Xocalı faciəsi üzrə Beynəlxalq Tribunalın təsis edilməsi zərurətinə dair
15.12.2016 11:27
Xocalı faciəsi üzrə Beynəlxalq Tribunalın təsis edilməsi zərurətinə dairAzərbaycan xalqının tarixi yaddaşında 26 fevral qanlı hərflərlə həkk olunub. Belə ki, erməni silahlı dəstələri keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşmiş Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcədən düşünülmüş və planlaşdırılmış hücum zamanı cəmi bir neçə saat ərzində şəhər əhalisinə etnik zəmində misli görünməmiş divan tutulmuşdur: 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmüş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuş, 1275 nəfər dinc sakin girov götürülmüş, onlardan 150 nəfərinin taleyi indi də məlum deyil. Xocalı şəhəri dağıdılaraq tamamilə yer üzündən silinmişdir.
Xocalı faciəsinin qurbanlarından 56 nəfəri xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlimişdir: onlar diri-diri yandırılmış, başları kəsilmiş, qafiyə nayihələrinin və üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmış, meyitlər təhqir edilmişdir.
Qeyd edilməlidir ki, Ermənistanın-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, o cümlədən bu münaqişənin gedişatında Xocalıda törədilmiş cinayətlərin tarixi və geosiyasi kökləri mövcuddur. Belə ki, bu münaqişənin əsası "ləng açılan bomba” çəklində 1988-ci ildən xeyli əvvəl, daha dəqiq desək, XIX əsrin əvvəllərində qoyulmuşdur. Çar Rusiyası XVIII əsrin sonu XIX əsrin əvvəllərində Cənubi Qafqazı işğal etdi və öz ərazilərinə birləşdirdi. Azərbaycan torpaqlarının işğalı Rusiya və fars dövlətləri arasında imzalanmış 1813-cü il Gülüstan və 1828-ci il Türmənçay müqavilələri ilə rəsmiləşdirildi. Bununla da Azərbaycan torpaqları parçalandı və Azərbaycan xalqı bölündü. Həmin dövrdən XX əsrin əvvəllərinədək Cənubi Qafqaza 1 milyondan artıq erməni köçürüldü və onlar Azərbaycanın strateji baxımdan əlverişlı olan torpaqlarında – Naxşıvan və İrəvan xanlıqları, Göyçə gölü ətrafı, Qarabağ xanlığı və digər ərazilərdə məskunlaşdırıldı. Rus tədqiqatçısı Nikolay Şavrov özünün 1911-ci ildə nəşr etdirdiyi "Rus işinə Zaqafqaziyada yeni təhdid: Muğanın yadellilərə gələcək satışı” əsərində etnik ermənilərin Çar Rusiyası tərəfindən kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsinə diqqət yetirərək yazırdı ki, 1908-ci ildə Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu diyarın köklü sakinləri olmayıb bizim tərəfimizdən (Rusiya tərəfindən – R.S.) köçürülmüşdür və onlar Yelizavetpol quberniyasının Dağlıq hissəsi və Göyçə gölünün sahilində məskunlaşdırılmışlar.
Ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza, o cümlədən Qarabağın dağlıq hissəsinə köçürülməsi bu regionda demoqrafik vəziyyəti ciddi şəkildə dəyişdirdi və ermənilərin azərbaycanlılara qarşı gələcək ərazi iddialarının əsasını qoydu, separatçılıq və etnik zəmində qanlı toqquşmalar üçün münbit şərait yaratdı.
Əvvəlcə Çar Rusiyasının, sonra isə Sovet İttifaqının apardığı siyasət nəticəsində son 200 il ərzində azərbaycanlılar öz tarixi torpaqlarından, doğma yurdlarından sıxışdırılaraq məcburi köçürülmələrə məruz qalmışlar. Təkcə XX yüzillik ərzində azərbaycanlılar ən azı beş dəfə təqiblərə və deportasiyalara məruz qalaraq, öz tarixi torpaqlarından didərgin düşmüşlər. 1905-1907-ci illərdə ermənilər azərbaycanlılara qarşı bütün Azərbaycanı, eləcə də indiki Ermənistan ərazisindəki əzəli azərbaycanlı yaşayış məntəqələrini əhatə edən genişmiqyaslı qanlı əməliyyatlar həyata keşirmiş, yüzlərlə yaşayış məntəqəsini yerlə yeksan etmiş, minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirmişlər. Daha sonra 1917-ci ilin dekabrından başlayaraq 1918-ci ilin iyun ayınadək təkcə keçmiş İrəvan xanlığı ərazisində 200 azərbaycanlı kəndi yandırılaraq məhv edilmişdir. Bolşevizm bayrağı və əksinqilabçı ünsürlərə qarşı mübarizə adı altında Stepan Şaumyanın rəhbərlik etdiyi silahlı dəstələr 1918-ci ilin martından etibarən Bakı quberniyasında azərbaycanlıların məhv edilməsi üzrə dəhşətli plan həyata keçirməyə başladı və qısa müddət ərzində Bakının xeyli hissəsi xarabalığa çevrildi. Azərbaycanlılara qarşı soyqırımı əməliyyatları Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Dinc əhali yalnız etnik azərbaycanlı olması səbəbindən kütləvi şəkildə öldürülür, yaşayış məntəqələri yandırılır, milli-mədəniyyət abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılaraq məhv edilirdi. Bu dövrdə Cənubi Qafqazda erməni qüvvələri tərəfindən təxminən 100 mindən çox etnik azərbaycanlı məhv edildi.
Azərbaycan 28 may 1918-ci ildə dövlət müstəqilliyi elan etdikdən sonra yenidən ermənilərin ərazi iddiaları ilə üzləşdi. Yaranmış tarixi-siyasi vəziyyəti nəzərə alaraq, əsasən də ermənilərin ərazi iddialarına son qoyulması və ermənilərin azərbaycanlılara qarşı silahlı hücumlarının dayandırılması müqabilində Azərbaycan tərəfi 1918-ci ildə İrəvan şəhərinin ermənilərə verilməsi barədə qərar qəbul etdi. Bununla da, tarixi Azərbaycan torpaqlarında paytaxt İrəvan şəhəri olmaqla Ermənistan dövləti yaradıldı və daha sonra azərbaycanlılara qarşı qanlı cinayətlər Ermənistanın dövlət siyasətinin əsas atributuna çevrildi. Belə ki, erməni tərəfi bundan sonra da ərazi iddialarından əl çəkmədi və azərbaycanlıların zorakılıqla öz tarixi torpaqlarından qovulması davam etdirildi. Nəhayət, ermənilərin silahlı təcavüzü nəticəsində Zəngəzur mahalı işğal edildi və erməni tərəfi İranla sərhəd qurulmasına nail oldu. 1918-ci ildə cəmisi 9 min km2 ərazidə yaradılmış Ermənistan dövlətində 575 mindən çox azərbaycanlı yaşayırdı ki, bu da Ermənistan əhalisinin üçdə birindən çox idi. Sonradan SSRİ dövründə Azərbaycanın ərazisinin 114 min km2-dən 86,6 min km2-ə qədər azaldılması hesabına Ermənistanın əraziləri 29,7 km2-ə qədər artırıldı və bu ərazilərdə müxtəlif bəhanələrlə yerli azərbaycanlı əhaliyə qarşı açıq və gizli şəkildə etnik təmizləmə siyasəti həyata keçirildi.
Beləliklə, son iki əsrdə erməni cinayətkarları tarixi Azərbaycan torpaqlarında mütəmadi olaraq Azərbaycan xalqına qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi insanlıq əleyhinə cinayətlər törətmişlər. Ermənilərin cinayətlərinin miqyasını qiymətləndirmək üçün təkcə onu qeyd etmək kifayətdir ki, ermənilərin törətdikləri qanlı cinayətlər Cənubi Qafqazın etnik azərbaycanlılara məxsus olan bütün yaşayış məntəqələrini – şəhərləri və kəndləri əhatə etmiş və bu cinayətlər nəticəsində son yüz il ərzində 2 milyondan artıq azərbaycanlı öz tarixi torpaqlarından didərgin salınmış, xüsusi qəddarlıqla qətlə yetirilmişlər.
Ermənistan dövlətinin və erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı cinayətlərinin növbəti qanlı mərhələsi 1980-ci illərin ikinci yarısında başladı. 1988-1989-cu illərdə cəmi bir neçə ay ərzində 250 mindən artıq azərbaycanlı öz tarixi torpaqları olan indiki Ermənistan ərazisindən deportasiya edildi. Bununla da rəsmi Yerevanın ardıcıl və davamlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində hazırda bu ölkə ərazində bir nəfər də azərbaycanlı qalmadı. Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin növbəti faciəvi mərhələsi olan bu kütləvi qovulma aksiyası azərbaycanlıların öldürülməsi, onlara işgəncələrin verilməsi ilə müşayiət edildi. Etnik təmizləmə nəticəsində 216 azərbaycanlı qətlə yetirildi ki, bunların əksəriyyəti də qadınlar, uşaqlar və qocalar idi. Bunlardan 49 nəfəri xilas olmağa çalışarkən dağlarda donmuş, 41 nəfəri xüsusi qəddarlıqla döyülərək qətlə yetirilmiş, 35 nəfəri uzun sürən işgəncələrlə öldürülmüş, 11 nəfəri diri-diri yandırılmış, 16 nəfəri güllələnmiş, 10 nəfər əzab və işgəncələrə dözməyərək ölmüş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülmüş, 2 nəfərin başı kəsilmiş, digərləri isə suda boğularaq, asılaraq, elertrik cərəyanına birləşdirilərək və s. qeyri-insani üsullarla qətlə yetirilmişlər.
Daha sonra Ermənistan dövləti zorakılıq tətbiq etməklə yeni ərazilər əldə etmək siyasətinin davamı kimi Azərbaycana qarşı silahlı təcavüz etdi. Ermənistanın silahlı qüvvələrinin, Azərbaycanın Dağlıq Qarabağ regionunda məskunlaşmış separatçı ermənilərin qeyri-qanuni silahlı birləşmələrinin və dünyanın bir çox ölkələrində cinayətlər törətmiş beynəlxalq terrorçu dəstələrinin ölkəmizə qarşı apardığı müharibə nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və 7 rayonu işğal edildi.
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü zamanı tarixin ən müdhiş və dəhşətli faciələrdən biri Xocalıda törədildi və bu faciə XX əsrdə törədilmiş Babiy Yar, Xatın, Liditse, Sonqmı faciələri ilə eyni səviyyədə durur. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni cinayətkarları tərəfindən azərbaycanlılara qarşı davamlı şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı və ən qanlı səhifəsı kimi tarixə düşdü. Öz miqyasına və dəhşətləriniə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini, onun iradəsini qırmaq idi. Lakin, bu faciə bütün Azərbaycan xalqını sarsıtsa da, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vursa da, xalqımızın iradəsini qıra bilmədi.
Xocalıda törədilmiş cinayətlərin miqyasını və qəddarlıq dərəcəsini təsəvvür etmək üçün 2 mart 1992-ci ildə bu cinayətləri öz gözləri ilə görmüş bir neçə xarici jurnalistin yazdıqlarını diqqətə çatdırmaq vacibdir.
Qanlı olayları gözləriylə görüb lentə alan fransalı jurnalist Jan-İv-Yunet yazırdı: "Biz Xocalı faciəsinin şahidi olmuşuq. Yüzlərlə ölənlərin meyitlərini gördük. Onların arasında qadınlar, qocalar, uşaqlar və Xocalının müdafiəsində duran adamlar var idi. Bizim ixtiyarımıza helikopter verildi. Hündürlüyə qalxaraq havada gördüklərimizi kameraya çəkirdik, Xocalı və onun ətrafını lentə alırdıq. Bu zaman erməni hərbi birləşmələri bizim helikopteri atəşə tutdular və biz məcburiyyət qarşısında qalaraq, çəkilişi yarımçıq qoyub geri qayıtdıq. Mən müharibə haqqında çox eşitmişəm, Alman faşistlərinin qəddarlığını oxumuşam, ancaq ermənilər dinc əhalini və 5-6 yaşlı uşaqları öldürməklə vəhşilikdə onları belə arxada qoymuşdular. Biz xəstəxanada, vaqonlarda, hətta uşaq bağçaları və məktəblərin otaqlarında çoxlu sayda yaralananlar gördük”.
"İzvestiya” qəzetində V. Bellax olayları belə təsvir edir: "Zaman-zaman Ağdama meyitlər gətirilirdi. Tarixdə belə şeylər görünməmişdi. Meyitlərin gözləri çıxarılmış, qulaqları və başları kəsilmişdi. Bir neçə meyit zirehli maşınlara qoşularaq sürüklənmişdi. İşgəncələrin həddi-hüdudu yox idi”.
"İzvestiya” qəzeti 4 mart 1992-ci il yazırdı: "Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür”.
"İzvestiya” qəzetinin 13 mart 1992-ci il sayında mayor Leonid Kravets ğz gördüklərini belə təsvir edirdi: "Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü”.
"Le Mond” qəzetinin (Paris) 14 mart 1992-ci il sayında göstərirdi "Ağdamda olan xarici jurnalistlər, Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır”.
Beləliklə, Xocalı faciəsi Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün tərkib hissəsi olmuşdur və Ermənistanın bu əməlləri beynəlxalq cinayətlərdir. Odur ki, Ermənistan dövləti bu cinayət əməllərinə görə tək Azərbaycan qarşısında deyil, eyni zamanda dünya ictimaiyyəti qarşısında beynəlxalq-hüquqi məsuliyyət daşıyır. Bundan əlavə, Ermənistan hərbi birləşmələri mülki əhalini kütləvi şəkildə məhv etməklə, girov götürməklə, onlara işgəncələr verməklə, şərəf və ləyaqətlərini təhqir edərək şikəst etməklə və qəddarcasına davranmaqla Quruda müharibə aparma qanunları və adətləri haqqında 18 oktyabr 1907-ci il Haaqa Konvensiyasinda (Konvensiya IV), Müharibə vaxtı mülki əhalinin müdafiəsi haqqında 12 avqust 1949-cu il Cenevrə Konvensiyasında, Hərbi əsirlərlə davranış haqqında 12 avqust 1949-cu il Cenevrə Konvensiyasında, Beynəlxalq silahlı münaqişələrin qurbanlarının müdafiəsi haqqında 12 avqust 1949-cu il Cenevrə Konvensiyalarına əlavə Protokolda (1977-ci il) ehtiva edilmiş beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozmuş və müharibə cinayətləri törətmişlər. Şəhərə hücum zamanı qısa bir müddətdə insanların kütləvi şəkildə xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirliməsi, onların diri-diri yandırılması, başlarının kəsilməsi, qafiyə nayihələrinin və üzlərinin dərisinin soyulması, körpə uşaqların gözlərinin çıxarılması, süngü ilə hamilə qadınların qarın nahiyələrinin yarılması, meyitlərin təhqir edilməsi insanlıq əleyhinə cinayətlərdir və bu cinayətlərin törədilməsinə görə Ermənistan dövləti məsuliyyət daşıyır.
Xocalı faciəsi Ermənistan tərəfindən əvvəlcədən planlaşdırılmış və şəhər əhalisi olan etnik azərbaycanlıların tam və ya qismən məhvinə yönəlmiş məqsədyönlü qanlı aksiya olmuşdur. Belə ki, Xocalının işğalı üçün rəsmi Ermənistan hələ 1989-cu ildən planlar həyata keçirməyə başlamışdı. Xocalı coğrafi vəziyyəti strateji əhəmiyyət kəsb edirdi, burada hava limanı mövcud idi və Xocalını ələ keçirməklə Ermənistan tərəfi Dağlıq Qarabağın hava məkanına nəzarəti ələ almaq məqsədi güdürdü. Eyni zamanda qeyd edilməlidir ki, Xocalı 1991-ci ilin oktyabr ayından mühasirədə idi, Xocalının Azərbaycanın digər əraziləri ilə quru və hava əlaqələri kəsilmişdi, axırıncı dəfə Xocalıda helikoter 1992-ci ilin yanvar ayında olmuşdu, əhali silahsız idi, şəhərin özünümüdafiə dəstəsi bir neçə avtomat və ov tüfəngləri ilə silahlanmışdı.
Silahsız Xocalı sakinlərinə qarşı cinayətlər təpədən dırnağadək silahlanmış Ermənistanın müntəzəm ordusu, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində məskunlaşmış separatçı ermənilərin qeyri-qanuni silahlı birləşmələri, dünyanın müxtəlif ölkələrindən gəlmiş beynəlxalq erməni terror qrupları ilə yanaşı keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə törədilmişdir. Belə ki, Rusiya silahlı qüvvələrinin 366-cı motoatıcı alayının mayor Oqanyan Seyran Muşeqoviçin (Seyran Oqanyan hazırda Ermənistanın müdafiə naziridir) komandanlığı altında 2-ci batalyonu, Yevgeni Nabokixinin komandalığı altında 3-cü batalyonu, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşiklər Xocalıda insanlığa sığmayan cinayət əməllərini törədənlərdən olmuşlar.
Xocalı əhalisinin planlı şəkildə məhv edilməsi erməni birləşmələrinin hərbi komandiri olmuş və 2008-ci ildə Ermənistan prezidenti seçilmiş Serj Sarkisyanın ingilis jurnalisti Tomas de Vaalın faciə ilə bağlı sualına vediyi cavabı ilə bir daha təsdiqlənir. Tomas de Vaal yazır ki, erməni hərbi komandiri Serj Sarkisyandan Xocalının zəbt edilməsi haqda danışmağı xahiş etdikdə, o, baş vermiş hadisələrlə bağlı daha düzgün və daha sərt danışdı: "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bu stereotipi sındırmağı bacardıq”.
Qeyd edilməlidir ki, Xocalıda qırğınlar zamanı insanlar məqsəyönlü şəkildə etnik azərbaycanlı olduqlarına görə öldürülmüşlər, hücumlar zamanı şəhərin azərbaycanlı əhalisinin tamamilə və ya qismən məhv edilməsi Ermənistan silahlı birləşmələrinin əsas məqsədi olmuşdur ki, bu da Xocalida törədilən cinayətlərin soyqırım cinayətləri olmasını sübuta yetirir. Xocalı faciəsi zamanı mülki əhalinin planlı şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlar mövcuddur.
Xocalı hücumdan əvvəl, fevralın 25-i axşam çağından toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və 26 fevral səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Ancaq bu niyyət baş tutmamışdır. Belə ki, qaçaraq canını qurtarmağa çalışan dinc əhali erməni silahlılarının əvvəlcədən hazırladıqları pusqulara düşərək, qəddarcasına məhv edilmişdir, öldürülmüş insanların meyitləri təhqir edilmiş, beyin nahiyələrinin dərisi soyulmuş, burunları kəsilmiş və onlar üzərində digər qeyri-insani əməllər törədilmişdir. Bu faktlar Rusiyanın "Memorial” hüquq-müdafiə mərkəzinin həmin günlər hazırladığı hesabatında öz təsdiqini tapmışdır. "Memorial” mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyidi gətirilmiş, onlarla meyidin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyid (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır. Həmin günlər "Memorial” hüquq-müdafiə mərkəzi xəbər verirdi: "…Qaçanlar erməni pusqularına düşür və gülləbaran edilirdi. Qaçanların bir qismi hər halda Ağdama gəlib çata bildi, digər qismi, əsasən qadınlar və uşaqlar (onların sayını dəqiqləşdirmək mümkün deyil) dağlarda azıb qalaraq şaxtadan donublar, … əsirlərin müəyyən hissəsi güllələnib… Dörd gün ərzində Ağdama 200-dək cəsəd gətirilib. Onlarla meyitdə zorakılıq əlamətləri aşkar görünürdü. Ağdam şəhər sanitar qatarının həkimləri başlarının dərisi soyulmuş dörd meyit qeydə alıblar, bir meyitin isə başı kəsilmişdi… Həmin sanitar qatarda canlı insanın başının dərisinin soyulduğu qeydə alınıb…”.
Bütün bu faktlar Xocalıda törədilmiş ağır cinayətlərin kökündə məhz şəhər əhalisi olan azərbaycanlıların milli mənsubiyyətinə görə tam və ya qismən məhv edilməsi niyyətinin dayandığını sübut edir. Məlumdur ki, xüsusi niyyətin olması soyqırım cinayəti üçün zəruri şərt sayılır və "Soyqırım cinayətlərinin qarşısının alınması və ona görə cəzalandırılma haqqında” Konvensiyaya əsasən bu cinayət əməlləri hökmən milli, etnik, dini və irqi qrupların tam və ya qismən məhvinə yönəlməlidir.
Qeyd edilməlidir ki, Azərbaycana qarşı silahlı təcavüzdə Ermənistan silahlı qüvvələri, Dağlıq Qarabağ separatçı ermənilərinin qeyri-qanuni silahlı birləşmələri və dünyanın müxtəlif ölkələrindən gəlmiş beynəlxalq erməni terrorçularından ibarət qruplar iştirak edirdilər. Diqqəti çəkən əsas məqam ondan ibarətdir ki, bütün bu qüvvələrin fəaliyyətləri vahid bir mərkəzdən – Ermənistan Müdafiə Nazirliyi tərəfindən kordinasiya və idarə edilirdilər.
Buna misal üçün vurğulamaq lazımdır ki, Fransa türməsindən azadlığa buraxılmış beynəlxalq terrorist Monte Melkonyan 1990-cı ildə Ermənistana gəldi. Monte Melkonyan Livanın Bekaa vadisində terrorçuluq üçün hazırlıq məktəbi keçmişdi, fələstin qruplarının tərkibində İsrailə qarşı bir sıra terror-təxribat əməliyyatlarında, o cümlədən 1981-ci ildə Sidon şəhərində həyata keçirilmiş diversiya əməliyyatlarında iştirak etmişdir və ASALA terror təşkilatının rəhbərlərindən biri olmuşdu.
Markar Melkonyanın "Qardaşımın yolu” kitabında yazdığı kimi Monte Melkonyan 4 fevral 1992-ci ildə özünün 17 nəfərdən ibarət silahlı qrupu ilə Dağlıq Qarabağa göndərilmişdi və o, mülki azərbaycanlı əhaliyə qarşı qanlı aksiyalara bilavasitə komandanlıq etmişdi. Onun komandanlığı altında erməni yaraqlıları əhalisi 1200 nəfərdən azərbaycanlıdan ibarət olan Qaradağlı kəndində "təmizləmə” əməliyyatı həyata keçirmişdi. Monte Melkonyanın qardaşı olan Markar Melkonyan öz kitabında yazır ki,keçirilən əməliyyat zamanı M.Melkonyanın başçılığı altında Arabo, Aramo və digər erməni vətənpərvərlər qrupu kəndin kənarında aralarında qadınlar da olan mülki əhalidən ibarət 38 nəfər əsiri itələyərək xəndəyə atdılar. Erməni yaraqlıları sonra əsirləri gülləbaran etdilər və istisna olmadan onların hamısını bıçaqla sonacan öldürdülər, bir neçə yaralanmış əsgərin üstünə benzin tökdülər və onları yandırdılar. Qaradağlı kəndi özü darmadağın edildi və sonra yandırıldı. Melkonyanın komandanlığı altında erməni vətənpərvərlər qrupu fevralın ortalarında dəfələrlə Xocalıya hücum etdilər. M.Markaryan yazır ki, onun qardaşı Monte Melkonyan Xocalının məhvi və Şuşanın zəbt edilməsi planların işlənib hazırlanmasında şəxsən iştirak edib. Diqqəti çəkən məqam ondan ibarətdir ki, Monte Melkonyan öz qrupu ilə Dağlıq Qarabağa Ermənistanın Müdafiə Nazirliyi tərəfindən göndərilmişdi və Müdafiə naziri V.Sarkisyan Monte Melkonyanı Martuni (Xocavənd – R.S.) rayonu üzrə erməni silahlı qüvvələrinin əvvəlcə qərargah rəisi, daha sonra isə komandiri təyin etmişdi.
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüz etməsini və Azərbaycan ərazilərinin məhz Ermənistan tərəfindən işğal edilməsini sübut edən çoxsaylı faktlar mövcuddur. Bu sıradan Human Rights Watch/Helsinki beynəlxalq təşkilatının nümayəndələrinin 1994-cü ildə regiona, o cümlədən hərbi döyüşlər zonasına səfərlərinin nəticəsi olaraq "Dağlıq Qarabağda münaqişənin yeddi ili” adlı hesabatı göstərmək olar. Hesabatın müəllifləri Dağlıq Qarabağa səfərləri zamanı Ermənistan silahlı qüvvələrinin əsgərləri ilə söhbətlərinə və özlərinin şəxsi müşahidələrinə əsaslanaraq birmənalı şəkildə vurğulayırlar ki, hüquqi nöqteyi-nəzərdən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində olması Ermənistanı münaqişə tərəfi edir və bu münaqişə Ermənistan və Azərbaycan hökumətləri arasında olan beynəlxalq silahlı münaqişə kimi kvalifikasiya edilir.
Bundan əlavə qeyd edilməlidir ki, Ermənistan Ali Soveti 1 dekabr 1989-cu ildə "Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsinə dair” qərar və 23 avqust 1990-cı ildə isə Ermənistanın suverenliyinə dair qətnamə qəbul etdi. Bu sənədlərə əsasən Azərbaycanın Dağlıq Qarabağ regionu Ermənistanın ayrılmaz hissəsi elan edildi və Ermənistan parlamentinin bu qərarları indiyədək ləğv edilməyib.
Bundan əlagə Dağlıq Qarabağ münaqişəsi üzrə AŞPA məruzəçisi D.Atkinson öz məruzəsində vurğulayır ki, "Dağlıq Qarabağ regionu uğrunda hərbi döyüşlərdə yerli ermənilərlə yanaşı Ermənistandan olan ermənilər də iştirak etmişdir. Bu gün Dağlıq Qarabağ regionundə və ətraf rayonlarda Ermənistan əsgərləri yerləşdirilmişdir, regionda olan insanlar Ermənistan pasportlarına malikdirlər, Ermənistan hökuməti isə bu zonaya əhəmiyyətli miqdarda büdcə vəsaitləri göndərir”.
Qeyd edilməlidir ki, Beynəlxalq Böhran Qrupu (International Crisis Group) 2005-ci ildə hazırladığı məruzədə analoji nəticələrlə çıxış edir. Həmin hesabatda göstərilir ki, "yaxşı öyrədilmiş və təchiz edilmiş "Dağlıq Qarabağ müdafiə ordusu” (dırnaq işarələri mənim tərəfimdən qoyulub – R.S.) ilk növbədə tərkibi Ermənistan tərəfindən təmin edilən quru ordusudur”. Beynəlxalq Böhran Qrupunun məlumatına görə Azərbaycanın işğal altında olan ərazilərinədə Ermənistanın hərbi iştirakı bu ölkənin 10 min vətəndaşı təmin edir. Hesabatda eyni zamanda vurğulanır ki, etrməni tərəfinin dediklərinin əksinmə olaraq əsgərlər Ermənistandan işğal edilmiş Azərbaycan ərazilərində hərbi qulluğu keçməyə könüllü şəkildə gəlmirlər, onlar ümumi əsaslarla hərbi qulluğu çəkmək üçün məcburi şəkildə göndərilirlər. Beynəlxalq Böhran Qrupu hesab edir ki, "Ermənistan və Dağlıq Qarabağ silahlı qüvvələri arasında yüksək səviyyəli inteqrasiya mövcuddur. Ermənistan hakimiyyəti əhəmiyyətli miqdarda silahlar və təchizat göndərdiyini etiraf edir. Dağlıq Qarabağ "hakimiyyəti” (dırnaq işarələri mənim tərəfimdən qoyulub – R.S.) həmçinin Ermənistandan olan zabitlərin onlara şəxsi heyətin hazırlanmasında kömək etdiklərini deyirlər”.
Svante Kornel öz tədqiqatlarında həmçinin Ermənistanın siyasi rəhbərliyinin Azərbaycanın Dağlıq Qarabağ regonunda silahlı münaqişədə iştirakını ört-basdır etmək cəhdlərinə diqqət yetirərək qeyd edirdi ki, "DQR” büdcəsinin 80% Ermənistanın hesabına təmin edilirdi və Azərbaycan vətəndaşları olan Dağlıq Qarabağ erməniləri Ermənistanda yüksək vəzifələrə təyin edilirlər. Doğrudan da, azərbaycanlılara qarşı ağır cinayətlər törətmiş Dağıq Qarabağ erməniləri Ermənistan parlamentində əksəriyyət təşkil edir, qeyri-qanuni silahlı birləşmələrin komandirləri sonradan Ermənistanda yüksək dövlət vəzifələrinə təyin edildilər, R.Köçəryan və S.Sarkisyan bu ölkənin prezidenti oldular, S.Ohanyan isə müdafiə naziri təyin edildi.
Bu məlumatlar Beynəlxalq Böhran Qrupunun yuxarıda qeyd edilən hesabatında da öz təsdiqini tapır. Bu hesabatda göstərilir ki, "DQR” iqtisadiyyatı Ermənistan iqtisadiyyatına sıx bağlıdır və yüksək dərəcədə Ermənistanın göndərdiyi maliyədən asılıdır. Böhran Qrupuna əsasən Ermənistanın 1993-cü ildən ” "DQR” üçün ayırdığı "dövlət krediti separatçı rejimin büdcəsinin 2001-ci ildə 67.3, 2004-cü ildə isə 56.9 faizini təşkil edib. Buna baxmayaraq "DQR” tərəfindən heş bir zayom ödənilməyib. Bundan əlavə, "bütün transaksiyalar Ermənistan vasitəsilə həyata keçirilir və tez-tez Dağlıq Qarabağda istehsal edilmiş mallarda "Ermənistanda hazırlanıb” yazılarını görürük”.
Beləliklə, göstərilən faktlar göstərir ki, 20% Azəırbaycan ərazisi məhz Ermənistan tərəfindən işğal edilib və Azərbaycanın işğal altında olan ərazilərində Ermənistanın həyata keçirdiyi siyasət dünyanın digər bölgələrində işğalçı ölkələrin siyasətindən heç nə ilə fərqlənmir. Belə ki, praktikada bəzi dövlətlərin öz silahlı qüvvələrinin hərbi əməliyyatlara cəlb olunmasına bəraət qazandırmaq üçün arqumentlər irəli sürməsi halları məlumdur. Bir qayda olaraq həmin dövlətlər öz silahlı qüvvələrinin hərbi əməliyyatlara cəlb olunmasının silahlı işğal olmadığını və Quru müharibələrinin qanun və adətlərinə dair 1907-ci il Haaqa Konvensiyasına əlavə olan Quru müharibələrinin qanun və adətlərinə dair Müddəalar və Müharibə zamanı mülki əhalinin müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyası mənasında işğal anlayışından fərqləndiyini sübut etmək məqsədi güdürlər.
Bu məsələlərə diqqət ayıran Oksford Universitetinin professoru Adam Roberts qeyd edir ki, işğalılar tez-tez işğal etdikləri ərazilərdə psevdomüstəqil və ya kvazimüstəqil marionet rejimlər yaratmaqla digər dövlətlərin ərazilərinin güc yolu ilə işğal edilməsində öz rollarını ört-basdır edirlər. Bunun üçün işğalçı dövlət, bir qayda olaraq, öz əməllərinə qanunilik görüntüləri yaratmağa çalışırlar. Onlar həmçinin əksər hallarda işğala məruz qalan ölkənin əhalisi arasında ayrı-ayrı elementlərlə (Dağlıq Qarabağda məskunlaşmış separatçı ermənilər – R.S.) əməkdaşlıq edərək yaratdıqları strukturların guya müstəqil olmaları barədə görüntülər yaratmağa çalışırlar. Lakin aydındır ki, bu marionet rejimlər faktiki olaraq həmişə işğalçı dövlətin iradəsindən asılı vəziyyətdə olurlar. Bəzi hallarda belə əməllər işğal edilmiş ərazilərdə yaradılmış marionet rejimlərə layiqli imic vermək və onların guya demokratik dəyərlərə üstünlük vermələri barədə fikir formalaşdırmağa çalışırlar.
Beləliklə, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi birmənalıdır. Odur ki, Ermənistan Azərbaycana qarşı silahlı təcavüz etdiyinə və Azərbaycan ərazilərini işğal etdiyinə görə beynəlxalq-hüquqi məsuliyyət daşıyır. Belə ki, BMT Baş Assambleyası 14 dekabr 1974-cü ildə qəbul etdiyi "Təcavüzün tərifi” adlı 3314(XXIX) saylı qətnaməsinin 5-ci maddəsində göstərir ki, "təcavüzkar müharibə beynəlxalq sülhə qarşı cinayətdir və təcavüz aktı beynəlxalq məsuliyyət doğurur.
Təcavüz aktının törədilməsi soyqırım, irqi ayrı-seçkilik, etnik təmizləmə, aparteid, humanitar faciə və s. kimi cinayət əməlləri BMT Nizamnaməsi və digər vacib beynəlxalq sənədlərin pozulmasına yönəlib və dünya birliyi tərəfindən beynəlxalq cinayət kimi tövsif edilir. Məhz bu səbəbdən təcavüz cinayəti, soyqırım cinayəti, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər Roma Statutunun 5-ci maddəsinə əsasən Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
Qeyd edilməlidir ki, bu beynəlxalq cinayət əməllərinin törədilməməsi öhdəlikləri bütövlükdə dünya birliyi dövlətləri qarşısında xüsusi kateqoriyalı öhdəliklər xarakteri daşıyır. Bu öhdəliklərin pozulması bütövlükdə dünya birliyi dövlətlərinin ümumi maraqlarının pozulması ilə müşayət edilir. Odur ki, bu öhdəliklər hamı qarşısında olan öhdəliklərdir və dünya dövlətləri bu öhdəlikləri pozmuş dövləti məsuliyyətə cəlb etmək hüququna malikdirlər.
Beləliklə, Ermənistan silahlı birləşmələri Xocalıda azərbaycanlılara qarşı müxtəlif cinayətlər – silahlı təcavüz, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırım cinayətləri törətmişlər. Bu cinayətlərin törədilməsi Ermənistanın tək Azərbaycan qarşısında deyil, bütövlükdə dünya birliyi dövlətləri qarşısında beynəlxalq-hüquqi məsuliyyətini doğurmuşdur.
Sözsüz ki, Xocalı faciəsinin dünya ictimaiyyəti tərəfindən soyqırım cinayətləri kimi tanınması gələcəkdə oxşar faciələrin baş verməsinin qarşısının alınması üçün xüsusi əhəmiyyət kəsb edir. Bunun üçün Azərbaycan dövləti, Azərbaycan ictimaiyyəti beynəlxalq təşkilatlar, dünya ölkələrinin parlamentləri tərəfindən Xocalı soyqırımına dair qərar və qətnamələrin qəbul edilməsi istiqamətində səylər göstərir və bu istiqamətdə bir sıra konkret nəticələr əldə edilib. Belə sənədlərin qəbulu tarixi həqiqətlərin bərpa edilməsi, erməni cinayətkarlarının əsl üzünün dünya ictimaiyyəti tərəfindən tanınması, faciə ilə bağlı həqiqətlərin gələcək nəsillərə çatdırılması, o cümlədən mənəvi baxımdan vacib əhəmiyyət kəsb edir.
Lakin beynəlxalq təşkilatlar və dünya ölkələrinin parlamentləri tərəfindən Xocalı faciəsinə dair qəbul etdikləri sənədlər siyasi qiymətləndirmə xarakteri daşıyır. Odur ki, belə sənədlərin qəbul edilməsi zəruri olsa da, bu qanlı aksiyanı həyata keçirənlərin beynəlxalq-hüquqi məsuliyyətə cəlb edilməsi üçün kifayət deyil. Belə ki, beynəlxalq təşkilatlar və dünya ölkələrinin parlamentləri tərəfindən sənədlərin qəbulu ilə bu cinayətləri törədənlər öz cəzalarına çatmış olmurlar və hər hansı ölkənin parlamentinin qəbul etmiş olduğu sənəd cinayətkarların ədalət qarşısında cəzalandırılması ilə nəticələnmir. Belə olan halda törədilmiş cinayət əməlləri özünün beynəlxalq-hüquqi qiymətini almamış qalır.
Digər tərəfdən, Xocalıda törədilmiş cinayət əməllərinin soyqırım cinayətləri kimi tövsif edilməsi müvafiq yurisdiksiyaya malik beynəlxalq məhkəmənin səlahiyyətlərinə aid edilə bilər. Məlum olduğu kimi, analoji cinayətləri araşdırmaq və müvafiq qərarların qəbul edilməsi üçün dünyada yəhudilərin II Dünya müharibəsi zamanı nasistlər tərəfindən kütləvi şəkildə məhv edilməsi (Xolokost), Yuqoslaviyada və Ruandada törədilmiş soyqırım cinayətləri ilə bağlı beynəlxalq tribunalların təsis edilməsi praktikası mövcuddur. Odur ki, Azərbaycan hakimiyyəti və cəmiyyəti üçün beynəlxalq ictimaiyyət qarşısında Dağlıq Qarabağ müharibəsi zamanı törədilmiş cinayətlər, o cümlədən Xocalı faciəsi üzrə Beynəlxalq Tribunalın təsis edilməsi iddiasının qaldırması, müvafiq tribunalın yaradılmasına nail olunması və indiyədək azadlıqda gəzən, Ermənistanda müxtəlif yüksək səviyyəli vəzifələr tutmuş və ya tutan cinayətkarların ədalət məhkəməsinə cəlb edilməsi ən başlıca məqsədlərdən olmalıdır. Yalnız bu halda hüquqi müstəvidə Xocalı faciəsinin soyqırım kimi tanınmasına nail olmaq mümkündür. Zənnimizcə, Xocalı faciəsi zamanı törədilən cinayətlərə görə cəzalandırmada məhdudiyyət müddəti mövcud olmasa da, bu faciənin şahidləri və iştirakçıları hələ ki, sağdır, Azərbaycan tərəfi Beynəlxalq Tribunalın təsis edilməsi və cinayətkarlar üzərində ədalət mühakiməsinə nail olunmasında tələsməlidir.
Ramiz Sevdimalıyev,
siyasi elmlər doktoru

4 iyul 2014-cü il
http://1905.az/

oxşar xəbərlər