkənin dövlət başçıları tərəfindən irəli sürülmüş təşəbbüs olduğunu vurğulayan qonaq forumdan-foruma iştirakçıların sayının artdığını və gündəliyin daha da genişləndiyini vurğuladı. O qeyd etdi ki, bu Forumda müzakirə olunan məsələlərin gündəlik həyatda reallaşması böyük önəm daşıyır.

Daha sonra xanım Olqa Qolodets vurğuladı ki, həm Azərbaycan, həm də Rusiya davamlı olaraq tolerantlıq siyasətinin həyata keçirilməsi və milli mədəniyyətlərin vəhdət şəklində inkişaf etdirilməsi baxımından dünyaya bir nümunədirlər. O, ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirək Forumun humanitar sahədə əməkdaşlıq işinə böyük töhfə verdiyini bildirdi.