Aprel şəhidlərinin həyatından bəhs edən kitabların təqdimatı olub
17.04.2017 11:34
Sumqayıt şəhər Əli Kərim adına Poeziya Klubunda jurnalist Aida Eyvazlı Göytürkün "Qalibiyyət- şahidlər və şəhidlər”, "Samir, Nazim, Elşən!” kitablarının təqdimatı keçirilib.
Poeziya Klubunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib və ölkəmizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sumqayıt şəhər Əli Kərim adına Poeziya Klubunun direktoru, şair İbrahim İlyaslı bildirib ki, təqdimatı keçirilən kitablar ötən ilin aprel ayında vətən torpaqlarını mənfur düşməndən azad edən qəhrəmanlarımızın şücaətindən bəhs edir. O, kitabın şəhidlərimizin bir qəhrəman kimi tarixdə yaşamasına bələdçi olacağını söyləyib.
Əməkdar Jurnalist Rəhman Orxan qeyd edib ki, həmkarı Aida Eyvazlı heç bir təmənna güdmədən aprel döyüşlərində şəhid olan əsgərlərin evlərini kəndbəkənd gəzərək, onların həyatlarını nağıl kimi qələmə alıb. O, şəhidlərin ailələrinin bütün dərdini-qəmini qələminin süzgəcindən, qəlbinin süzgəcindən keçirərək vətən oğullarının qəhrəmanlıq tarixini yazıb.
"Şəhid adı, qazi adı hər zaman müqəddəsdir”,- deyən Milli Məclisin deputatı Muxtar Babayev vətən torpağını qoruyaraq, azad etdikləri səngərlərdə şəhadətə yetişən şəhidlərimizin xatirəsinin Azərbaycan xalqı üçün əziz olduğunu vurğulayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər bölməsinin rəisi polkovnik Natiq Qarayev də vətən şəhidlərinin adının belə bir nəfis kitabda əbədiləşdirilməsinin zəfər tariximizə yazıldığını qeyd edib.
Tanınmış yazıçı Varis vətənimizin haqq savaşına başladığı gündən sumqayıtlı yazarların hər zaman fərqləndiyini, jurnalist Rəhman Orxanın, Eyruz Məmmədovun da Qarabağ həqiqətlərini daim diqqət mərkəzində saxladıqlarını və bu sıraya Aida Eyvazlı imzasının da qoşulduğunu söyləyib.
Tədbirdə aprel şəhidlərimizin ailə üzvləri də iştirak ediblər. Şəhid ailələri adından çıxış edən Əbdülməcid Axundovun anası Vətən şəhidlərinin adını əbədiləşdirdiyi üçün Aida Eyvazlıya minnətdarlığını bildirib.
Sonda çıxış edən Aida Eyvazlı Göytürk şəhid analarının, şəhid ailələrinin qarşısında baş əyərək, Vətənimizə qalibiyyət şərbətini dadızdıran qəhrəmanlarımızın həyatını qələmə aldığından qürur duyduğunu deyib. Qeyd edib ki, "Qalibiyyət - şahidlər və şəhidlər” kitabının ikinci cildi də bu ilin sonunadək işıq üzü görəcək.

oxşar xəbərlər