ŞAHBAZOV Yavər Əlibala oğlu
(1.11.1973, Xaçmaz r.-nunun Qıraqlı k. – 13.3.1995) – Azərbaycanın Milli Qəhrəmanı (4.4.1995, ölümündən sonra).
    
1 noyabr 1973-cü ildə Xaçmaz rayonunun Qıraqlı kəndində doğulmuşdur. 1981-ci ildə Alekseyevka kənd orta məktəbinin birinci sinfinə getmişdir. Hazırcavablığı ilə müəllimlərinin, şagird dostlarının hörmətini qazanmışdı. O, dərslərinə xüsusi diqqət yetirirdi. 1991-ci ildə orta mətəbi bitirdikdən sonra Şamaxı Mədəni-Maarif Texnikumuna daxil olur. Yavər ermənilərin torpaqlarımızı zəbt etməsindən çox narahat idi. Soydaşlarımızın öz doğma yurdlarından didərgin salınması onun qəlbini göynədirdi. Torpaqlarımızı qorumaq üçün əsgərlik vaxtının çatmasını səbirsizliklə gözləyirdi. Nəhayət, 8 iyun 1994-cü ildə o, öz arzusuna çatdı, Milli Ordu sıralarında xidmətə başladı. Heç ağlına da gətirməzdi ki, düşmənlə deyil özümüzünkülərlə üz-üzə duracaq. 1995-ci il martın 13-ü... Dövlət çevrilişinə cəhd... Qurbanlar bahasına qazanılmış müstəqilliyimizə, suverenliyimizə yönəldilmiş bu mənfur niyyətin qarşısının alınmasında Yavər də iştirak edirdi. Yavər Şahbazov qiyamçıların atəşi altında qalan döyüş yoldaşlarını xilas etmək üçün irəli atılaraq bir neçə yaralını xilas etdi. Özü isə bu qarşıdurmada həlak oldu.
    
Subay idi.
    
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Şahbazov Yavər Əlibala oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
   
Alekseyevka kəndində dəfn edilmişdir.
  
Alekseyevka kənd orta məktəbi hazırda Qəhrəmanın adını daşıyır. Məktəbin önündə və Xaçmaz şəhərində büstü qoyulmuşdur. 2003-cü ildə isə Alekseyevka kəndində onun xatirəsinə Şəhidlər abidəsi ucaldılmışdır.
 
Əd.: Vüqar Əsgərov "Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 266

oxşar xəbərlər