Bakıda “Asiyanın Qəlbi-İstanbul Prosesi”ndə iştirak edən dövlətlərin yüksək vəzifəli rəsmilərinin iclası keçirilir
17.03.2017 16:35
Martın 17-də Bakıda "Asiyanın Qəlbi-İstanbul Prosesi”ndə iştirak edən dövlətlərin yüksək vəzifəli rəsmilərinin iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik Departamentinin rəisi Qaya Məmmədov ölkəmizin bu prosesə 2012-ci ildən qoşulduğunu və bu il "İstanbul prosesi”nə həmsədrlik etdiyini deyib. O, iclasda görülmüş işlərlə bağlı hesabatların veriləcəyini və gələcək fəaliyyət istiqamətlərinin müzakirə olunacağını deyib.
Əfqanıstan xarici işlər nazirinin müavini Hikmət Xəlil Kərzayi ölkəsinin vacib tərəfdaşı olan Azərbaycanın bu il "Asiyanın Qəlbi- İstanbul prosesi”nə həmsədrlik etməsindən məmnunluğunu bildirib. O deyib ki, beynəlxalq nüfuzu və malik olduğu imkanlar nəzərə alınaraq Azərbaycan 2012-ci ildə bu prosesə dəvət edilib. Azərbaycan bizim birgə səylərimizin dəstəklənməsində vacib rol oynayır. Proses iştirakçısı olan ölkələrin xarici işlər nazirlərinin bu ilin sonunda keçirilməsi nəzərdə tutulan görüşünün təşkilinə görə Azərbaycana təşəkkür edirik. Həmçinin ötənilki yaxşı sədrliyə görə Hindistana təşəkkür edirik. Proses ölkələri regionda iqtisadi layihələri və ticarəti gücləndirməlidir. Həmçinin ölkələr arasında siyasi dialoqu təbliğ etmək vacibdir. Əminəm ki, bu proses Əfqanıstan və proses iştirakçısı olan digər ölkələrdə sülh və stabilliyin təmin olunmasında böyük rol oynayacaq.
Hikmət Xəlil Kərzayi Azərbaycanın Əfqanıstanda sülh və əmin-amanlığın təmin olunmasında böyük rol oynadığını vurğulayıb.

oxşar xəbərlər