Azərbaycan QHT-si ölkədəki seçkiqabağı vəziyyətlə bağlı aralıq hesabatını açıqlayıb

AVCİYA Lənkəran və Lerikdə seminar keçirdi
Elxan Süleymanov: “Sərsənglə bağlı AŞPA məruzəçisi dekabrın 14-də Azərbaycana səfər edəcək”
AVCİYA seçkilərlə bağlı bəyanatla çıxış etdi

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) ölkədəki seçkiqabağı vəziyyətlə bağlı müşahidələrin yekunları üzrə aralıq hesabat dərc edib.

“2005-ci ildəki parlament seçkiləri ilə müqayisədə Azərbaycanda indiki seçkiqabağı vəziyyəti daha konstruktiv vəziyyət kimi xarakterizə etmək olar”, – AVCİYA seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı Trend Beynəlxaql İnformasiya Agentliyinin mətbuat mərkəzində keçirilən mətbuat konfransında bildirib.

Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin olunub.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabrında keçirilib. Azərbaycanda ölkənin qanunverici orqanına seçkilər 125 seçki dairəsində majoritar sistemdə aparılır.

AVCİYA monitorinqinin nəticələrinə görə, siyasi partiyalar namizədlərə təbliğat aparmaq üçün vəsait ayırmırlar. Bu da 2005-ci il ilə müqayisədə efir vaxtına və qəzetlərdə reklam üçün çap yerlərinə tələbatın az olmasına gətirib çıxarır. Hesabatda namizədlərin seçicilərlə görüşlərinin lazımi səviyyədə keçirilməməsi də qeyd olunub.

“Namizədlərin pulsuz efir vaxtındakı çıxışları bir seçki dairəsindən bir neçə namizədin platformasının eyni olduğunu nümayiş etdirir”, – Zülfüqarlı bildirib. O qeyd edib ki, namizədlər gələcəkdə fərdi platformalarının müəyyən edilməsi üzrə izahat işi aparmalıdırlar.

Assosiasiyanın nümayəndəsi müşahidəçilər üçün yaradılan şəraitin bəzi seçki məntəqələrində zəruri tələblərə tam cavab vermədiyini bildirib. “Bir sıra məntəqələrdə müşahidəçilər üçün nəzərdə tutulan yerlər səsvermə yerlərindən uzaqdadır”, – Zülfüqarlı bildirib.

AVCİYA 2004-cü ildən Azərbaycanda seçkilərin müşahidəsini həyata keçirir. 2010-cu il parlament seçkilərində Assosiasiya 106 dairənin 4400 məntəqəsində müşahidə aparacaq.

/Trend, müxbir M.Əliyev/