Azərbaycan ədliyyəsi uğurlu inkişaf yolundadır

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Çinin nümayəndə heyəti ilə görüşüb
Azərbaycanda “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun qəbul olunmalıdırmı?
Azərbaycan müxalifəti bundan sonra nə etməlidir? – SORĞU

Ədliyyə nazirinin müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Vilayət Zahirovun cümə axşamı Trend News-a müsahibəsi
– Vilayət müəllim, bir neçə gün əvvəl Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik məruzəni təqdim etdiniz. Bilmək istərdik, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət hansı hüquqi əsaslara söykənir?
– Məlumdur ki, hər bir demokratik cəmiyyətdə vətəndaşların mütərəqqi və yaradıcı əməyə, iqtisadi dirçəlişə nail olmasının ilkin şərti onlara qanunvericilik əsasında müstəqil özünüidarəetmə imkanının yaradılmasıdır. Bu mənada, bələdiyyələr demokratiyanın, iqtisadi və siyasi müstəqilliyin, təşəbbüskarlığın bərqərar edilməsi baxımından mühüm idarəetmə formasıdır. Bu təsisat müəyyən ərazidə məskunlaşmış əhalinin hüquq və azadlıqlarının qorunmasını, yerli problemlərinin həllini təmin edən müstəqil, kollegial idarəetmə forması olmaqla, Azərbaycan təcrübəsində də özünü doğruldur.
Ölkəmiz üçün yeni institut olan yerli özünüidarənin hüquqi statusu Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmişdir. Respublikamızda yerli özünüidarəetmə prinsipi ilk olaraq 1995-ci il noyabrın 12-də qəbul edilmiş ölkə Konstitusiyasının dördüncü bölməsində təsbit olunmuşdur. Bundan bir qədər sonra «Yerli özünüidarə haqqında» Avropa Xartiyasının müddəaları əsas götürülərək yerli demokratiyanı, o cümlədən yerli özünüidarə orqanlarına seçkilərin qaydalarını, bələdiyyə üzvlərinin və bələdiyyə qulluqçularının statusunu, fəaliyyət prinsiplərini, yerli özünüidarəetmənin maliyyə əsaslarını, bələdiyyə əmlakının hüquqi rejimini və bir sıra mühüm sahələri bilavasitə tənzimləyən qanunvericilik aktları qəbul edilmişdir. 1999-cu ilin dekabr ayında ümumi, bərabər və birbaşa seçki hüququ əsasında ilk bələdiyyə seçkiləri keçirilmişdir.
«Yerli özünüidarə haqqında» Avropa Xartiyası nəzərə alınmaqla, 2003-cü ilin may ayının 13-də «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Qanun qəbul edilmiş, Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli fərmanı ilə müvafiq nəzarətin həyata keçirilməsi Ədliyyə Nazirliyinə həvalə olunmuşdur. Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə inzibati nəzarətin məqsədləri, hüquqi mexanizmləri və prosedur qaydaları həmin qanunla tənzimlənir.
Bu nəzarət mexanizmi bələdiyyələrin fəaliyyətinin Azərbaycan Konstitusiyasının müddəalarına, müvafiq qanunvericilik aktlarının tələblərinə uyğunluğu baxımından həyata keçirilir. Ona görə də bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi Milli Məclisə bu qanuna uyğun olaraq təqdim olunur.
– Milli Məclisdəki hesabat məruzənizdə bələdiyyələrin fəaliyyətindəki problemlərə, yol verilən nöqsanlara da toxundunuz. Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində müşahidə edilən bu çatışmazlıqların aradan qaldırılması üçün Ədliyyə Nazirliyinin həyata keçirdiyi tədbirlər barədə məlumat verməyinizi xahiş edərdik.
– Şübhəsiz, yerli özünüidarəetmə orqanlarının fəaliyyətində uğurlarla yanaşı, bir sıra neqativ hallara da rast gəlinir. Ötən dövrdə bəzi bələdiyyələrin fəaliyyəti inzibati nəzarət qaydasında araşdırılmış, nəticədə onların fəaliyyətində nöqsan və qanun pozuntuları aşkar edilmişdir. Görülmüş tədbirlər üzrə xeyli miqdarda vəsait bələdiyyə büdcəsinə ödətdirilmiş, yüzlərlə qanunsuz bələdiyyə qərarı ləğv edilmişdir. Həmçinin prokurorluq və məhkəmələr tərəfindən göndərilmiş təqdimatların və xüsusi qərardadların Bələdiyyələrlə İş Mərkəzi tərəfindən müzakirəsi keçirilmiş, bir daha belə hallara yol verilməməsi və qanun pozuntularının aradan qaldırılması məqsədilə həmin bələdiyyələrə tövsiyə və təkliflər verilmişdir.
2008-ci il üzrə bəzi statistik rəqəmləri diqqətinizə çatdırmaq istərdim. Keçən il 17 mindən çox bələdiyyə aktı hüquqi ekspertizadan keçirilmiş, bu iş 2004-cü illə müqayisədə 7 dəfədən çox artmışdır. Bələdiyyə aktlarına inzibati nəzarətin həyata keçirilməsi nəticəsində 635 aktın dəyişdirilməsi və ləğv edilməsi üçün müvafiq bələdiyyələr qarşısında məsələ qaldırılmışdır. Nazirliyin təklifləri əsasında bələdiyyələr tərəfindən 436 akt ləğv edilmiş, il ərzində məhkəmələrə 143 iddia verilmişdir. Bununla yanaşı, fəaliyyətləri zamanı qanun pozuntularına yol verdiklərinə görə 421 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəmələrə göndərilmişdir.
İnzibati nəzarət icraatı zamanı bəzi bələdiyyələrin fəaliyyətində daha ciddi və cinayət xarakterli hüquq pozuntularına rast gəlinmişdir. Həmin pozuntular əsasən, torpaqların ayrılmasında hərrac və müsabiqə qaydalarının pozulması, satışı qadağan olunan torpaq sahələrinin xüsusi mülkiyyətə verilərək dövriyyədən əsassız çıxarılması, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi nəticəsində bələdiyyə büdcəsinə ziyan vurulması, pul vəsaitlərinin qanunsuz xərclənməsi, vergi və ödənişlərin yerli büdcəyə ödənilməsinin tam təmin olunmaması, bələdiyyə büdcəsinə məxsus maliyyə sənədlərinin gizlədilməsi və digər qanun pozuntularından ibarət olmuşdur.
Ötən il inzibati icraat zamanı aşkar edilmiş belə pozuntulara görə 15 bələdiyyə ilə bağlı prokurorluq orqanlarına edilmiş müraciətlər əsasında cinayət işləri başlanmışdır.
2008-ci ildə bələdiyyələr tərəfindən qanunsuz olaraq 289 ha torpaq sahəsinin ayrı-ayrı şəxslərin mülkiyyətinə, 5703 ha torpaq sahəsinin icarəyə, 98 ha torpaq sahəsinin istifadəyə verilməsi haqqında qərarlar Ədliyyə Nazirliyinin təklifləri əsasında müvafiq bələdiyyələr, habelə iddia ərizələri əsasında məhkəmələr tərəfindən ləğv edilmişdir. Bütövlükdə il ərzində 6090 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınmışdır.
Ümumilikdə, Ədliyyə Nazirliyi bu kimi neqativ hallara, nöqsanlara qarşı barışmaz mövqe tutmuş, bələdiyyələrin fəaliyyətində özünü göstərən qanunsuzluqlara qarşı qanun çərçivəsində ölçülər götürmüşdür.
– Vilayət müəllim, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili baxımından Ədliyyə Nazirliyinin son illərdə regionlarda həyata keçirdiyi tədbirlər nə dərəcədə səmərəlidir?
– Sualınızı cavablandırmazdan əvvəl bir məqamı xüsusi qeyd etmək istərdim ki, ötən beş ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasətin prioritet istiqa¬mətlərindən birini də məhz regionların tarazlı və davamlı inkişafı təşkil edir. Ötən il icrası uğurla yekunlaşan «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı» (2004-2008-ci illər) respublikanın bölgələrində iqtisadi inkişafı sürətləndirməklə yanaşı, yerlərdə vətəndaşlara göstərilən hüquqi yardımın yüksəldilməsini də vacib məsələ kimi önə çıxarmışdır.
Bu prizmadan 2006-2007-ci illər bütövlükdə ədliyyə sisteminin, o cümlədən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin müasir tələblərə uyğun təkmilləşdirilməsi ilə əlamətdar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 26 may 2006-cı il tarixli sərəncamı, habelə 17 avqust 2006-cı il tarixli fərmanı ilə metodoloji yardım və onların fəaliyyətinə inzibati nəzarəti həyata keçirən Bələdiyyələrlə İş Mərkəzi Ədliyyə Nazirliyinin Aparatının tərkibinə daxil edilmiş, ona baş idarə statusu verilmiş, inzibati nəzarətin təkmilləşdirilməsi məqsədilə nazirliyin yerli qurumlarının yaradılması qərara alınmışdır. Qeyd olunan sərəncam və fərmanın icrası ilə əlaqədar Ədliyyə Nazirliyi tərəfindən müvafiq təşkilati tədbirlər həyata keçirilərək Bələdiyyələrlə İş Mərkəzinin tərkibində İnzibati nəzarət idarəsi yaradılmışdır. Eyni za¬manda əhalinin zəruri hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi, habelə ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, onlara nəzarətin gücləndirilməsi, yerli özünüidarə orqanlarında aparılan işin, eləcə də onların fəaliyyətinə inzibati nəzarətin təkmilləşdirilməsi məqsədilə ölkəmizin bütün bölgələrini əhatə etməklə Gəncə, Sumqayıt və Şirvan şəhərlərində, Bərdə, İmişli, Göyçay, Lənkəran, Xaçmaz, Şəki və Şəmkir rayonlarında 10 regional ədliyyə şöbəsi yaradılmış və onlar fəaliyyətə başlamışlar. Həmçinin regional ədliyyə şöbələrinə zəruri şəraitin yaradılması, onlara ayrılmış binalarda təmir, abadlıq işlərinin aparılması, maddi-texniki təminatı üzrə müvafiq tədbirlər görülmüşdür.
– Azərbaycan prezidenti İlham Əliyev milli ədliyyənin inkişafında keyfiyyətcə yeni mərhələ açan «Ədliyyə orqanlarının inkişafı haqqında» fərmanın davamı kimi 6 fevral 2009-cu ildə «Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. Bu Dövlət Proqramının Azərbaycan ədliyyəsinin inkişafında nə kimi töhfələri olacaqdır?
– Doğru qeyd etdiniz ki, Azərbaycan ədliyyəsi öz inkişafının yeni mərhələsinə daxil olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyev respublikanın hüquq sistemində özünəməxsus yeri olan ədliyyə orqanlarının fəaliyyətinə xüsusi diqqət və qayğı ilə yanaşmış, bu sahənin inkişafını nəzərdə tutan bir sıra fərman və sərəncamlar imzalamışdır. Möhtərəm Prezidentimizin 6 fevral 2009-cu il tarixli sərəncamı ilə təsdiqlənmiş «Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı» isə milli ədliyyə sisteminin müasirləşdirilməsi və fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində indiyədək həyata keçirilmiş məqsədyönlü və ardıcıl tədbirlər sisteminin uğurlu davamıdır. Dövlət Proqramı aktuallığına, əhatə etdiyi məsələlərin miqyasına, ədliyyə sahəsində həllini gözləyən problemlərə kompleks yanaşma mexanizmlərinə görə xüsusilə fərqlənir.
Dövlət Proqramında qeyd olunduğu kimi, ölkəmizdə hüquq sisteminin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatlarının davam etdirilməsi ədliyyə orqanlarının fəaliyyətinin son dövrün tələbləri səviyyəsində qurulmasını, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasını, vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılmasını, regionlarda hüquq infrastrukturunun genişləndirilməsini, yeni nəsil hüquqşünaslarının formalaşdırılmasını zəruri edir. Dövlət Proqramının imzalanması da məhz ədliyyə orqanlarının və məhkəmələrin dinamik inkişafının təmin edilməsi, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılması, kadr potensialının, ədliyyə orqanları əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Dövlət Proqramı ədliyyə sahəsində daha sürətli inkişafı təmin etmək üçün əsas vəzifələri, istiqamətləri və yerinə yetirilməli olan tədbirləri müəyyən edir. Sizin regionlarla bağlı əvvəlki sualınıza cavab olaraq xüsusilə qeyd edərdim ki, Dövlət Proqramında digər sahələrlə yanaşı regional ədliyyə şöbələri üçün də yeni inzibati binaların inşası, həmin şöbələrdə müasir elektron informasiya sisteminin yaradılması, onların mərkəzləşdirilmiş şəbəkədə birləşdirilməsi və digər tədbirlər nəzərdə tutulub. Bu proqram ədliyyə sisteminin hərtərəfli inkişafı üçün çox geniş imkanlar açır.
– Vilayət müəllim, insan və vətəndaş hüquq və azadlıqlarının təmini baxımından mühüm vəzifələrdən biri də məhkəmə qərarlarının qanunamüvafiq şəkildə vaxtında və düzgün icra olunmasıdır. Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinin bu sahədə həyata keçirdiyi tədbirlər barədə nə deyə bilərsiniz?
– Azərbaycan Respublikası Konstitusiyasında məhkəmələrin qəbul etdiyi qərarların dövlət adından çıxarılması və məcburi olması təsbit edilmişdir. Qanunvericiliyə əsasən, məhkəmə icraçılarının və ya məhkəmə nəzarətçilərinin öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Məhkəmə nəzarətçisinin və məhkəmə icraçısının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Xüsusi vurğulamaq istərdim ki, bu məsələ prinsipial əhəmiyyət daşıdığından «Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında» Referendum Aktı layihəsində də əksini tapmışdır. Konkret olaraq 129-cu maddənin II hissəsinə təklif edilən əlavədə göstərilir ki, «Məhkəmə qəarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur». Təklif olunan əlavə məhkəmə qərarlarının təsir gücünün və səmərəliliyinin daha yüksək səviyyədə təminatına, məhkəmə qərarlarının icrası sahəsində bəzi problemli məqamların tamamilə aradan qaldırılmasına xidmət edir.
2008-ci ildə Ədliyyə Nazirliyi ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində məhkəmə qərarlarının icrasının yaxşılaşdırılması sahəsində məqsədyönlü iş aparmış, Məhkəmə İcraçıları Baş İdarəsinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Bir sıra nazirlik və digər dövlət orqanları tərəfindən məhkəmə qərarlarının vaxtında icra olunmaması ilə bağlı vətəndaşların pozulmuş hüquqlarının bərpası məqsədi ilə Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən həmin qurumlara məktublar göndərilmişdir. Bu barədə Azərbaycan Respublikasının Baş nazirinə müraciət edilmişdir. Nazirliyin müraciəti və Baş nazirin tapşırığı nəticəsində icrası uzun müddət təmin edilməmiş 250 məhkəmə qərarı icra olunmuşdur.
Son illərdə icraata daxil olan sənədlərin sayı kəskin şəkildə artaraq 2008-ci ildə 100 mini ötmüş, onların 90 faizdən çoxunun icrasına nail olunmuşdur. Məhkəmə qərarlarının icrası ilə bağlı qanuni tələblərini yerinə yetirməyən 605 nəfər inzibati məsuliyyətə cəlb olunmuş, məhkəmə qərarlarının qərəzli icra etməyən 82 şəxs barəsində cinayət işi başlanaraq məhkəmə məsuliyyətinə verilmişdir. Məhkəmə qərarlarının icrası nəticəsində hüquqi və fiziki şəxslərə ötən il ödənilən vəsaitin məbləği 40 faiz artaraq 21 milyon manatdan çox olmuş, dövlət büdcəsinə ödənilən vəsaitin məbləği isə 2007-ci illə müqayisədə 60 faizə qədər artmışdır.
Eyni zamanda mövcud problemlər, nöqsanlar təhlil edilmiş və müəyyən olunmuşdur ki, bəzi işçilər tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilərək, icra tədbirləri vaxtında keçirilməmiş, vətəndaşlar get-gələ salınmış və digər qanun pozuntularına yol verilmiş, bu da ədalət mühakiməsinin səmərəliliyinə mənfi təsir göstərərək əhalinin haqlı narazılığına səbəb olmuşdur. Bununla əlaqədar bu günlərdə nazirlikdə keçirilmiş geniş müşavirədə bir sıra yerli qurum rəhbərlərinin hesabatı dinlənilmiş, ciddi nöqsanlarla bağlı qəti tədbirlər görülmüşdür. Ədliyyə nazirinin əmri ilə Bakı şəhəri Suraxanı rayonu məhkəmə icraçıları şöbəsinin rəisi, Nərimanov rayonu məhkəmə icraçıları şöbəsinin böyük məhkəmə icraçısı tutduqları vəzifədən azad edilmiş, Nərimanov rayon məhkəmə icraçıları şöbəsinin rəisinə şiddətli töhmət elan edilmiş, işdə dönüş yaratması üçün ona 6 ay vaxt verilmiş, habelə digər 10 əməkdaş intizam məsuliyyətinə cəlb edilmişdir. Eyni zamanda, Nazirliyin Məhkəmə icraçıları baş idarəsinin rəhbərliyinə nəzarətin gücləndirilməsi, tabe qurumların fəaliyyətində olan nöqsanların aradan qaldırılması barədə ciddi tapşırıqlar verilmişdir.
– Bildiyimizə görə, nazirlikdə istintaq qurumu da fəaliyyət göstərir..
– Ədliyyə Nazirliyinin istintaq fəaliyyəti 2001-ci ildən başlanır. Əvvəllər ədalət mühakiməsi əleyhinə bir sıra maddələr, 2007-ci ilin sonlarından isə cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında qadağan olunmuş əşyaların dövriyyəsi ilə bağlı cinayətlər də Ədliyyə Nazirliyi tərəfindən istintaq olunur. Yola saldığımız il istintaq idarəsinin icraatında 204 cinayət işi olmuşdur və bu göstərici 2003-cü ilə nisbətən 3 dəfə çoxdur. Cinayət işləri üzrə vurulmuş 600 min manata yaxın ziyanın 73%-nin ibtidai istintaq dövründə ödənilməsi təmin olunmuşdur.
Mülki Prosessual Məcəllənin və «Məhkəmə qərarlarının icrası haqqında» Qanunun müvafiq müddəaları arasında mövcud olan kolliziyanın aradan qaldırılması ilə bağlı Konstitusiya Məhkəməsinin 15.02.2008-ci ildə verdiyi şərhdən, yəni cinayət işlərinin məhkəmə icraçısının birbaşa istintaq idarəsinə verdiyi təqdimat əsasında başlanmasından sonra, idarənin fəaliyyəti daha da intensivləşib. İstintaqın səmərəliliyinin artırılması məqsədi ilə bir sıra regional ədliyyə şöbələrində müstəntiq ştatları nəzərdə tutulub.
İstintaq edilən cinayət işlərinin alternativ elektron versiyasının yaradılması təcrübəsi ölkəmizdə ilk dəfə olaraq Ədliyyə Nazirliyinin İstintaq idarəsində tətbiq olunmuşdur. Bu yenilik ibtidai və məhkəmə istintaqı zamanı proses iştirakçılarına iş materialları ilə eyni vaxtda tanış olmaq, vaxta dəfələrlə qənaət etmək imkanı yaradır, prosesdə şəffaflığı, obyektivliyi təmin edir, iş materiallarının saxtalaşdırılması, məhv edilməsi imkanını aradan qaldırır və başqa üstünlüklərə malikdir. Bu cür müasir texnologiyaların tətbiqi məhkəmə, prokurorluq orqanları və vəkillər tərəfindən də müsbət dəyərləndirilmişdir.
– Ədliyyə Nazirliyinin mühüm strukturlarından olan Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyət istiqamətləri, üzərinə düşən əsas vəzifələr nədən ibarətdir?
– Son illər ölkəmizdə məhkəmə ekspertizası fəaliyyətinin müasir tələblərə uyğun qurulması üzrə tədbirlər həyata keçirilmiş, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli Fərmanı ilə bütün növ qeyri-tibb ekspertizaların Ədliyyə Nazirliyi tərəfindən aparılması müəyyən edilmişdir.
Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutu nazirliyin yeni strukturunda Məhkəmə Ekspertizası Mərkəzi adlandırılmış, ona baş idarə səlahiyyəti verilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətini yeni qanunvericiliyə uyğun təşkil etmək məqsədilə onun əsasnamə layihəsi, strukturu və ştat bölgüsünə dair hazırlanmış təkliflər nazirliyin kollegiyasında müzakirə edilərək təkmilləşdirilmişdir.
Mərkəz il ərzində 15 mindən çox məhkəmə ekspertizasını keçirir və tədqiqatlar aparır, elmi-tədqiqat işlərini həyata keçirir, ekspert tədqiqatlarının yeni metodikasını hazırlayır və təkmilləşdirir, məhkəmə və hüquq-mühafizə orqanlarına elmi-metodik kömək göstərir.
Elmi-texniki tərəqqinin müasir nailiyyətlərindən istifadə edilməsinə diqqət artırılaraq tədqiqat üsulları və metodları təkmilləşdirilmiş, məhkəmə-kompüter-texniki, əqli mülkiyyət obyektlərinin, məhkəmə-kontrafakt və digər yeni növ ekspertizaların aparılmasına başlanılmışdır. Hazırda Mərkəzdə 40-dan çox ekspertiza növü keçirilir.

Mərkəzin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün beynəlxalq təcrübə öyrənilmiş, bir çox qabaqcıl xarici ölkələrin, o cümlədən Böyük Britaniya, Almaniya, ABŞ-ın ixtisaslaşmış aparıcı şirkətlərinin istehsal etdikləri ən müasir kriminalistik avadanlıqlar alınmış və yeni elmi-tədqiqat labaratoriyaları təşkil edilmişdir. Ekspertiza tədqiqatının qısa müddətdə, dəqiq və hərtərəfli aparılması qonşu xarici ölkələrin də diqqətini cəlb etmiş və bu ölkələr Mərkəzin fəaliyyətindən istifadə etmək üçün müraciət edirlər.
– Vilayət müəllim, Azərbaycan ədliyyəsinin gələcək inkişaf perspektivlərini necə görürsünüz?
– Diqqətinizə çatdırdığım məqamlar Azərbaycan ədliyyəsinin fəaliyyət istiqamətlərinin yalnız bir hissəsini əks etdirir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı nəticəsində Ədliyyə Nazirliyinin fəaliyyətində əsaslı dəyişikliklər aparılmış, nazirlik dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilmiş, onun vətəndaş cəmiyyəti quruculuğunda rolu və əhəmiyyəti artmışdır.
Ölkəmizin bütün hüquq sistemində aparılan köklü islahatlar nəticəsində yeniləşən ədliyyə sisteminin hər bir əməkdaşı öz üzərinə düşən məsuliyyəti dərindən dərk edərək dövlətimizin iqtisadi və siyasi qüdrətinin möhkəmləndirilməsində, vətəndaşlarımızın hüqüq və azadlıqlarının daha etibarlı təmin olunmasında, xalqımızın rifah halının daha da yaxşılaşdırılmasında möhtərəm prezidentimiz cənab İlham Əliyevə yardımçı olmaq əzmi ilə çalışmaqdadır.
Bu bir həqiqətdir ki, güclü ədliyyəsi olmayan dövlətdə tərəqqi olmaz, ölkə inkişaf etməz. Azərbaycan ədliyyəsi uğurlu inkişaf yolundadır. /Trend/