Azərbaycan siyasətçilərinin ATƏT Xarici İşlər Nazirləri Şurasının Helsinki toplantısı ilə bağlı rəyləri

Azərbaycan müxalifəti bundan sonra nə etməlidir? – SORĞU
Qondarma “erməni soyqırımı” ilə bağlı layihənin Konqresə çıxarılması Hillari Klintondan asılıdı
Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin qəbul etdiyi qətnamə kontekstində qeyd edilən proseslərin qısa təhlilini təqdim etmişdir və biz həmin təhlili oxucuların diqqətinə çatdırırıq.

ATƏT Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən 16-cı toplantısı başa çatıb. Toplantı çərçivəsində Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Azərbaycan və Ermənistan XİN başçısının ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə görüşü keçirilib. Həmçinin ABŞ, Rusiya və Fransanın yüksək rəhbərliklərinin təmsilçiliyi ilə də görüş reallaşıb. Lakin tədbirin sonunda ATƏT-in siyasi bəyannaməsi, həmçinin Dağlıq Qarabağ və Dnestryanı münaqişə ilə bağlı bəyannamələri qəbul oluna bilmədi. Azərbaycanın tanınmış politoloqları və siyasətçiləri bu məsələni APA-ya şərh ediblər…

Politoloq Vəfa Quluzadə APA-ya deyib ki, ATƏT bu kimi yığıncaqları münaqişələrin həllinə heç zaman yardım edə bilməyəcək: “Çünki ATƏT Dağlıq Qarabağ münaqişənin həllində ədalətsiz mövqedə dayanıb. Digər tərəfdən isə ATƏT-in fəaliyyəti BMT-nin Nizamnaməsini və beynəlxalq hüquq normalarını pozur”. V. Quluzadə hesab edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in dəstəklədiyi “Madrid prinsipləri” beynəlxalq hüququ aldatmağa yönəlib: “ATƏT Azərbaycana dolayısı ilə Ermənistanın təcavüzünü qəbul etdirmək istəyir. Azərbaycan isə buna razılıq vermir. Lakin biz ATƏT-ə hörmət edərək, cəmiyyətə açıqlamırıq ki, onlar beynəlxalq hüquq normalarını pozurlar. Dünya KİV-ləri də ATƏT-in tədbirlərinə ciddi yanaşmır. Onlar başa düşürlər ki, bu qurumların fəaliyyəti əhəmiyyətsizdir”. 

Politoloq Mübariz Əhmədoğlunun fikrincə, ATƏT Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən toplantısı bir daha göstərdi ki, qurum getdikcə gücünü itirir: “Toplantının yekun sənədinin imzalanmaması ATƏT-in siyasi oyunların əlində alət olmasının göstəricisidir”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Q. Həsənquliyev də APA-ya açıqlamasında ATƏT-in indiyə qədər hansısa münaqişənin tənzimlənməsində və ya beynəlxalq problemin həllində özünü göstərə bilmədiyini deyib: “ATƏT və Avropa Şurası əhəmiyyətsiz strukturlar olduğuna görə, Dağlıq Qarabağ probleminin həllində onlardan nə isə gözləməyə dəyməz. Azərbaycan tərəfi sadəcə olaraq, ayrı-ayrı dövlətlərlə fərdi şəkildə işləməlidir. Məsələnin BMT müstəvisində həllinə çalışmalıdır. Həmçinin ordu quruculuğuna diqqət yetirməlidir ki, bu da onun müstəsna hüququdur”.

Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə isə bütün bunlara baxmayaraq, Avropa təşkilatları ilə Azərbaycanın əlaqələrinin genişləndirməsinin tərəfdarıdır: “Toplantı Avropada təhlükəsizlik məsələləri ilə bağlı problemin olduğunu nümayiş etdirdi və ATƏT-in bir sıra münaqişələrin həllində acizliyinin göstəricisi oldu. Bu acizliyin əsas səbəbi isə məhz, ATƏT-in münaqişələrin həllində öz təməl prinsiplərinə və qanunun aliliyinə əməl etməməsidir. ATƏT nəzərə almalıdır ki, qurumun bir üzvü digərinin ərazisini işğal edib və həmin dövlət üçün sosial problem yaradıb. Lakin bu günə qədər işğalçı Ermənistana qarşı sanksiya tətbiq edilməyib. Amma başqa yol yoxdur və beynəlxalq təşkilatlarla, o cümlədən də ATƏT-lə işlər davam etdirməlidir”.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı toplantını yüksək dəyərləndirib: “Azərbaycan ATƏT-in üzvü olaraq burada fəaliyyətini genişləndirir. Xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həllində bu qurumun vasitəçiliyindən istifadə edir. Azərbaycan diplomatiyası isə bu yığıncaqda ardıcıl fəaliyyət göstərib. Tədbiri yüksək dəyərləndiririk. Ona görə ki, burada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər müzakirə olunub”. /APA/