Azərbaycanda keçiriləcək bələdiyyə seçkisi ilə bağlı veb-kameraların quraşdırılmasına başlanılıb

Azərbaycan KİV-i parlament seçkilərinə hazırdırmı?
“ELS”-in seçkilərlə əlaqədar keçirəcəyi “exit-poll”la bağlı müqavilə imzalanıb
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişiklik edilib

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) katibi bildirib ki, Azərbaycanda keçiriləcək bələdiyyə seçkisi ilə bağlı veb-kameraların quraşdırılmasına başlanılıb.
“Mərkəzi Seçki Komissiyasının qərarına uyğun olaraq bələdiyyə seçkilərində səsvermə prosesini izləmək üçün məntəqə seçki komissiyalarında veb-kameralar artıq quraşdırılır”, – cümə günü Trend News-a komissiyanın katibi Natiq Məmmədov bildirib.
Trend News-un arayışı: Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.
Azərbaycanda bundan əvvəl iki dəfə – 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.
Azərbaycanda bələdiyyə üzvlüyünə 32 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.
Məmmədovun sözlərinə görə, veb-kameraların quraşdırılması və onların səsvermə günü normal işləməsi üçün heç bir problem olmayacaq. “Kameraların quraşdırılması zamanı texniki problemlər ortaya çıxa bilər. Amma biz əminik ki, dekabrın 23-nə qədər proses tamamilə başa çatacaq və MSK-nın qərarı yüksək səviyyədə yerinə yetiriləcək”, – katib əlavə edib.
Azərbaycanın Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri üzrə səsvermə zamanı 500 seçki məntəqəsində veb-kamera quraşdırılması barədə qərar qəbul edib. Bu, ölkə üzrə məntəqə seçki komissiyalarının təxminən 10 faizindən bir qədər çoxunu əhatə edəcək./Trend/