“Bakı – qəhrəman şəhərdir”

Obamanın seçilməsi ilə Azərbaycan – Amerika münasibətləri əhəmiyyətli dərəcədə dəyişməyəcək
Rusiya Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllində maraqlı deyil – Rusiyanın Milli Strategiya İnstitutunun prezidenti
ABŞ RF-nin Azərbaycandakı RLS-dən birgə istifadə etmək təklifi ilə razılaşmayacaq

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanovun təşəbbüsü ilə 2005 ildə faşist Almaniyası üzərində qələbənin 60 illiyi ilə bağlı “Bakı – qəhrəman şəhərdir” adlı geniş kampaniyaya başlanılmışdır. AVCİYA-nın respublika ictimaiyyətinə müraciətində deyilirdi: “… Bu il mütərəqqi bəşəriyyət faşist Almaniyası üzərində qələbənin 60 illiyini qeyd edəcək. Müasir beynəlxalq dünya sisteminin yaradılmasında bu qələbənin nə qədər böyük əhəmiyyət kəsb etdiyini, bu qələbədə Azərbaycan xalqının, paytaxtımız Bakının mühüm və danılmaz rolunu nəzərə alsaq Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası “Bakı – qəhrəman şəhərdir” şüarı altında geniş miqyaslı kampaniyaya başlamaq qərarına gəlib. II Dünya müharibəsi illəri ərzində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və rəşadət nümunələri göstərmişdir. Qısa müddət ərzində respublikamızda 87 qırıcı batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olundu. Cəbhəyə gedən 600 min nəfərdən 420 mini həlak oldu. Həlak olanlardan 141 nəfər SSRİ qəhrəmanı adına layiq görüldü. Müharibənin ancaq birinci ilində Bakı ölkəyə 24 mln., müharibənin 4 ili ərzində isə 75 mln. ton neft təhvil vermişdir. Qeyd edək ki, bu göstərici ümumittifaq istehsalının 80%-ni təşkil edirdi”. 
Kampaniyanın gedişi kütləvi informasiya vasitələrində geniş işiqlandırılmışdır. Kampaniyanın tərkib hissəsi olaraq AVCİYA “Lider” televiziyası ilə birgə “Qəhrəman şəhər” telelayihəsini gerçəkləşdirmişdir. Fuad Babayevin müəllifliyi ilə hazırlanan silsilə verilişlər geniş auditoriyanın, xüsusilə də gənc nəslin bu sahədə maarifləndirilməsinə xidmət etmişdir.
Kampaniya dövründə respublikanın bir sıra elm və təhsil müəssisələri, yaradıcı birliklər, ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları və eləcə də ayrı-ayrı şəxslər AVCİYA-nın başladığı geniş miqyaslı kampaniyaya dəstək vermişdir.
11 aprel 2005-ci il tarixdə isə keçmiş SSRİ respublikalarının II dünya müharibəsi veteranları komitələri nümayəndələrinin iştirakı ilə Azərbaycan paytaxtında “Bakı – qəhrəman şəhərdir” mövzusunda Beynəlxalq Forum keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun nümayəndələrini qəbul etmişdir. Forum iştirakçılarının Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə ünvanladıqları müraciətdə deyilirdi: “İstər qurbanlarının sayına, istərsə də dəhşətlərinə görə ən amansız müharibə sayılan İkinci Dünya müharibəsinin canlı şahidləri indi də sıralarımızdadır və onların 60 il əvvəl göstərdikləri fədakarlıqlar gənc nəslə örnəkdir. İlk baxışdan elə görünür ki, o qanlı müharibədə hamı öz fədakarlığının layiqli qiymətini almışdır. Lakin biz hesab edirik ki, qələbənin qazanılmasında çox böyük şücaətlər göstərmiş Bakı şəhəri, onun qəhrəman sakinləri, xüsusilə də neftçilər həmin dəyərləndirmədən kənarda qalmışlar. Bütün dünyaya bəllidir ki, 1941-1945-ci illərdə ön cəbhədə istifadə edilmiş yanacağın 75 faizini Bakı vermişdir. Faşizm üzərinə yeriyən tankları təyyarələri, avtomobilləri məhz Bakı nefti hərəkətə gətirmişdi. Lakin üstündən 60 il ötməsinə baxmayaraq hələ də hər bir vətənpərvər azərbaycanlı üçün respublikamızın paytaxtına hansı səbəbdən “Qəhrəman şəhər” adı verilməməsi qaranlıq qalır… Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının irəli sürdüyü Bakıya “Qəhrəman şəhər” fəxri adının verilməsi təşəbbüsünü forumun bütün iştirakçıları – yaradıcı və ictimai birliklər, qeyri-hökumət təşkilatları, ali təhsil müəssisələri, müxtəlif qurumlar, eləcə də MDB və Şərqi Avropa ölkələrinin veteran təşkilatları dəstəkləyir”.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse-prezidenti Vəli Əlibəyov həmin kampaniyanın məqsədi və nəticələri barəsində aşağıdakıları bildirmişdir:

– 2004-cü ili yola salan AVCİYA 2005-ci illə bağlı öz fəaliyyət istiqamətlərini müəyyənləşdirməklə məşğul idi. Yəqin ki, yaxşı xatırlayırsınız, 2005-ci il İkinci Dünya Müharibəsinin başa çatmasının 60 illiyinin xüsusi təmtəraqla qeyd olunacağı bir il idi. PR mütəxəssislər gözəl bilirlər ki, bu kimi tarixlərdən istifadə edib səmərəli nəticələr əldə etmək olar. Beləliklə, bunu nəzərə alan AVCİYA rəhbərliyi bu tarixdən yararlanmaqla ölkə əhalisi arasında vətənpərvərlik ruhunun oyadılması məqsədilə tədbirlər planı cızmağı qərara aldı. Bununla bağlı müxtəlif fikirlər səslənmiş, onlar geniş tərkibdə müzakirə də olunmuşdu.
Lakin, kreativ yox idi. Kreativ isə həmişə olduğu kimi gözlənilməz vaxt yarandı. Yanvar ayının səkkizi və ya doqquzu idi. Səhər saat 8 radələrində AVCİYA-nın prezidenti Elxan müəllim mənə zəng etdi və səhər idmanı zamanı onun beynində yaranan ideyanı mənimlə bölüşdü. İdeyanın məğzi ondan ibarət idi ki, kampaniyanın əsasını uzun illərdir ki, müzakirə olunmuş, lakin Sovet İttifaqı dağılandan sonra unudulmuş məsələ təşkil etsin. Yəni, Bakıya “Qəhrəman Şəhər” adının verilməsi məsələsini yenidən gündəmə gətirməklə Azərbaycanın xaricində olan qüvvələri layihəyə cəlb etmək və onların vasitəsilə Azərbaycan xalqının İkinci Dünya Müharibəsində göstərdiyi qəhrəmanlıq barəsində həm ölkə daxilində, həm də xaricdə kampaniya həyata keçirmək. İdeya dərhal hamı tərəfindən bəyənildi. Hətta “Qəhrəman Şəhər” adının artıq alınmasının mümkünsüzlüyü bizi həvəsdən salmadı! Çünki layihənin məqsədi tam başqa idi!

Planlaşdırma
İlk olaraq tədbirlər planı üzərində iş başladı. Qarşımızda bir neçə məsələnin həlli dururdu:
1.Tərəfdaş. Biz başa düşürdük ki, belə bir nəhəng kampaniyanı AVCİYA-nın təklikdə həyata keçirməsi lazımi effekti verməyə bilər. Bizə tərəfdaşlar lazım idi, özü də həm yerli, həm də xarici.
2.Dəstək. Söhbət həm yerli, həm də xarici mənəvi dəstəkdən gedirdi. Eyni zamanda, bir qrup layihənin həyata keçirilməsi üçün potensial sponsorlar siyahısı üzərində çalışmağa başlandı.
3.Müraciət. PR-da həyata keçirilən kampaniyanın əsasını sizin auditoriyaya çatdırmaq istədiyiniz müraciət təşkil edir. Bu baxımdan AVCİYA konkret müraciət və onun auditoriyaya daha uğurlu yolla çatdırılması məsələsini həll etməliydi.
Həyata keçirmə
Birinci məsələnin həlli üçün potensial tərəfdaşların siyahısı hazırlandı və onlarla əlaqələr quruldu. AVCİYA-nın əməkdaşı dərhal Moskvaya ezam olundu. Fevral ayının ortalarında “Bakı – Qəhrəman Şəhərdir” beynəlxalq kampaniyasının tərəfdaşları var idi. Bunlar Azərbaycandan “Respublika Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası”, xaricdən “Moskva Qəhrəmanlar Klubu”, “Sodrujestvo” Ehtiyatda Olan Zabitlər Hərəkatı Komitəsi” idi. Beləliklə, AVCİYA kampaniyaya bu sahədə tanınan və qəbuledilən təşkilatları cəlb etməyə müvəffəq oldu, bu da kampaniyanın cəmiyyət tərəfindən qəbul edilməsi baxımından çox vacib idi.
İkinci məsələylə bağlı AVCİYA informasiya xarakterli bir müraciət hazırladı. Müraciətdə deyilirdi:
“Əziz həmvətənlər!
Bu il mütərəqqi bəşəriyyət faşist Almaniyası üzərində qələbənin 60 illiyini qeyd edəcək. Müasir beynəlxalq dünya sisteminin yaranmasında bu qələbənin nə qədər böyük əhəmiyyət kəsb etdiyini, bu qələbədə Azərbaycan xalqının, paytaxtımız Bakının mühüm və danılmaz rolunu nəzərə alaraq Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası “Bakı – Qəhrəman Şəhərdir” şüarı altında genişmiqyaslı beynəlxalq kampaniyaya başlamaq qərarına gəlib. Məqsəd Bakıya “Qəhrəman Şəhər” fəxri adının verilməsinə nail olmaqdir…”.
Müraciətin ardında ikinci dünya müharibəsi illərində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq barədə geniş məlumat verilir, Sovet İttifaqı Qəhrəmanlarının adları çəkilirdi. Sonda müraciətin məqsədi açıqlanırdı: “… Biz, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası olaraq sizlərdən tarixi ədaləti bərpa etməyə yardımçı olmağınızı xahiş edir və bu şərəfli işə sizin hər birinizin qoşulmasını arzulayırıq. Öz təkliflərinizi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının ünvanına göndərməyinizi xahiş edirik”.
Mart-may ayları ərzində AVCİYA telekanalların birində “Bakı – Qəhrəman Şəhərdir” adlı həftəlik silsilə verilişlər də təşkil etdi. Nəhayət, aprel ayının 11-də Bakıda 25 Sovet İttifaqı Qəhrəmanı, Moskva Qəhrəmanlar Klubu, Rusiya Federasiya Qəhrəmanları, “Sodrujestvo” Ehtiyatda Olan Zabitlərin Hərəkatı Komitəsi, Moskva şəhəri və Moskva Vilayəti Şöhrət Ordeninin Tam Kavalerləri Klubu, Böyük Vətən Müharibəsi Veteranlarının Rusiya Komitəsi, Müstəqil Dövlətlər Birliyinin Böyük Vətən Müharibəsi Veteranları İttifaqı, “Qəhrəman Şəhər” Kiyevin Sovet İttifaqı Qəhrəmanları Klubu, “Qəhrəman Şəhər” Novorossiyskin Sovet İttifaqı Qəhrəmanları Klubu, “Ordu və Mədəniyyət” vətənpərvər və mədəni ənənələrin qorunub saxlanılması və inkişafı üzrə regionlararası İctimai Fondu və daha neçə bu kimi təşkilatların nümayəndələrinin iştirakıyla “Bakı Qəhrəman Şəhərdir” Beynəlxalq Forumu keçirildi.
Qiymətləndirmə
Layihənin nəticələrinə keçməzdən əvvəl AVCİYA-ya daxil olan yüzlərlə məktubların bəziləri ilə oxucularımızı qısa da olsa tanış edirik.
Bakı Şəhər İcra Hakimiyyətinin məktubundan: “…Bakının İkinci Dünya müharibəsindəki Qələbədə oynadığı müstəsna rolu nəzərə alaraq, Assosiasiyanızın paytaxtımıza “Qəhrəman Şəhər” fəxri adının verilməsi barədə irəli sürdüyü təşəbbüsü təqdirəlayiq hesab edirik”.
Odessa İkinci Dünya Müharibəsi veteranları təşkilatının sədri A.Q.Qurşkin yazırdı: “…Azərbaycan İkinci Dünya Müharibəsində çox böyük rol oynayıb. Biz Bakıya “Qəhrəman Şəhər” adının verilməsi üçün Assosiasiya ilə əməkdaşlığa hazırıq”.
Brest Vilayətinin İcra Komitəsinin sədri K.A.Sumarin: “…İrəli sürdüyünüz ideyanı müdafiə edirik. Azərbaycan xalqının Böyük Vətən Müharibəsində göstərdiyi şücaətlər bu adın verilməsinə əsas verir… Bakı şəhərinə bu adın verilməsi ilə Qələbənin 60 illiyi ərəfəsində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıqlar öz həqiqi qiymətini almış olardı…”. Bu kimi misalları davam da etdirmək olardı, lakin buna 30-40 səhifə ayırmaq lazım gələrdi.
Layihənin növbəti uğuru kimi Azərbaycan Prezidenti İlham Əliyevin forumda iştirak edən qonaqlarla görüşdüyünü göstərmək olar. Layihə çərçivəsində nəfis tərtibatda fotoalbom və kitablar çap edilmiş, Azərbaycanın daxili və xaricində paylanmışdı.
Fevral-may ayları dövründə Azərbaycanın yaşlı əhalisi Bakının İkinci Dünya Müharibəsində göstərdiyi qəhrəmanlığı yenidən yada saldı, gənc nəsil isə bu barədə geniş məlumatlanmış oldu.