Dördüncü İslam Həmrəyliyi Oyunlarının başlamasına 100 gün qalıb
02.02.2017 12:23
Mayın 12-22-də Bakıda keçiriləcək və 300-dən artıq oyun təşkilatçısını bir araya gətirəcək IV İslam Həmrəyliyi Oyunlarına bu gündən etibarən 100 gün vaxt qalıb.
AZƏRTAC xəbər verir ki, "Bakı-2017”nin açılış mərasiminədək qalan bu əlamətdar günü qeyd etmək məqsədilə fevralın 1-də "Baku Crystal Hall”da 300 könüllü bir araya gəlib. Könüllülər geriyə sayımla bağlı "Oyunlara 100 gün qaldı” başlıqlı fleşmob təşkil ediblər. Fleşmobun məqsədi gənc və fəal insanları bir araya toplamaq və IV İslam Həmrəyliyi Oyunları barədə ictimaiyyəti daha geniş şəkildə məlumatlandırmaq olub.
"Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının korporativ direktoru Elçin Səfərov mötəbər yarışa 100 gün qalması ilə bağlı fikirlərini bildirərkən deyib: "Bu yaz Azərbaycan tarixin hadisəsi olacaq IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Oyunların keçiriləcəyi 10 gün ərzində ölkəmiz idmanın 20 növündə 24 sahə üzrə yarışacaq İslam Əməkdaşlıq Təşkilatının elit idmançılarını və atletlərini salamlayacaq”.
Elçin Səfərov qeyd edib ki, böyük tədbirlərin təşkilini könüllülərin köməyi olmadan təsəvvür etmək mümkün deyil. İki aylıq qeydiyyat dövrü müddətində ölkənin aparıcı universitetlərindən və təşkilatlarından olan 12 min 500-dən artıq namizəd Oyunlara dəstək göstərmək məqsədilə qeydiyyatdan keçib. Gözləntilərimizi ötüb keçən rəqəm sayı gənclərin Azərbaycanın tanıtımı, irihəcmli yarışların bir parçası olması istəyindən irəli gəlib ki, bu da bizim üçün çox sevindirici və qürurverici haldır.
"Bakı-2017”nin könüllü səfiri Mahmud Sofiyev Oyunların onlar üçün tarixi hadisə olduğunu bildirib: "Təşkilat Komitəsinə bizə yaratdıqları gözəl imkana görə dərin təşəkkürümüzü bildiririk. "Bakı-2015” Avropa Oyunları könüllüləri ilə ünsiyyət qurduğumuz zaman onların ruh yüksəkliyi, biliyi, geniş dünyagörüşləri, yumor hissinə sahib olmaları, ən ümdəsi isə Oyunlarla bağlı xoş xatirələri bizdə də ruh yüksəkliyi yaradır. Əcnəbi qonaqların məhz bir çox könüllülərin simasında Azərbaycana vurğunluqları isə bir gənc olaraq bizdə qürur hissi yaradır”.
İslam Həmrəyliyi Oyunları İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) tərəfindən keçirilən çoxmillətli, çoxnövlü idman tədbiridir. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsi ilə bağlı qərar 2013-cü il iyulun 24-də İHİF-in Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil edilmiş səkkizinci Baş Assambleyasında qəbul edilib.
2015-ci il sentyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ilin mayında Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri təyin edilib.

oxşar xəbərlər