BABAYEV Nazim Abbas oğlu
(7.2.1975, Salyan r-nunun Aydıngün k. – 19.3.1995, Bakı) – Azərbaycanın Milli Qəhrəmanı (4.4.1995, ölümündən sonra).

Milli Ordu sıralarında Füzuli və Tərtər bölgələrindəki döyüşlərdə iştirak etmişdir. 

Dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı həlak olmuşdur. Salyan rayonunda dəfn edilmişdir. Salyan şəhərində büstü qoyulmuşdur. 

Əd.: Azərbaycan Milli Ensiklopediyası, 2 cild, Bakı, 2010, s.585

1992-ci ildə Aydıngün kənd orta məktəbini bitirib. Bir müddət sovxozda çalışıb. 

1993-cü ilin aprel ayında Nazim Milli Ordu sıralarına çağırılıb. Hərbi təlimlərdə iştirak edən N.Babayev torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə yaxından iştirak etmək üçün cəbhəyə yollanıb. O, Füzuli, Tərtər bölgələrində vuruşurdu.

1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs elan olunanda əsgərlərimiz sevinirdilər. Torpaqlarımızın bir hissəsini itirsək də, güc, qüvvə toplamaq üçün bizə bu nəfəs dərimi lazım idi. 1995-ci ilin mart ayı... Dövlətçiliyimiz yeni təhlükə qarşısında idi. Ölkə həyəcanlı günlərini yaşayırdı. Dövlətçiliyimizə zərbə endirmək istəyən qüvvələr yenə fəallaşmışdı. Yağı düşmən bir yanda qalmışdı, biz isə öz-özümüzə qənim kəsildik. Milli Ordumuzun mətin iradəsi sayəsində gündən-günə qaynayıb daşan təhlükə sovuşduruldu. Dövlət çevrilişinə cəhd edən qüvvələrin zərərsizləşdirilməsində Nazim Babayevin də böyük xidmətləri oldu. Erməni təcavüzkarlarının güllələri altından salamat çıxan N.Babayev, təəssüf ki, öz soydaşlarımızın atdığı güllənin qurbanı oldu. O, 15 mart 1995-ci il tarixdə gözlərini əbədi yumdu.

Subay idi.

Qaraçala kənd Şəhidlər xiyabanında dəfn edilmişdir. Salyan şəhərindəki küçələrdən biri onun adını daşıyır. Salyan şəhər parkında büstü qoyulmuşdur.

Vüqar Əsgərov "Azərbaycanın Milli Qəhrəmanları”, Bakı, Respublika Xatirə Kitabı Redaksiyası, 2005. s.22

oxşar xəbərlər