İndoneziya mətbuatı Şuşanın Ermənistan tərəfindən işğalının ildönümündən bəhs edir
10.05.2017 11:58
Azərbaycanın İndoneziyadakı səfirliyində Şuşa şəhərinin Ermənistan tərəfindən işğalının 25-ci ildönümünə həsr edilən tədbir keçirilib.
Müxtəlif gənclər təşkilatlarının, tələbə assosiasiyalarının, QHT nümayəndələrinin, müstəqil gənc tədqiqatçıların, yazıçıların və jurnalistlərin iştirakı ilə baş tutan tədbirdə Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə ümumi məlumat verilib. Digər işğal edilmiş ərazilərdə olduğu kimi, Şuşa şəhərində də xalqımızın tarixinə və mədəniyyətinə qarşı törədilmiş cinayətlərdən bəhs edilib. Şuşa şəhərinin tarixi, bu şəhərin Azərbaycan mədəniyyəti, İslam tarixi və mədəni irsindəki əvəzolunmaz mövqeyi haqqında məlumat verilib. Məsələyə Ermənistanın Azərbaycana qarşı təcavüzü, tarixi torpaqlarımızın işğalı, beynəlxalq ictimaiyyətin bu işğalla bağlı mövqeyi, beynəlxalq hüquq və normaların tələbi aspektlərindən yanaşılaraq müzakirələr aparılıb, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Tədbir iştirakçıları Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı həqiqətlərin İndoneziya ictimaiyyətinə çatdırılması üçün öz fəaliyyət sahələrində səy göstərəcəklərini qeyd ediblər.
İndoneziyanın nüfuzlu "Kiblat” xəbər və araşdırma portalı, eləcə də "Islampos”, "Haripanpublik”, "Kabarviral”, "Dakta”, "JURNALISLAM”, "Arrahmah” və digər xəbər portalları Şuşa şəhərinin işğalının 25-ci ildönümü ilə əlaqədar məqalələr yayıb.
Regionun müsəlman əhalisi arasında böyük nüfuza malik olan portallardan birində yerləşdirilən məqalə "Şuşa şəhərinin işğalının 25 ili: məscid donuz tövləsinə çevriləndə” adlanır. Məqalədə qeyd edilir ki, 8 may gününün tarixi bir an olduğunu çoxları bilmir. 25 il əvvəl bu tarixdə Şuşa adlı kiçik bir şəhər işğal olunub. Əhalisinin əksəriyyətinin etnik azərbaycanlılardan ibarət olduğu bu şəhər Azərbaycanın Dağlıq Qarabağ regionunun şəhərlərindən biridir. 1992-ci ildə Şuşa şəhəri Ermənistan ordusu tərəfindən işğal edilib, yüzlərlə azərbaycanlı dinc əhaliyə divan tutulub, öldürülüb, qədim İslam mədəni abidələri dağıdılıb.
Məqalədə Şuşanın tarixindən bəhs olunur, şəhərin XVIII əsrdə Pənahəli xan tərəfindən salındığı və Azərbaycanın Qarabağ xanlığının paytaxtı olduğu bildirir. Şuşanı Azərbaycan musiqisi, mədəniyyəti və ədəbiyyatının beşiyi kimi xarakterizə edən müəllif bu şəhərin yetirdiyi şəxsiyyətlərdən ilk müsəlman opera bəstəkarı kimi Üzeyir Hacıbəylinin, Azərbaycanın məşhur vokalçısı Bülbülün, Azərbaycan muğamının ustadı Cabbar Qaryağdının, daha sonra müğənni Rəşid Behbudovun, bəstəkarlar Əşrəf Abbasovun, Süleyman Ələsgərovun, Fikrət Əmirovun, Fərhad Bədəlbəylinin, Seyid və Xan Şuşinskilərin, yazıçılar Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov və şairə Xurşidbanu Natəvanın adlarını sadalayır.
Qısa tarixi məlumatdan sonra müəllif yenidən Şuşanın işğal faktına qayıdır və qeyd edir ki, bu şəhərin işğalı Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hərbi təcavüzünün və etnik təmizləmə siyasətinin bir hissəsidir. Bu siyasətin nəticəsi olaraq, Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğal olunub və bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Müəllif qeyd edir ki, Ermənistan ordusu Azərbaycanın Xocalı şəhərini işğal edib orada soyqırımı törətdikdən sonra Şuşa şəhərinə hücum edib. Şuşadakı İslam tarixi abidələrini dağıdıb, oradakı məscidləri donuz tövləsinə çevirib. Bu faktları sübut edən fotoşəkillər məqaləyə əlavə edilib.
Məqalədə vurğulanır ki, beynəlxalq ictimaiyyət, xüsusilə də BMT Təhlükəsizlik Şurası 4 dəfə (822, 853, 874 və 884 saylı qətnamələrlə) Ermənistandan Azərbaycana qarşı hərbi təcavüzü dayandırmağı, Azərbaycan ərazilərini qeyd şərtsiz tərk etməyi tələb etsə də, Ermənistan ona dəstək verən xarici himayədarlara arxalanaraq bu tələblərə məhəl qoymur, əksinə, təcavüzün nəticələrini leqallaşdırmağa çalışır.
Məqalənin sonunda müəllif bütün ölkələri, xüsusilə də müsəlman ölkələrini Azərbaycana dəstək verməyə, Ermənistan hökumətini isə öz xalqına xidmət etməyə - qonşu Azərbaycana qarşı təcavüzə son verərək həm Ermənistan, həm Azərbaycan, eləcə də bütün region xalqlarının haqqı olan sülhü bərqərar etməyə çağırır.
Vüqar Ağayev, AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta

oxşar xəbərlər