Azərbaycanın regionları ilə tanışlığa başlamaq üçün 6 muzey

ATƏT/DTİHB-nin Ehtiyacların Dəyərləndirilməsi Missiyası Azərbaycana səfərin yekunları ilə bağlı hesabat yayıb
Tartu şəhərində Azərbaycana həsr olunan romanın təqdimatı keçirilib
ilyas-babayev.az saytı fəaliyyətə başlayıb

Tarix-diyarşünaslıq muzeyləri sizin Azərbaycanda baş çəkəcəyiniz mühüm obyektlərdən olmalıdır. Bu akademik müəssisələrdə elə nadir eksponatlar var ki, onlar sizi ölkəmizin bu və ya digər şəhərlərinin, regionlarının tarixinə yenidən baxmağa məcbur edər. Azərbaycan tarixinin parlaq səhifələrinə yaddaqalan səyahət etmək məqsədilə bu muzeylərin ekspozisiyasından “zaman maşını” kimi istifadə etmək mümkündür.

Xaçmaz – qədim kurqanlar və 40 açar

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi regionun, ümumilikdə ölkənin tarixini və mədəni irsini əks etdirən, turistlərdə maraq doğuran çoxsaylı eksponatlara malikdir. 1981-ci ildə yaradılmış muzey 2013-cü ildə yeni müasir binaya köçürülüb. Muzeyin direktoru Aqil Əlisultanovun sözlərinə görə, hazırda burada 5000 eksponat toplanıb, onlardan 2000-dən çoxu sərgilənir, 2800 eksponat isə muzeyin fondunda saxlanılır.

Muzeyin birinci mərtəbəsində Azərbaycanın müstəqillik tarixinə həsr olunmuş bölmə yerləşir. Burada Azərbaycan dövlətçiliyinin tarixi müxtəlif dövrlərdə əks etdirilib.

İkinci Dünya müharibəsinə dair eksponatlar zəngin tarixi məlumat verir. Həmin ağır illərdə Xaçmazdan cəbhəyə 8739 nəfər yollanıb. Onlardan 2800-ü həlak olub: təkcə Moskva uğrunda döyüşlərdə 124 xaçmazlı canından keçib. Muzeydə müharibə iştirakçılarına məxsus döş nişanları, orden və medallar, həmçinin 1945-ci ildə döyüşlərdə istifadə olunmuş “Maksim” pulemyotu nümayiş etdirilir. Bu bölmədə 20 Yanvar hadisələrinə və Qarabağ müharibəsi iştirakçılarına dair eksponatlar da yerləşir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 226 xaçmazlı şəhid olub, o cümlədən bir nəfər Milli Qəhrəman adına layiq görülüb.

Muzeyin ikinci mərtəbəsində tarix-etnoqrafiya şöbəsi fəaliyyət göstərir. Dəmirçi və dulusçu emalatxanalarının, yaşayış tikililərinin miniatür maketləri və digər eksponatlar müxtəlif tarixi dövrlərdə xaçmazlıların həyat tərzini və güzəranını nümayiş etdirir.

Xaçmaz qədim yaşayış məskənlərindəndir. Arxeoloji ekspedisiyalar zamanı rayon ərazisində yaşı 4 min ilə çatan 28 qədim kurqan aşkarlanıb. Muzeyin zalında Xaçmaz rayonunun Ləcət kəndi ərazisində aparılmış qazıntılar zamanı tapılan, miladdan əvvəl birinci minilliyə aid edilən çini küpü görə bilərsiniz. Bu qabda vaxtilə ərzaq saxlanıldığı ehtimal olunur.

Muzeyin eksponatları arasında eramızdan əvvəl birinci minilliyə və ondan sonrakı yüzilliklərə, tarixin alban dövrünə aid tunc ucluğa, daş əmək alətlərinə, gil küplərə rast gəlmək mümkündür. Zərdüştilik dövrünün dini mərasiminə aid gil əşya, mis qablar, IV-V əsrlərə aid böyük miqdarda saxsı məmulatlar, XII-XIII əsrlərin çini qabları, XIX əsrlərə aid sarpuş (plov qazanı üçün qapaq) və s. diqqəti çəkir. Numizmatika güşəsində Azərbaycanın XII əsr Atabəylər, XII əsr şirvanşah Mənuçöhr, XVII əsrin Gəncə xanlığı dövrlərinə aid sikkə və əsginazlar toplanıb. Mədəniyyət bölməsində sənət əsərləri, xüsusilə xalça və bəzək əşyaları nümayiş olunur. “40 açar” adlı ortaölçülü gümüş qab üzərində ərəb dilində 40 müsəlman duası həkk edilib. Muzeydə, həmçinin Xaçmazın təbiətinə və 28 min hektar sahəni əhatə edən meşə massivinə həsr edilmiş bölmə fəaliyyət göstərir.

Ümumilikdə, ekspozisiya ildə iki dəfə yenilənir, numizmatika, müharibə illəri, təbiət və s. tematik sərgilər tez-tez keçirilir.

Mingəçevir – katakombalar, arçan (ardıc) və tovuz quşları

Mingəçevirlə tanışlığa şəhərin tarix muzeyi ilə başlasanız daha yaxşı olar. Muzeyin pavilyonlarında və fondunda Mingəçevirin tarixini və inkişafını əks etdirən 15 mindən artıq eksponat saxlanılır. 1992-ci ildən bu günədək muzeyin direktoru Nofər Məmmədəliyevdir. Onun sözlərinə görə, Azərbaycanın tanınmış arxeoloqu Saleh Qazıyev tərəfindən 1946-1953-cü illərdə Mingəçevirdə, Bozdağın cənubunda aparılmış qazıntılar zamanı e.ə. III-II minilliklərə aid 20 minədək maddi-mədəni irs nümunələri aşkarlanıb. Onlardan 50-si Mingəçevirdə saxlanılıb və 1968-ci il yanvarın 11-də yaradılmış şəhər tarix muzeyinin əsas ekspozisiyasını təşkil edir.

Muzeyin iki pavilyonu var: birində qədimdən başlayaraq XX əsrin əvvəlinədək olan dövr, digərində isə Mingəçevir HES-in tikintisinin şanlı tarixi əks etdirilir.

Birinci pavilyon qədim insanların – mağarada yaşayan və ibtidai əmək alətlərindən istifadə edən neandertalların həyatına həsr olunub. Maraqlıdır ki, kişilər 30, qadınlar 35 il yaşayıblar. Pavilyonda e.ə. III-II minilliklərdə yaşamış insanların məişət və bəzək əşyaları, əmək alətləri və ov silahları ilə tanış olmaq mümkündür.

Qədimdə Azərbaycanın bəzi bölgələrində yayılmış küp qəbirlər böyük maraq doğurur: insanları qırmızı gildən hazırlanmış küpün içində 2-3 metr dərinlikdə basdırırdılar. Qazıntılar zamanı 200-dən artıq bu tipli qəbir və 4 kurqanda tədqiqat aparılıb. O dövr insanlarının ölümdən sonrakı həyat təsəvvürlərinə görə bu küplərə məişət alətləri, qida və su ilə dolu qab qoyar, yanlarında isə iri ev heyvanları – öküz və ya at basdırardılar.

Muzeydə qədim məzarlıq nümunələrindən daha birini – arçan (ardıc) ağacından hazırlanmış katakombanı görmək mümkündür. Ağacın özünəməxsus ətri illər keçsə də hiss olunur. Hazırda bu ağacın bəzi növləri yalnız Qəbələ meşələrində bitir. Antik dövrlərdə və erkən orta əsrlərdə katakombalar əsil-nəcabət nümayəndələrinin dəfni üçün nəzərdə tutulurdu.

Orta əsrlərdə Mingəçevir sənətkarlığın yüksək inkişafı ilə fərqlənib. Əsasən bu, dulusçuluq, toxuculuq, mis məmulatları və zinət əşyaları idi. Sərgi stendlərinin birində misgərlər tərəfindən hazırlanan əmək və məişət alətlərini görmək olar.

Muzeydə, həmçinin qədim alban dövrü abidələrinə rast gəlmək olar. Bunların ibadət tikililərinin bir hissəsi olması ehtimalı var. Sarı rəngli yumşaq daş abidənin üz hissəsində iki tovuzquşunun gülə tərəf çevrilmiş rəmzi təsviri verilib. Gülün yuxarısında 52 hərfdən ibarət mənası müəyyən edilməmiş yazı həkk olunub.

Birinci pavilyonda, həmçinin insan yaşayışının təkamülünü izləmək mümkündür: əvvəlcə qazma, getdikcə onları sıxışdırıb əvəz edən müasir tipli evlər. Burada qadın və kişi geyim nümunələrini də görə bilərik.

Mingəçevirin flora və faunasının müxtəlifliyi – Kür çayının balıq növləri və buranın meşələrində rast gəlinən heyvanları ilə ayrıca stenddə tanış ola bilərsiniz.

Nəhayət, burada həmin yaddaqalan arxeoloji ekspedisiya iştirakçılarının bioqrafiyası, onların şəxsi əşyaları ilə tanış olmaq mümkündür.

İsmayıllı – qədim yağ və meteorit

1980-ci ildən fəaliyyət göstərən İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyi 2009-cu ildə yeni binaya köçürülüb. Muzeyin 1000-dən çox eksponatı sırasında nadir olanları da az deyil. Məsələn, ən qədim kərə yağı nümunəsi Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi ilə bağlı Mollaisaqlı kəndində aparılan qazıntılar zamanı qədim amforada (ikiqulplu boğazı dar qab) tapılıb. Paytaxtın arxeologiya muzeyinin mütəxəssisləri ekspertiza nəticəsində müəyyən ediblər ki, bu yağın mənşəyi eramızdan əvvəl III-I əsrlərə aiddir. Qafqaz Albaniyası xalqlarından biri olan hapıtların yaşadığı Mollaisaqlı kəndində o dövrə məxsus çoxlu saxsı qab, tunc bəzək əşyası, e.ə. II-I əsrlərə aid insan qəbirləri də tapılıb.

Bu və digər tapıntılar muzeydə sərgilənir. Burada qorunan daşı, – ehtimal var ki, bu, kosmosun dərinliklərindən yerə düşən meteoritdir, – xatırlatmaya bilmərik. Daşın qeyri-adi hamar səthi, böyük olmayan ölçüsünə görə ağır çəkisi onun əmələgəlmə şübhələrinə son qoyur.

Gəncə – neolit dövründən qızıl əsrədək

Gəncənin tarixi ilə tanışlığa Nizami Gəncəvi adına Tarix-Diyarşünaslıq Muzeyindən başlamaq daha yaxşıdır. Qədim dövrlərdən indiyədək Gəncənin tarix və mədəniyyətinin əks olunduğu eksponatlar muzeyin 18 zalında sərgilənir. 1924-cü ildə əsası qoyulan muzeyin kolleksiyası 30 mindən çox eksponatı əhatə edir. Muzey hazırkı binada 1972-ci ildən fəaliyyət göstərir. Yeri gəlmişkən, bu bina Gəncənin son hökmdarı Cavad xanın nəvələri – İsmayıl xan və Adil xan Ziyadxanovlara məxsus olub.

Gəncə ətrafında (Gillikdağ) tapılan daş kərkilər, oraq, çəkic, balta və digər müxtəlif lövhəşəkilli əmək alətləri, çaxmaqdaşından bıçaqlar və Neolit dövrünə aid obsidiandan (vulkanik mineral) hazırlanan alətlər qədim artefaktlara aid edilir. Eneolit dövrü (e.ə. II minillik) isə muzeydə əmək alətləri, silahlar, bəzək əşyaları, qab-qaşıq, dəfn mərasiminə aid ləvazimatla təqdim olunur.

Muzeyin digər eksponatları arasında keramika və heykəltəraşlıq nümunələri, qədim milli geyimlər, Gəncə xalıları, gümüş zinət əşyaları, ev avadanlığı, musiqi alətləri, qədim silahlar, qədim əlyazmalar və Gəncə xanlığının yüksəliş dövrünə aid digər mədəni nümunələr yer tutur.

Şəmkir – daş çıraq və milli geyimlər

Əhməd Cavad adına Mədəniyyət Evinin binasında yerləşən Şəmkir Tarix-Diyarşünaslıq Muzeyində bu yerlərin tarixi və mədəniyyətindən xəbər verən 5830 eksponat toplanıb. Burada naxışlı saxsı və mis qabları, səhəngləri, yağla işləyən çıraqları, bəzək əşyalarını, silahları, tikmələri, arxeoloji artefaktları, sikkə və əsginazları, musiqi alətlərinin ilk nümunələrini, toxuma və əyirmə alətlərini və s. görmək mümkündür. Muzeyin ən qədim eksponatı e.ə. VII-V əsrlər Neolit dövrünə aid kiçik daş çıraqdır. Muzeydə, həmçinin çoxlu daş əmək alətləri – daş dişli tərki, taxıldöyən daş və s. sərgilənir. Eneolit dövrünə isə buradakı müxtəlif ağac növlərindən və gildən hazırlanan qab-qaşıq, tunc bəzək əşyaları aid edilir.

Kür çayının sol sahilində 1970-ci ildə aparılmış qazıntılar zamanı tapılan eksponatlar daha böyük maraq doğurur. Burada dağın zirvəsində aşkar edilən qəbiristanlıqda 5-6 kvadratmetr sahədə 9 qəbir cəmlənib. Bu qəbirlərdə 35-dən çox küp, nehrə, kəmər, qadın bəzək əşyaları, su içmək üçün müxtəlif qablar və s. tapılıb. Küplərin içində heyvan sümükləri aşkar edilib. Kürün sağ sahilində isə X-XII əsrlərə aid 17 mis sikkə tapılıb.

Muzeydə III-IV əsrlər Qafqaz Albaniyasına da aid eksponatlar az deyil. Burada Azərbaycan milli geyimlərinin parlaq nümunələri, qadın baş geyimləri, mücrülər və s. sərgilənir.

Şamaxı – sirli küpə və şəhərin açarı

Şamaxı şəhər qapılarının yanında, mərkəzi avtovağzalla üzbəüz yerləşən muzey 1945-ci ildə yaradılıb. 2008-ci ildə burada əsaslı yenidənqurma işləri aparılıb. Hazırda muzeyin zallarında və fondunda 9 mindən artıq qiymətli eksponat saxlanılır.

Burada Şamaxı ərazisində və yaxınlığında aparılan arxeoloji qazıntılar vaxtı aşkar edilən maraqlı tapıntıları görmək olar. Ən qiymətli tapıntı rayonun Xınıslı kəndində şirvanşahlar dövrünün naməlum ustadı tərəfindən üzərində altı sifət canlandırılan minalı səhəngdir. Habelə orta əsrlərə aid edilən qəribə formalı çıraq diqqəti çəkir. Çırağın orta hissəsi səhəngəbənzər 10 borucuqla əhatə olunub. Eyni vaxtda xüsusi kanallarla gələn neft buraya daxil olur və yanacaq qismində istifadə edilib. Şamaxının baş qapılarının XVII əsrdə hazırlanmış açarla bərabər qıfılına isə ziyarətçilər yəqin ki, laqeyd qala bilməyəcəklər.

Muzeyin direktoru Firqiyyə Zamanovanın sözlərinə görə, daş qəbirlərdə aşkarlanan saxsı qablar, səhənglər və əmək alətləri erkən tunc dövrünə (e.ə. 35-33-cü illər) aid edilir və muzeyin ən qədim eksponatı sayılır. Burada yağla işləyən lampalar, qılınclar, yaraq-əsləhə, bilərziklər, sırğalar, boyunbağılar, xalılar və müxtəlif dövrlərdə işlənən digər əşyaları görmək olar. Muzeydə, həmçinin 1902-ci ilin 31 yanvarında Şamaxıda baş verən dağıdıcı zəlzələni əks etdirən çoxsaylı fotoşəkillər sərgilənir.

Şamaxı rayonunda bitən müalicəvi otların 50-dək növü, bu diyarı keçmişdə məşhur edən kəlağayılar və digər eksponatlar ayrı-ayrı stendlərdə təqdim olunur.

Ziyarətçiləri muzeyin həyətində Şirvanın tanınmış yetirmələrinin – astronom Fələki Şirvani, şairlər Xaqani Şirvani, İzzəddin Şirvani, Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Şirvanşah I İbrahim və bir çox başqalarının büstlərindən ibarət qalereya qarşılayır.

Emil Eyyubov

AZƏRTAC