Azərbaycanda 130 illik neft emalı tarixində ilk dəfə emal dərinliyi 80,4% səviyyəyə çatıb

Səməd Seyidov: “AŞ PA-nın münaqişələrlə bağlı yeni alt komitəsi Dağlıq Qarabağ problemini də araşdıracaq”
Gürcüstan Prezidenti ilə müxalifətin danışıqları nəticəsiz qalacaq – ekspertlər
Bakı-Tbilisi-Qars layihəsi regionun nəqliyyat potensialını artıracaq

Capital-ın SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) emal üzrə vitse-prezidenti Davud Məmmədovla eksklüziv müsahibəsi
– Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində 2009-cu ilin yanvarında Dövlət Neft Şirkətinin emal müəssisələrində soba mazutu istehsalının həcminin azalması anlaşılmazlıqla qarşılanmışdır. Mazutun azalması nə ilə bağlıdır? 
– Bunun iki səbəbini göstərə bilərəm. Birincisi ondan ibarətdir ki, əvvəllər ölkədə təbii qaz hasilatı az olduğundan, 2007-ci ildən isə Rusiyadan təbii qaz idxalı dayandırıldığından biz elektrik enerjisinin istehsalı məqsədi ilə payız-qış mövsümündə elektrik stansiyalarını soba mazutu ilə işlətməli olurduq. Bu, iqtisadi baxımdan səmərəli olmasa da, buna məcbur idik. İndi vəziyyət dəyişib və ölkədə qaz hasilatının artımı mazuta tələbatın azalması ilə müşayiət olunub. Təsadüfi deyil ki, 2009-cu ildə mazut istehsalı 2008-ci ilə nisbətən 45,9% az proqnozlaşdırılıb. Doğrudan da cari ilin yanvar-fevral aylarında soba mazutunun istehsalı 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 61,1%, yəni 185,14 min ton az olmuşdur və bu, iqtisadi cəhətdən məqsədəuyğundur.
İkinci səbəb isə budur ki, 2008-ci ildən başlayaraq Azərbaycanda 130 illik neft emalı tarixində ilk dəfə olaraq biz emalın dərinliyini misli görünməmiş səviyyəyə – 80,4%-ə yüksəltməyə nail olmuşuq. Təkcə bu ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə neft emalının dərinlik göstəricisi 13,9% artmışdır. Bu isə o deməkdir ki, mazutu sobada yandırmaqdan imtina etmiş, onu təkrar emal edərək açıq rəngli neft məhsulları (müxtəlif növ benzin, kerosin və s.) almışıq. Nəticədə neft emalının iqtisadi səmərəliliyi yüksəldilmişdir. Təsadüfi deyil ki, 2009-cu ilin yanvar-fevral aylarında xam neftdən açıq rəngli məhsulların istehsalı 2008-ci ilin eyni dövrünə nisbətən 9,4% çox olmuşdur.

– Son zamanlar “Azərneftyağ” Neft Emalı Zavodunun istehsal etdiyi bitumun keyfiyyəti də müzakirə mövzusudur.
– Ötən il zavodda 220 min ton neft bitumu istehsal edilib. Bu məhsul Dövlət Neft Şirkətinin təmir-tikinti təşkilatları (3 181 ton) da daxil olmaqla ölkəmizdə fəaliyyət göstərən 80-dən artıq yerli və xarici müəssisələrə verilmişdir. O cümlədən “Azəryolservis”in 9 təşkilatı (71 385 ton), Naxçıvan Muxtar Respublikasının “Yoltəmirtikinti” İdarəsi (10 106 ton) kimi iri müəssisələr şirkətimizin istehsal etdiyi bitumla işləməyə üstünlük vermişlər. Bundan başqa, 2008-ci ildə Gürcüstan Respublikasına da 28 799 ton neft bitumu göndərilmişdir. Bütün emal məhsulları kimi neft bitumu da Azərbaycan Respublikasının dövlət standart və normativlərinə tam uyğun şəkildə istehsal olunur. İndiyə qədər bitumun keyfiyyəti ilə bağlı ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlər də daxil olmaqla, heç bir alıcı müəssisədən Dövlət Neft Şirkətinə şikayət daxil olmayıb.

– Bitum istehsalını artırmaq niyyətiniz varmı?
– 2009-cu ildə Dövlət Neft Şirkəti ölkəmizin yol tikinti və təmir müəssisələrini yüksək keyfiyyətli neft bitumu ilə tam təmin edə biləcək. Lakin bildiyiniz kimi, Azərbaycanda son illər yol və körpü tikintisi böyük sürətlə davam edir və mümkündür ki, şirkətimizin hazırki istehsal gücü 2010-cu ildən başlayaraq respublikada gedən yol tikinti və təmir işlərinin sürəti ilə ayaqlaşa bilməsin. Bu zaman neft bitumu istehsal edən əlavə qurğuların inşası zərurəti yarana bilər. Bu məsələyə də hazırda baxılır və vaxtı gəldikdə həllini tapacaqdır./Trend/