Bakı- Qəhrəman şəhərdir

AzTU-da Obama administrasiyasına ünvanlanan Qarabağ petisiyası ilə əlaqədar görüş keçirilib
Məhərrəm Zülfüqarlı: “Rusiya Ukraynada uduzduğu kimi, Qarabağda da uduzacaq”
İslam mədəniyyətinin inkişafında Azərbaycan alimlərinin roluna dair müzakirələr aparılıb

“1905.az” Diskussiya klubunda “Vətən Müharibəsi Veteranlar Birliyi”nin sədr müavini, Əfqanıstan və Qarabağ müharibəsi veteranı Rasim Quliyev, Böyük Vətən müharibəsi veteranı Əli Nəsirov, “Azərbaycan generalları” kitabının müəllifi Şəmistan Nəzirli və pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayevlə ilə müzakirə etdik.

Fuad Babayev: 10 il bundan qabaq, 2005-ci ilin 11 aprelində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Bakı- Qəhrəman şəhərdir” beynəlxalq forumunu keçirdi. Bu forum çox böyük bir layihənin məntiqi yekunu idi. İstəyirəm, həmin forumun materiallarının yer aldığı bu kitaba AVCİYA prezidenti Elxan Süleymanovun yazdığı giriş sözündən aşağıdakı məqamları diqqətinizə çatdırım.

21 yanvar 2005-ci il tarixində irəli sürülən ideyanı bir çox qüvvələr faşizm üzərində qələbənin 60 illiyi ərəfəsində tarixi ədalətin bərpa edilməsi kimi qiymətləndirdilər. Ölkə ictimaiyyətinin çoxsaylı nümayəndələrinin yekdil rəyi belə oldu:

İkinci Dünya müharibəsində qələbə naminə 420 min nəfər övladını qurban verən, savaş dövründə SSRİ-də istehsal olunan neftin 75%-ni hasil edən Azərbaycanın paytaxtı Bakıya “Qəhrəman şəhər” fəxri adının verilməsi ümumilikdə bütün ölkənin və onun sakinlərinin qəhrəmanlığına verilən qiymət olacaq.

DSCF0229

Növbəti mərhələdə assosiasiya keçmiş SSRİ respublikalarının İkinci Dünya müharibəsi veteranları komitələrinə müraciət etdi. Rusiyanın, Ukraynanın, Belarusun və digər MDB ölkələrinin veteran təşkilatları, “Qəhrəman şəhər”lərin administrasiyaları bizim təşəbbüsü dəstəklədilər və onun reallaşması üçün əlindən gələni etməyə hazır olduqlarını bildirdilər. Həm daxili, həm də xarici dəstəyi alandan sonra assosiasiya Respublika Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüqüq-Mühafizə Orqanları Veteranları Şurası, Moskva Qəhrəmanlar Klubu, “Sodrujestvo” Ehtiyatda olan Zabitlərin Hərəkatı Komitəsi ilə birlikdə Azərbaycan paytaxtında “Bakı- Qəhrəman şəhərdir!” mövzusunda Beynəlxalq Forum keçirməyi qərara aldı. Bakı Şəhər İcra Hakimiyyəti Bakının qəhrəman şəhər adını alması məsələsinə, yumşaq desək, biganə yanaşsa da, bu tədbirin möhtəşəmliyinə əsla xələl gətirmədi. Foruma Azərbaycandan və MDB-nin bir çox ölkələrindən olan İkinci Dünya müharibəsi veteranları, “Qəhrəman şəhər”lərin administrasiyalarının, Azərbaycanın yaradıcı birliklərinin və dövlət qurumlarının nümayəndələri qatıldılar. Forumun yekununda tədbir iştirakçıları respublika prezidenti İlham Əliyevə müraciət qəbul etdilər.

İndi isə artıq 2015-ci ildir və qələbənin 70-ci il dönümünü qeyd edirik…

Rasim Quliyev: Dəvətiniz üçün minnətdaram. İstər 1918-ci il, istər 1941-1945-ci illərdə canını fəda edən oğullarımız az olmayıb. O insanların əksəriyyəti bu gün dünyasını dəyişib, amma sağ alanlar da var. Onları qorumalı, onlardan tarixi öyrənməliyik.

DSCF0293

Əli Nəsirov: Müharibəni yaşayan adam onun necə ağır olduğunu dərk edir. Günlərlə ac qalırdıq, soyuqda yemək axtarırdıq. Dizlərim işləmir. O qədər şaxtada diz üstə qalmışıq ki… Müharibədə nə qədər qəhrəman oğullarımızı itirmişik. Çoxundan heç xəbərimiz yoxdur. Bakı qalib gəlməkdə əməyi böyük olan şəhərdir.

Şəmistan Nəzirli: Uzun müddət Azərbaycan televiziyasında hərbi proqramın redaktoru olmuşam. Heydər Əliyev bu məsələni qaldırmışdı. O vaxt rəhmətlik Elşad Quliyev bizi çağırdı. Tapşırıq verdi ki, Bakı haqqında silsilə verilişlər təşkil edin. Verilişlər çəkirdik, ssenarilər hazırlayırdıq. O zaman generallar da sağ idi. Onlar o qədər gözəl epizodlar danışırdılar ki… Məsələn, Bakı neftinin daşınması ilə bağlı. Heydər Əliyev sağ olsun, generalları, veteranları yenidən yada saldı. Unudulmuşdular.

Fuad Babayev: Böyük Vətən müharibəsində əsgərlərin bəzisi rus dilini bilmədiyi üçün şəhid olublar…

Əli Nəsirov: Bəli, belə hallar çox olub. Məktəbi bitirmişdim. Məni hərbiyə apardılar. Rus dilini, 1942-ci ildə Gürcüstanda sadə hərbi bilikləri öyrəndim. Yadımdadır, hərbidə əksər əsgərlər rus dilini bilmədiyi üçün çox əziyyət çəkirdilər. Məsələn, əmr verilirdi sağa dön, sola dönürdülər, çünki dili bilmirdilər.

DSCF0258

Fuad Babayev: Düşünürəm ki, bu sahədə sovet dövründə daha çox iş görülüb, müstəqillik dövründə isə az.

Şəmistan Nəzirli: Heydər Əliyev çox iş görüb. Dənizçilik məktəbi 9 admiral yetişdirib. Biri də azərbaycanlı deyildi. Amma Heydər Əliyev gəldi hər şeyi dəyişdi. Dedi belə şey ola bilməz. Orada bir azərbaycanlı oxumuşdu, Qasımbəyov. Baltikyanı ölkələrin birində işləyirdi. Onu respublikaya çağırdı. Fuad Babayev: Bu gün generallarımız, veteranlarımız, diviziyalarımız haqqında film çəkmək, onlar barədə kitab yazmağa mane olan nədir?

DEDİLƏR QOHUMUNU TAP, HÖRMƏT ETSİNLƏR FİLM DƏ ÇƏKƏK, VERİLİŞ DƏ HAZIRLAYAQ…

Şəmistan Nəzirli: Züvanov (Heybət Heybətov) mərd general olub. Onun soyadını dəyişməsinin səbəbini kitabımda göstərmişəm. 1937-ci ildə bütün general və komissarlar güllənmişdi. Diviziyalar yaradılsa da komandir qoymağa adam yox idi. Heybət Heybətovun atası Maştağadan, anası Fatmaidən idi. Generalın bacısı sağ idi. Sara xanım. Maraqlandım ki, niyə Heybət Heybətovun soyadı Züvanov soyadına dəyişdirilib? Danışırdı ki, 11 uşaq imişlər. 1918-ci il mart qırğınında ataları güllələnmişdi. Qonşuluqda Züvanov adlı bir general yaşayırmış. Züvanov görüb ailə çətin dolanır. General Heybətovu öz yanında işə düzəldib. Züvanovun övladı yox imiş. Bir müddət sonra anasından icazə alıb oğlanı öz adına keçirir. General Heybətovun adı və soyadı belə dəyişdirilmişdi. Əsil adı Heybət Atamoğlu oğlu Heybətov olur. Bu sənədləri tapdım. Mətbuatda çıxış elədim ki, bu adam azərbaycanlıdır, dilini də, milliyyətini də dəyişməyib. Bu barədə film çəkməyi təklif elədim. Dedilər qohumunu tap, hörmət eləsinlər, film də çəkək, veriliş də… Yəni budur verilən qiymət. Çox təəssüf…

DSCF0260

GENERALIMIZI TÜRKMƏNLƏR ÖZ ADINA ÇIXARMIŞDI

Sizə daha bir əhvalat danışmaq istəyirəm. 1905-ci ildə Şuşada qırğın başlayanda Allahqulu adlı bir nəfər yoldaşı və oğlu ilə köçür Türkmənistana. Kişiyə məsləhət görürlər ki, sizin şəhər ətrafında meyvə, tərəvəz sahəsində işləyən həmyerliləriniz var. Kişi də gedir orada çalışmağa. Ərazidə alay var imiş. Zabitlərlə birgə Allahqulunun oğlu Yaqub rus dilini öyrənib. Uşaqlar məktəbə gedəndə onlarla Daşkənddə hərbi məktəbə gedib. Zamanla polkovnik rütbəsinə kimi yüksəlib. Bu məsələni çox araşdırdım. Gördüm oğul bizimdir. Türkmənlər isə onu öz adlarına çıxarıb, hətta ona heykəl də qoyublar. Çünki ölkədə general adını qazanmış yeganə adam o idi. Niyə tariximizə sahib çıxmırıq?! Heç yerdə danışmırlar o barədə. Niyə belə etinasızıq öz qəhrəmanlarımıza qarşı?! Anlaya bilmirəm. Təsəvvür edin, Yaqub Quliyev türkmənlərin yeganə generalı idi, mən də əllərindən aldım.

Fuad Babayev: Hərb tarixi ilə bağlı yazdığını kitabların kitab ömrü sizi qane edirmi?

DSCF0278

Şəmistan Nəzirli: Yox.. Təəssüf. “Azərbaycan generalları” kitabım 1990-cı ildə böyük çətinliklə çap edilib. Rəhmətlik İsmayıl Şıxlı kömək etdi. 150 min tirajla nəşr edildi. Çox çalışdım latın əlifbası ilə çap edəm, alınmadı. İndi “Şıxlınskı və silahdaşları” kitabım çıxır. Cəmi 300 nüsxə. Bilirsiniz ki, kitab üçün 300 nüsxə heç nədir. Çünki pul yoxdur. Bizim 73 generalımız var. Amma sovet hakimiyyəti cəmi 2-ni qeyd edirdi. “Güllələnmiş Azərbaycan generalları” kitabım var, rus dilində. 700 səhifədir.

Fuad Babayev: Dəyanət müəllim, buyurun, sizi dinləyək.

QƏLƏBƏDƏN XƏBƏRLƏRİ YOX İDİ

Dəyanət Musayev: Minnətdaram dəvətiniz üçün. 2010-cu ildə Şamaxıda veteranların iştirakı ilə AVCİYA bir tədbir keçirdi. Növbəti illərdə veteranlara əziyyət vermədik, elə özümüz onları görməyə gedirik. Bəzi Şamaxının millət vəkili Elxan Süleymanov özü də onlarla görüşür. Təəssüf, il bəil veteranlarımızın sayı azalır. Bu, canlı şahidlərin azalması deməkdir.

DSCF0292

Veteranlar arasında elələri var ki, danışırlar ki, 9 may qələbədən xəbərləri olmayıb. Yəni Yaponiyada olublar, orada döyüşüblər sentyabrda Vətənə gələndə düşünürmüşlər ki, parad olacaq. Vətən müharibəsində qalibiyyətin əsas səbəbi canlı qüvvə və ideologiya idi. Sözsüz ki, Azərbaycan xalqının qələbə üçün etdiklərini olmaz. II Dünya müharibəsi illəri ərzində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və rəşadət nümunələri göstərmişdir. Qısa müddət ərzində respublikamızda 87 qırıcı batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olundu. Cəbhəyə gedən 600 min nəfərdən 420 mini həlak oldu. Həlak olanlardan 141 nəfər SSRİ qəhrəmanı adına layiq görüldü. Müharibənin ancaq birinci ilində Bakı ölkəyə 24 mln., müharibənin 4 ili ərzində isə 75 mln. ton neft təhvil vermişdir. Qeyd edək ki, bu göstərici ümumittifaq istehsalının 80%-ni təşkil edirdi.

Rasim Quliyev: Neçə generallarımızın adı dəyişdirilib. Çoxundan bəlkə də xəbərimiz yoxdur. Şəmistan müəllim bayaq bir neçə nümünə dedi. Tarixi saxtalaşdırmaq olmaz. Özümüzünkülərə sahib çıxmalıyıq. Daha çox çalışmalı, daha çox tarixə istinad etməliyik

Əli Nəsirov: Hər dövrün öz tarixi var. Tarixi də ən yaxşı şahidlər danışa bilər. Müharibədə çox şey görüb, çox şəhərdə yaşamışam. Bir qəbirə 50-60 adam atılırdı. Belə dəhşətli hadisələr var idi. Tarixi unutmamağa və həqiqətləri dünyaya çatdırmağı bacarmalıyıq.

Fuad Babayev: Minnətdaram, təşəkkür edirəm hər birinizə.

Hazırladı: Aynur Hüseynova, 1905.az

DSCF0300