Azərbaycan Rus İcmasının bəyanatı

Türkiyə XİN: Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymalıdır
Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib
ISESCO Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində su kanalı çəkilməsi ilə bağlı hərəkətlərini pisləyir

Azərbaycan Rus İcmasının Respublika Şurası Rusiya Dövlət Dumasının komitə sədrinin birinci müavini Konstantin Zatulinin Yerevanda Lazarev klubunun iclasındakı çıxışında Azərbaycana qarşı səsləndirdiyi qərəzli fikirlərə cavab olaraq dekabrın 5-də bəyanat qəbul edib. AZƏRTAC-ın təqdim etdiyi bəyanatda deyilir:

“Rusiya Dövlət Dumasının komitə sədrinin birinci müavini Konstantin Zatulin Yerevanda Lazarev klubunun iclasında çıxış edərkən, həmişəki kimi, Azərbaycanı 2016-cı ildə atəşkəs rejimini pozmaqda, təcavüzkar ritorikada və siyasətdə təqsirləndirib.

Biz artıq adət etmişik ki, Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr komitəsi sədrinin müavini olan Konstantin Zatulin əslində Ermənistanın rəsmi ruporu və komitədə onun nümayəndəsidir.

Konstantin Zatulinin yaddaşı çox zəifdir və o unudur ki, əsl təcavüzkar Ermənistandır, onun silahlı dəstələri Azərbaycan Respublikasına qarşı hərbi əməliyyatlara başlayıb, Xocalını, Ağdam kimi digər şəhərləri, onların dinc əhalisini – qocalar, qadınlar və uşaqlarla birlikdə məhv ediblər.

Konstantin Zatulin unudur ki, məhz təcavüzkar ermənilər 1 milyondan çox azərbaycanlını öz evlərini tərk etməyə və öz torpaqlarında qaçqın və köçkünə çevrilməyə məcbur ediblər.

Erməni tərəfi Azərbaycanın işğal olunmuş torpaqlarında 738 tarixi abidəni, 83 min 500-dən çox eksponatı olan 28 muzeyi, 4 rəsm qalereyasını, 100-dən çox arxeoloji abidəni, 14 memorial kompleksi, 1891 maddi-mədəni resurs obyektini, o cümlədən 1107 mədəniyyət müəssisəsini dağıdıb. Qarət edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanıb.

Azərbaycan, onun rəhbərliyi 20 ildən çoxdur ki, Dağlıq Qarabağ ətrafında vəziyyəti dinc yolla nizamlamağa çalışır və yalnız 2016-cı ildə respublika ərazisinin fasiləsiz atəşə tutulmasına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri erməni təcavüzkarlarına layiqli cavab verərək ölkənin işğal altındakı ərazilərinin bir hissəsini azad ediblər.

Azərbaycanın rus əhalisi respublikanın ərazi bütövlüyünə dair qanuni hüququnu qorumağa, öz tarixi ərazilərinin müdafiəsinə yönəlmiş səylərini səmimi qəlbdən və hərtərəfli dəstəkləyir. Yüzlərlə rus Azərbaycanın Dağlıq Qarabağ torpaqlarını erməni təcavüzkarlardan qoruyarkən canlarından keçiblər. Onların çoxu milli qəhrəman adına layiq görülüb, orden və medallarla təltif edilib. Ermənistan Azərbaycan xalqının səbrini nə vaxta qədər sınağa çəkə bilər, Azərbaycan əhalisinə təcavüzkar ermənilər tərəfindən işğal edilmiş doğma yurdlarına qayıtmaq üçün daha nə qədər vaxt lazımdır? Konstantin Zatulin bu suallara cavab verə bilərmi? Heç şübhəsiz ki, Azərbaycanın səbri hədsiz deyil. Azərbaycan Silahlı Qüvvələri tərəfindən təcavüzkar ermənilərə növbəti cavabın təqsirkarı Ermənistan rəhbərliyi və Ermənistanın vəkili Konstantin Zatulin olacaq”.