Bakıda ilk dəfə Dünya Limanlar Konfransı keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edib
Şanxay Əməkdaşlıq Təşkilatının mənzil qərargahında Azərbaycan mədəniyyəti günü keçirilib
Prezident İlham Əliyev: TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür

Konfrans çərçivəsində Bakı Limanı dostluq və əməkdaşlıq barədə 4 anlaşma memorandumu imzalayıb

Bakı, 10 may, AZƏRTAC

Mayın 9-10-da Bakıda Dünya Limanlar Konfransı (IAPH Baku 2018) keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransın açılışında çıxış edən Beynəlxalq Limanlar Assosiasiyasının (International Association of Port and Harbors – IAPH) prezidenti Santiaqo Qarsiya Mila Bakının qədim İpək Yolunun mərkəzində yerləşdiyini deyib. Bildirib ki, konfransın da bu şəhərdə keçirilməsi təsadüfi deyil. Həmçinin Bakı konfransı bu regionda Beynəlxalq Limanlar Assosiasiyasının keçirdiyi ilk tədbirdir.

O, konfransın Azərbaycanın nəqliyyat və logistika imkanlarının tanıdılması baxımından əhəmiyyətini qeyd edib.

“DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim deyib ki, Bakı Limanı Dünya Limanlar Konfransına möhtəşəm ev sahibliyi edir. Bu tədbirin Bakıda keçirilməsi mühüm hadisədir. Son dövrlərdə Azərbaycanın logistika sahəsində atdığı vacib addımlar, həyata keçirilən beynəlxalq layihələr, Bakı Limanında görülən əhəmiyyətli işlər bu tədbirin məhz Bakıda keçirilməsinin önəmini göstərir: “Bakıda keçirilən Dünya Limanlar Konfransı limanlar arasında əlaqələrin inkişafı baxımından mühüm platformadır. Burada iştirak edən dünya limanlarının rəhbər və nümayəndələri gələcək fəaliyyətləri ilə bağlı diskussiyalar apara və əməkdaşlıq yarada bilərlər”.

Konfransda çıxış edən Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bu mötəbər tədbirin Bakıda keçirilməsinin əhəmiyyətini qeyd edərək bildirib ki, Sidney, Los-Anceles, Hamburq, Panama, Bali və sair kimi böyük liman şəhərlərinin ev sahibliyi etdiyi bu konfransın 2018-ci ildə məhz Bakı şəhərində keçirilməsi ölkəmiz üçün mötəbər hadisədir: “Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tarixi İpək Yolunun bərpası Azərbaycanın tranzit potensialının artırılmasına zəmin yaradıb. Nəqliyyat və logistika dünyada ən dinamik inkişaf edən sahələrdən biridir. Ölkəmizdə də bu sahə prioritetdir və daim Prezident İlham Əliyev tərəfindən diqqət mərkəzində saxlanılır. Bu gün Azərbaycan bir sıra irimiqyaslı beynəlxalq nəqliyyat layihələrinin həm təşəbbüskarı, həm də iştirakçısıdır. Ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionun əsas nəqliyyat qovşağına çevrilib. Bu işlər Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətinin artmasında mühüm rol oynayır”.

Nazir bildirib ki, Azərbaycanda innovativ texnologiyalara əsaslanan dayanıqlı nəqliyyat sistemi formalaşdırılır. Mövcud nəqliyyat kompleksinin rəqabət qabiliyyətinin artırılması məqsədilə bu sahədə zəruri islahatlar aparılır, idarəetmə təkmilləşdirilir. Ölkə ərazisində yüklərin qəbul edilməsində və daşınmasında yük həcmlərinin artırılması məqsədilə Prezidentin Sərəncamına əsasən Ələt qəsəbəsində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tikilib: “İqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafında xüsusi rolu olan müasir nəqliyyat infrastrukturunun yaradılması, beynəlxalq nəqliyyat dəhlizlərinin imkanlarının genişləndirilməsi üçün respublikamızda bir sıra işlər görülüb. Bütün bunlar isə Azərbaycana və tərəfdaşlarına böyük iqtisadi dividendlər gətirir, regionun strateji əhəmiyyətini artırır”.

R.Quluzadə qeyd edib ki, yerləşdiyi ərazinin böyük üstünlüklərə malik olması sayəsində yeni liman Azərbaycanda nəqliyyatın təhlükəsizliyi məsələlərini uğurla həll etməyə, Bakının Xəzər hövzəsində çox müasir və böyük nəqliyyat-logistika mərkəzinə çevrilməsinə imkan yaradır. Həmçinin yeni liman Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı genişləndirməyə, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli şərait yaradır: “Artıq 2018-ci ilin sonlarından etibarən yükdaşıyıcılar yeni Bakı Limanının müasir informasiya kommunikasiya sistemləri vasitəsilə onlayn rejimdə yüklərin yerini və limanlara çatma vaxtını müşahidə edə biləcəklər. Bakı Limanı Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdirilir. Burada Avropa İttifaqının ekoloji, iqtisadi və sosial təminatlarla bağlı yeni strategiyasına uyğun olaraq ən son texnologiya və ekoloji standartlar tətbiq edilir. Bu məqsədlə, yeni Bakı Limanında Xəzər hövzəsində neftlə və məişət tullantıları ilə çirklənmiş suları təmizləyən qurğular quraşdırılıb”.

O deyib ki, Ələt Azad İqtisadi Zonası Azərbaycanı regionun nəqliyyat və logistika mərkəzinə çevrilməsinə xidmət edir. Bu zona yeni Bakı Limanının Avropa, Yaxın Şərq, Mərkəzi Asiya, Türkiyə, Çin, Rusiya, İran kimi dövlətlər üçün rolunu artırır: “Regional nəqliyyat qovşağı kimi yeni limanın əhəmiyyətini daha da artıracaq digər layihə Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Yeni Liman Kompleksi gələcəkdə yüklərin Çin və Mərkəzi Asiyadan Avropaya və əks istiqamətdə daşınması üçün əlverişli şərait yaradacaq”.

R.Quluzadə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi barədə də məlumat verib. Bildirib ki, bu nəqliyyat dəhlizlərində işlərin tamamlanmasından sonra qatarların Hind okeanı hövzəsindən birbaşa Şimali Avropa, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə Türkiyə ərazisindən keçməklə Şərqi və Mərkəzi Avropa, eləcə də yeni liman üzərindən bərə keçidi vasitəsilə Mərkəzi Asiya istiqamətlərində hərəkəti mümkün olacaq. Bu layihələr İpək Yolunun canlanmasını, regionda daha effektiv nəqliyyat əlaqələrinin yaradılmasını təmin edəcək, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi üzrə tranzit yükdaşımalarının artırılmasına şərait yaradacaq.

Avropa İttifaqının komissarı Yohannes Han Dünya Limanlar Konfransına ünvanladığı videomüraciətdə Bakıdakı konfransda şəxsən iştirak edə bilməməsindən təəssüfləndiyini, lakin bu vacib regional tədbirə videomüraciətini çatdırmasından məmnunluq hissi duyduğunu bildirib. O, dövlətimizin başçısı İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Yohannes Han deyib ki, Azərbaycan Avropa və Asiyanı birləşdirmək rolunda çox mühüm mövqe tutur. Avropa İttifaqı Bakı Limanına beynəlxalq logistika və ticarət qovşağı olması yolunda dəstəyini davam etdirəcək. Bağlantılar 2020-ci il üçün ən əsas 20 məqsəddən biridir.

“Biz keçən noyabr ayında Şərq Tərəfdaşlığı Sammitində təsdiqlədik ki, bu, iqtisadi inkişaf və insanları bir-birinə daha da yaxınlaşdırmaq, cəmiyyətləri daha güclü etmək və təcrübə mübadiləsi üçün imkanlar yaratmaq baxımından mühüm amildir. Sammitdə Avropa İttifaqı 2020-ci ilə qədər əsas Trans-Avropa Nəqliyyat (TEN-T) şəbəkəsinin genişləndirilməsinə 150 milyon avro məbləğində böyük yardım ayıracağını və bununla da bir milyard avrodan çox yatırım nəzərdə tutan uzunmüddətli investisiya planının həyata keçirilməsinə dəstək olacağını bildirib. Biz, həmçinin texniki yardım planlarını, təhlükəsiz, ekoloji və bazarın idarə edəcəyi nəqliyyat sisteminin yaradılmasına köklənən lazımi hüquqi və institusional islahatları dəstəkləyirik. Biz Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Avropa İnvestisiya Bankı (EIB) kimi beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlıq vasitəsilə mühüm infrastruktur layihələrinə investisiyalar yatırırıq. Yeni xarici investisiya planı çərçivəsində fəaliyyət göstərən zəmanət mexanizmi özəl sektor yatırımlarının yönəldilməsində mühüm rol oynayır”, – deyə o əlavə edib.

Avrokomissar tədbirin gündəliyində gender, multikulturalizm, logistika kimi mövzuların yer almasını alqışlayıb. “2020-ci il üçün 20 məqsəd çərçivəsində vətəndaşlarımıza real nəticələri təqdim etmək həmişə Avropa İttifaqının diqqət mərkəzində olub. Sahibkarlıq və innovasiyaların təşviqi ilə nəqliyyatın əməkdaşlıq sahələrinin gətirdiyi faydalardan yararlanmaqda insan kapitalı və insanların iştirakı vacibdir. 2018-ci il nəticələrin əldə olunması üçün mühüm ildir və mən sizinlə birlikdə bağlantılar sahəsində daha dərin əməkdaşlığa hazıram”, – deyə o bildirib.

Dünya Limanlar Konfransı çərçivəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC dostluq və əməkdaşlıq barədə 4 anlaşma memorandumu imzalayıb. Memorandumlar Bakı Limanı ilə Çinin “Lianyunqanq” Liman Holdinqlər Qrupu, “COSCO” Shipping Lines” MMC şirkəti, Quancou Limanı Administrasiyası və Hindistanın Mumbai Limanı ilə imzalanıb.

IAPH Baku 2018 çərçivəsində Bakı Konqres Mərkəzində sərgi də təşkil edilib. Beynəlxalq Limanlar Assosiasiyasının icraçı direktoru Patrik Verxoven, “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, konfransın digər iştirakçıları sərgi ilə tanış olublar.

Sərgidə konfransın təşkilatçıları olan şirkətlər öz məhsul və xidmətlərini təklif ediblər. Həmçinin burada İpək Yolu və “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizləri, dünyanın nəhəng limanları barədə ətraflı məlumat verilir. Dünya Limanlar Konfransına gələn il ev sahibliyi edəcək Çinin Quancou şəhəri və “Port of Guangzhou” barədə stend də sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sərgidə “ADY Ekspress”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) stendləri də beynəlxalq təşkilatların nümayəndələri, liman rəhbərləri, nəqliyyat və logistika sahəsində ixtisaslaşmış ekspertlərin diqqət mərkəzində olub.

AXDG xidmətlər barədə maraqlı şəxslər məlumatlandırıb, iştirakçılara xüsusi bukletlər paylanıb. Həmçinin AXDG-nin fəaliyyətini əks etdirən xüsusi video nümayiş olunub. Ziyarətçilərə bu il 160 illiyini qeyd edən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixi barədə də ətraflı məlumat verilib. Şirkətin nümayəndələri sərgi çərçivəsində potensial müştərilərlə də bir sıra məhsuldar görüşlər keçiriblər.

Dünya Limanlar Konfransı mayın 10-da işini müxtəlif sessiyalar və işçi görüşlərlə davam etdirib. “Rəqabət mərkəzi necə formalaşır? Azad Ticarət Zonaları beynəlxalq ticarətdə və dəyər zəncirində əsas oyunçu kimi çıxış edir” adlı sessiyada Şanxay Universitetinin professoru Teo Teotetom, “Dubai Logistics City”nin sabiq baş icraçı direktoru Maykl Profitt, İtaliyanın Triyest limanının prezidenti Zeno d`Agostino və başqaları Azad Ticarət Zonalarının və regional habların əhəmiyyətindən danışıblar.

Müzakirələrdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının coğrafi mövqeyinin unikal imkanlarından, eləcə də onun ticarət qovşaqlarının və marşrutlarının kəsişməsində yerləşməsindən istifadə edərək regional miqyaslı haba çevrilməsi perspektivlərindən danışılıb.

“Kim LNG-dən qorxur?” və “Rəqəmsallaşdırma və dağıdıcı texnologiyalar – ümumi olaraq” adlı işçi görüşlərdə isə son dövrlərdə qlobal qaz bazarında mayeləşdirilmiş təbii qazın (LNG) payının artmasından, LNG daşımalarında limanların yerinin və tutumunun əhəmiyyətindən söhbət açılıb, rəqəmsallaşdırmanın liman idarəçiliyindəki üstünlükləri müzakirə olunub.

Maraqlı diskussiyalarla yanaşı, “IAPH Baku 2018” konfransının iştirakçıları üçün əyləncəli tədbirləri və maraqlı ekskursiyaları nəzərdə tutan mədəni proqram da təşkil edilib.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin ev sahibliyi etdiyi Dünya Limanlar Konfransına rekord sayda nümayəndə heyəti qatılıb. Belə ki, dünyanın aparıcı liman dövlətləri sayılan ABŞ, Rusiya, Çin, Hindistan, İndoneziya, Filippin, Yaponiya, Almaniya, Fransa, İspaniya daxil olmaqla dünyanın 65 ölkəsindən beynəlxalq limanların, biznes icmasının, gəmiçilik və logistika üzrə iri şirkətlərin 400-dən çox nümayəndəsi Dünya Limanlar Konfransında iştirak edib.

Xatırladaq ki, Beynəlxalq Limanlar Assosiasiyasının 2016-cı ildə Panamada keçirilən illik konfrans zamanı Direktorlar Şurası yekdilliklə 2018-ci il üçün Dünya Limanlar Konfransının Bakı şəhərində keçirilməsinə dair qərar qəbul edib. Mənzil qərargahı Tokio şəhərində olan IAPH 90 ölkənin təqribən 180 limanını və limanlarla əlaqəsi olan 140 müəssisəsini təmsil edir. Təşkilatın üzvləri dünya dəniz ticarətinin 60 faizindən çoxunu həyata keçirir, beynəlxalq konteyner marşrutlarının 80 faizinə nəzarət edirlər. Qurumun illik konfransları 2013-cü ildə Los-Anceles, 2014-cü ildə Sidney, 2015-ci ildə Hamburq, 2016-cı ildə Panama və 2017-ci ildə Bali kimi böyük liman şəhərlərində keçirilib.