Bakıda Azərbaycan-Pakistan-Türkiyə xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçirilib

Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlayıb
İsrailin Qəzza sektoruna hava zərbələri nəticəsində 3 fələstinli həlak olub

Noyabrın 30-da Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun, Pakistan İslam Respublikasının xarici işlər naziri Havaca Məhəmməd Asifin və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Azərbaycan-Pakistan-Türkiyə xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edildi. Nazirlər Azərbaycan, Pakistan və Türkiyənin müvafiq regionlarda əhəmiyyətli və strateji rolunu vurğuladılar və üç ölkə arasında tarixi əlaqələri qeyd edərək, qarşılıqlı faydalı əməkdaşlıq baxımından ümumi bazanın və geniş potensialın mövcud olduğunu bildirdilər, regionda sabitlik, təhlükəsizlik və tərəqqinin irəlilədilməsi məqsədilə üçtərəfli tərəfdaşlığın inkişafında qəti maraqlarını ifadə etdilər.

Xarici siyasət idarələrinin rəhbərləri dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörmət və qəti dəstəyi bir daha bəyan etdilər və öz ərazilərindən bir-birilərinə qarşı fəaliyyət məqsədilə istifadə edilməyəcəyini vurğuladılar. Onlar yerləşdikləri müvafiq regionlarda münaqişələrin davam etməsinin təəssüf doğurduğunu bildirərək, günahsız mülki şəxslərin zərər görməsi və ərazi bütövlüyünə qarşı gücdən istifadə edilməsini qınadılar və bu münaqişələrin sülh, sabitlik və iqtisadi inkişafa mane olduğunu, beynəlxalq hüququn yuxarıda sadalanan prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında siyasi yolla həllini tələb etdiyini vurğuladılar.

İqtisadi artım və davamlı inkişaf yolu ilə üçtərəfli əməkdaşlığın, xüsusilə də üç ölkə xalqının rifahını təmin edəcək sahələrdə genişləndirilməsinin yeni yollarının üzə çıxarılması məqsədilə öz dövlətlərinin niyyətlərini qeyd etdilər.

İqtisadi və ticari əməkdaşlığın inkişaf etdirilməsi, bununla da sərmayə qoyuluşu və ticarətin təşviqi baxımından faktiki potensialı qarşılamaq məqsədilə səylərin gücləndirilməsini qərara aldılar. Birgə layihə və proqramlar vasitəsilə enerji, nəqliyyat, gömrük, kənd təsərrüfatı, telekommunikasiya, sənaye, ətraf mühit, təhsil, elm, mədəniyyət, turizm, idman və digər sahələrdə əməkdaşlığı daha da gücləndirmək qərarına gəldilər.

Nazirlər üç dövlət arasında enerji sahəsində enerji təhlükəsizliyinin artırılması, bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlıq imkanlarının araşdırılması və özəl sektora sərmayə qoyuluşu və ticarətin təşviq edilməsi baxımından üçtərəfli enerji dialoqunun əhəmiyyətini qeyd etdilər.

Strateji əhəmiyyətə malik irimiqyaslı nəqliyyat layihələrinin üç dövlətin iqtisadi inkişafı baxımından mənfəətli olacağına, Asiya və Avropa arasında rəqabətədavamlı daşımaları asanlaşdıracağına əminlik ifadə edərək, dəmir yolu, magistral və hava uzlaşdırılmasının inkişaf etdirilməsi məqsədilə üçtərəfli əməkdaşlığın vacibliyini vurğuladılar.

Görüşdə müdafiə və təhlükəsizlik sahəsinin əhəmiyyəti vurğulandı və bu sahələrdə fəal əməkdaşlığın inkişafına hazırlıq ifadə edildi. Müvafiq beynəlxalq alətlər əsasında terrorizm, ekstremizm və separatizmin bütün forma və təzahürlərinin, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələr və prekursorlarının qeyri-qanuni istehsalı və alveri, qeyri-qanuni silah ticarəti, insan alveri, miqrant qaçaqmalçılığı və qeyri-qanuni miqrasiya, mədəni və tarixi irsə qarşı cinayətlər, çirkli pulların yuyulması, kibercinayətlər və digər transmilli təhlükəsizlik təhdidlərinə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə sadiqlik bir daha bəyan edildi.

Xalqlar arasında insanlararası təmasların daha da genişləndirilməsinə xidmət edəcək mədəniyyət, təhsil, səhiyyə sistemi və turizmin gücləndirilməsi, gənclərin mübadiləsi, turizm, idman və digər sahələr də daxil olmaqla, sosial və humanitar sahələrdə əməkdaşlığın əhəmiyyəti vurğulandı və bu sahələrdə birgə layihə və tədbirlərin təşəbbüskarı olmağa və təşviqinə hazırlıq ifadə edildi.

Ümumi maraq kəsb edən regional və qlobal məsələlər ətrafında üç qardaş dövlət arasında mütəmadi məsləhətləşmələrin davam etdirilməsi, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində maraq və buna hazırlıq bildirildi.

Nazirlər sülh, sabitlik və inkişaf naminə regional konsensusun inkişafına hədəflənmiş davam edən regional prosesləri vurğulayaraq, “Asiyanın Qəlbi-İstanbul Prosesi”nin bu vaxta qədər əldə etdiyi nailiyyətləri qiymətləndirdilər və İstanbul Prosesinə regional siyasi platforma kimi sadiqliklərini və bu çərçivədə etimad quruculuğu tədbirlərinin inkişaf etdirilməsinə sadiq olduqlarını bir daha bəyan etdilər və Əfqanıstanda əfqanların malik olduğu və əfqanların rəhbərlik etdikləri sülh və barışıq prosesinə dəstəklərini bir daha təsdiq etdilər. Üçtərəfli görüşlərin illik əsasda, əlifba sırası ilə üzv dövlətlərdə müntəzəm olaraq keçirilməsi barədə razılığa gəldilər.

Növbəti üçtərəfli görüşün 2018-ci ildə qarşılıqlı razılaşdırılmış tarixlərdə İslamabadda keçirilməsi barədə razılıq əldə edildi.

Görüşün sonunda Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirləri Bakı Bəyannaməsini imzaladılar.