Şamaxıda aprel döyüşləri şəhidlərinin xatirəsi anılıb
05.04.2017 16:39
Aprelin 4-də Şamaxıdakı Mədəniyyət Sarayında "Torpaq uğrunda ölən varsa, Vətəndir!” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Şamaxı ictimaiyyəti nümayəndələrinin, hərbçilərin, şəhid ailələrinin iştirak etdikləri tədbirdə 2016-cı ilin aprel döyüşləri zamanı həlak olan şamaxılı döyüşçülər – Samir Kaçayevin, Nazım Zəkərəyevin və Elşən Səmədovun xatirələri anılıb.
Çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı şöbəsinin rəisi Nasir Qurbanov, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, ehtiyatda olan zabit, birinci Qarabağ müharibəsinin iştirakçısı Yalçın Şıxıyev ötən ilin aprelində erməni silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdikləri şücaətlərdən danışdılar.
Pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev iştirakçılara AVCİYA-nın layihəsi olan 1905.az portalının "1905.az kitabı” layihəsindən bəhs edib. Layihə çərçivəsində çapdan çıxmış "Samir! Nazim! Elşən!” kitabının müəllifi Aida Eyvazlı Göytürk Azərbaycanın qalibiyyət şəhidlərinin həyat yolu ilə bağlı məlumat verdi.
Tədbirdən sonra Şamaxıdakı Şəhidlər xiyabanı ziyarət olundu və məzarlar üzərinə gül dəstələri qoyuldu.

oxşar xəbərlər