Bakıda ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransı keçirilir

AVCİYA Şirvan və Sabirabadda seminarlara start verdi
Bakıda diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş İƏT Xarici İşlər Nazirləri Şurasının simulyasiyası keçirilib
Azərbaycan İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi diskussiyalar silsiləsinə start verir

Martın 13-də Bakıda “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentlərin rolu” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycan Respublikası Milli Məclisinin və ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun təşkilatçılığı ilə keçirilir.

Tədbirdən əvvəl iştirakçılar Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Konfransın moderatoru Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bildirib ki, konfrans çərçivəsində “Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın və ticarət əlaqələrinin möhkəmləndirilməsi”, “Nəqliyyat və logistika prosedurlarının sadələşdirilməsi” və “Etimadın gücləndirilməsi, mədəni mübadilənin inkişafı və dialoqun təbliği” mövzularında panel iclaslar keçiriləcək. İki gün davam edəcək konfransın yekununda Bakı Bəyannaməsi qəbul ediləcək.

Diqqətə çatdırılıb ki, ATƏT PA-da İpək Yoluna Dəstək Qrupu Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılıb. Əgər qrup yaranan vaxt 17 ölkə onun üzvü idisə, bu gün üzvlərin sayı 22-yə çatıb. Bu da Avropa ölkələrinin Azərbaycanın təşəbbüsünə marağının göstəricisidir.

Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova konfransda çıxış edərək deyib ki, dinamik inkişaf edən Azərbaycan bu gün regional və qlobal layihələrin reallaşmasında fəal iştirak edir. Ölkəmizin iştirakçısı olduğu və İpək Yolunun mühüm hissəsini təşkil edən Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üçün əməli addımlar atılır.

Bahar Muradova vurğulayıb ki, Azərbaycan İpək Yolu üzərində yerləşən əsas ölkələrdən biridir. Azərbaycan İpək Yolundan faydalanan ölkələrə imkanlar verən bir ölkə rolunu oynayır. Bu yolla bağlı həm Şərqdə, həm də Qərbdə fəaliyyət aparılır. Parlamentarilərin burada iştirak etmələri, bu layihə ətrafında fəaliyyət göstərmələri çox əhəmiyyətlidir. Azərbaycan İpək Yolunun bərpasına investisiya qoyan bir ölkədir.

Milli Məclis sədrinin müavini Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən nəhəng layihələr barədə məlumat verib. O, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin önəmi haqqında danışaraq bunun Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olduğunu deyib. Şimal-Cənub Nəqliyyat Dəhlizinin də Azərbaycanın iqtisadi inkişafına zəmanət vəd etdiyini deyən Bahar Muradova ölkəmizin coğrafi mövqeyinin dünya ölkələrinə böyük imkanlar yaratdığını vurğulayıb.

Bahar Muradova bildirib ki, Azərbaycanın İpək Yoluna Dəstək Qrupunun yaradılması təşəbbüsü ilə çıxış etməsi təsadüfi deyil. Azərbaycan bu təşəbbüsü irəli sürməyə mənəvi və siyasi haqqı olan ölkədir.

ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli Bakı konfransının mühüm əhəmiyyət kəsb etdiyini deyib. O, bu layihənin həyata keçirilməsi ideyası haqqında danışıb. Bildirib ki, bu ideya irəli sürüləndə bir çox ölkələr layihəni dəstəklədi və ona qoşulmaq qərarına gəldi. Bu layihə ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynayacaq.

Georgi Tsereteli iqtisadi, humanitar sahələrin ATƏT üçün önəmli sahələr olduğunu deyib. Bildirib ki, ATƏT yaranan problemlərə qarşı çox fəal şəkildə mübarizə aparır. Buraya terrorizmə qarşı mübarizə, münaqişələr daxildir. Lakin iqtisadi əməkdaşlıq da çox vacibdir.

“İpək Yolu bizim üçün çox önəmlidir. İpək Yolu elə marşrutdur ki, bu yol boyunca əhali yaşayır. Bu marşrut üzrə vacib şəhərlər yerləşir. Bunlar xalqlarımızın inkişafı baxımından əhəmiyyət kəsb edən şəhərlərdir. Nəqliyyat infrastrukturunu müasirləşdirmək də əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Qars dəmir yolunu buna gözəl misal kimi göstərmək olar. Ümumiyyətlə, hamımız üçün qarşımızda duran əsas prioritet iqtisadi sahədə müvəffəqiyyət əldə etməkdir”, – deyə ATƏT PA-nın sədri qeyd edib.

Monteneqro parlamentinin sədri İvan Brayoviç konfransın yüksək səviyyədə təşkil edildiyini bildirib. O, Azərbaycanda yüksək səviyyəli qonaqpərvərliyin şahidi olduğunu söyləyib. İpək Yolunun önəmindən danışan parlamentin sədri bunun Monteneqro üçün də mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. “Tarix bizə öyrədir ki, körpüləri tikməzdən əvvəl insan öz daxilində də bir körpü yaratmalıdır. Bu da dostluq körpüsü olmalıdır. Əgər bir şəxs özündən başqa heç kimi tanımırsa, o, kasıb qalacaq. Bu, eynilə ölkələrə də aiddir. Monteneqro da bu layihədə önəmli yer tutur. İpək Yolunda iştirak etmək ölkəmiz üçün çox vacibdir. Bu, ən vacib layihələrdən biridir”, – deyə İvan Brayoviç bildirib.

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, səmərəli çoxmodullu nəqliyyat dəhlizlərinin qurulması yolu ilə ticarətin asanlaşdırılması və regiondaxili və transregional infrastruktur uzlaşması ATƏT məkanında davamlı iqtisadi artıma töhfə verə bilər və verəcək. Xüsusilə də ATƏT-in yaxşı idarəetmə və uzlaşma ilə bağlı Hamburq Nazirlər Şurası, o cümlədən nəqliyyatla bağlı bütün müvafiq ATƏT sənədləri və qərarları bu xüsusda əməkdaşlıq üçün faydalı çərçivəni təmin edir.

Nazir qeyd edib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi İpək Yoluna Dəstək Qrupunun yaradılmasını alqışlayır. Bu gün burada 22 iştirakçı dövlət var. Əlbəttə ki, bu rəqəm arta bilər. Bu qrup ticarət dəhlizlərinin möhkəmləndirilməsi məqsədilə əsas element kimi regional nəqliyyat infrastrukturu məsələlərində dialoq üçün platforma rolunu oynayır.

Elmar Məmmədyarov qeyd edib ki, son illər Azərbaycan region boyunca nəqliyyat infrastrukturlarına sərmayə qoymaqla və tikintisini həyata keçirməklə əhəmiyyətli addımlar atıb. Bununla yanaşı, regionlararası ticarət dəhlizlərini uğurla dəstəkləmək və inkişaf etdirmək məqsədilə ölkədə möhkəm davamlı siyasi və makroiqtisadi sabitliyə nail olmaq və inkişaf etdirmək zəruri idi. Bu xüsusda, Azərbaycan bir neçə il əvvəl neft və qaz sənayesində xarici şirkətlər üçün əlverişli, liberal investisiya mühitini təmin etməklə artıq özünü sübut edib.

Nazir bildirib ki, Azərbaycan dövlətlərarası dinc münasibətlər və iqtisadi əməkdaşlıq öhdəliyi ruhu ilə ticarət dəhlizlərini və nəqliyyat infrastruktur layihələrini təşviq edir. Bu məqsədlə biz, həmçinin inklüziv regional əməkdaşlığın siyasi və ticari cəhətdən zəruri arxitekturasını gücləndirmək üçün regional və subregional dövlətlərarası çərçivələr şəbəkəsini də yaratmışıq. Maneələrin aradan qaldırılması, regional və regionlararası uzlaşma layihələrində müxtəliflik yaratmaq Azərbaycanın ikitərəfli münasibətlərində və tərəf olduğu bütün beynəlxalq və regional iqtisadi təşkilatlarda önəm verdiyi istiqamətlərdən biridir.

Monqolustanın xarici işlər naziri Damdin Tsogtbatar bildirib ki, ölkəsi siyasi və iqtisadi cəhətdən İpək Yolu marşrutunu dəstəkləyir. Monqolustanın dənizə çıxışının olmaması və bu marşrutdan istifadə etməsi onun üçün yaxşı imkanlar yaradır. İpək Yolu, eyni zamanda, çox vacib bir mexanizmdir. Bu, bütövlükdə Avrasiya məkanında istifadə olunması üçün vacib bir marşrutdur.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi Asəf Hacıyev çıxışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Yol inkişaf və çiçəklənmə deməkdir” fikrini xatırladıb. O bildirib ki, bu baxımdan İpək Yolu mühüm önəm kəsb edir. Bu yol təkcə məhsulların daşınması baxımından vacib deyil, onun mənası daha genişdir.

Baş katib vurğulayıb ki, əgər 30-40 il bundan əvvəl ölkələrin inkişafı neftlə, qazla ölçülürdüsə, bu gün nəqliyyat, texnologiya ilə ölçülür.

TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Mirçea Çiopraqa TRACECA barədə məlumat verib. Bildirib ki, Avrasiya İpək Yolu ideyasının yenidən gündəmə gəlməsi Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi-TRACECA-da öz təzahürünü tapıb. TRACECA-nın məqsədi təkcə xüsusi iqtisadi maraqlarla məhdudlaşmır, o, həm də zəngin tarixin və mədəniyyətin gələcək üçün qorunub saxlanmasını təmin edir. TRACECA ərazisindən keçdiyi ölkələrin iqtisadi inkişafının ayrılmaz hissəsidir və eyni zamanda, qarşılıqlı inteqrasiya və səmərəli əməkdaşlıq üçün güclü bir alətdir.

Çinin Azərbaycandakı səfiri Vey Cinhua Bakı konfransının əhəmiyyətinə toxunub. O deyib ki, belə tədbirlərin keçirilməsi ölkələrin qarşılıqlı əlaqələrinin inkişafı üçün imkanlar yaradır. İpək Yolu marşrut xətti boyunca ölkələr arasında əlaqələrin genişlənməsinə mühüm töhfələr verə biləcək əhəmiyyətli bir layihədir.

Konfrans işini panel iclaslarla davam etdirir.