Böyük qayıdış mərhələsi başlayır
26.01.2017 12:02
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanli kəndi bərpa olunacaq. Kəndin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evi, məktəb binası və müvafiq infrastrukturun tikintisi üçün ilkin olaraq dörd milyon manat ayrılıb.
Cocuq Mərcanlı kəndi Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. Bu kənd 1993-cü ilin oktyabrında ermənilər tərəfindən işğal olunmuşdu. Lakin Azərbaycanın igid, vətənpərvər oğulları bu doğma yurdu işğal altında çox qalmağa qoymadılar. 1994-cü il yanvarın 5-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi və yaxın hərb tariximizə azadlıq döyüşü kimi yazılan uğurlu Horadiz əməliyyatı zamanı bir gecədə 22 kəndimizlə birgə Cəbrayılın Cocuq Mərcanlı kəndi də işğaldan azad edildi, ermənilər bu kənddən də qovuldular.
İyirmi iki il sonra - 2016-cı ilin aprelində Azərbaycan Ordusu ermənilərin təxribatına layiqli cavab verməklə tariximizə daha bir şanlı səhifə yazdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində hektarlarla torpağımız, o cümlədən Lələtəpə yüksəkliyi işğaldan azad olundu. Bu, Cocuq Mərcanlı sakinlərinin təhlükəsizliyini də gücləndirdi. Dövlətimizin başçısının Lələtəpə yüksəkliyinə gəlməsi, torpaqlarımızın müdafiəsində dayanan əsgərlərimizlə görüşməsi onlarda da böyük ruh yüksəkliyi yaratdı.
Prezident ilham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı nəinki bu kəndin sakinlərinin, bütün cəbrayıllıların ürəyindən xəbər verdi.
Cocuq Mərcanlı kənd sakini Məhəmməd Misirov: Mən ömrümün xeyli hissəsini Cocuq Mərcanlı kəndində keçirmişəm. İyirmi beş ilə yaxındır ki, biz Cocuq Mərcanlıdan ayrı düşmüşük. Cənab Prezidentin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncam imzaladığını eşidəndə çox sevindim. İnandım ki, Prezidentimiz gələcəkdə belə sərəncamları çox verəcək, işğal olunmuş torpaqlarımız azad ediləcək və biz hamımız doğma torpaqlarımıza qayıdacağıq, yenidən orada yaşayacağıq.
Kənd sakini Azər Abbasov: Çox sevinirik ki, Prezidentin Sərəncamı ilə Cocuq Mərcanlı kəndi yenidən bərpa olunub əvvəlki vəziyyətinə qaytarılacaq. Biz bunu çoxdan arzulayırdıq. Dövlətimizin başçısının bu qərarını alqışlayırıq. Eyni zamanda, bizim bu arzumuzu reallaşdırdığına görə ona minnətdarlığımızı bildiririk. Gözləyirik ki, Prezidentin rəhbərliyi ilə təkcə Cocuq Mərcanlı kəndi deyil, işğal altındakı digər ərazilərimiz də azad ediləcək və həmin torpaqlarda da evlərimiz tikilib bərpa olunacaq.
Kənd sakini Sədi Fərhadov: Cənab Prezidentin bu Sərəncamı bizdə böyük ruh yüksəkliyi yaratdı. Biz doğma kəndimizə qayıdacağımız günü səbirsizliklə gözləyirdik. Bizim üçün bundan böyük xoşbəxtlik ola bilməz. Eyni zamanda, bu Sərəncamın verilməsi ilə biz əmin olduq ki, işğal altındakı digər torpaqlarımız da Ali Baş Komandanımızın rəhbərliyi ilə azad ediləcək.
Milli Məclisin deputatı Elman Məmmədov: Dövlətimizin başçısının bu Sərəncamı artıq onu deməyə əsas verir ki, böyük qayıdış mərhələsi başlayır. İndiyə qədər Cocuq Mərcanlıda cəmi bir ailə yaşayırdı. Ancaq Prezident Sərəncam verdi ki, əhali üçün 50 ev tikilsin, infrastruktur yaradılsın. Bu da o deməkdir ki, artıq qayıdış başlayır. Uğurlu Lələtəpə əməliyyatının nəticəsidir ki, 25 il işğal altında qalan torpaqlarımız azad edildi və bu gün həmin torpaqlara Azərbaycan əsgəri nəzarət edir. İnşallah, gələcəkdə bu qəsəbələrin, evlərin sayı daha da çox olacaq. Torpaqlarımız işğaldan azad ediləcək, insanlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.
Bakı, 25 yanvar, AZƏRTAC

oxşar xəbərlər