Bakının Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalanıb

Sumqayıt hadisələri Ermənistan tərəfindən törədilmiş təxribat idi
Prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ilə bağlı ciddi tapşırıqlar verdi
İslam mədəniyyətinin inkişafında Azərbaycan alimlərinin roluna dair müzakirələr aparılıb

Noyabrın 25-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa Olimpiya Komitələrinin (AOK) Baş Assambleyasında Bakının 2019-cu ildə Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi etməsi ilə bağlı imzalanma mərasimi və təqdimat olub.

Milli Olimpiya Komitəsindən (MOK) AZƏRTAC-a bildiriblər ki, müqaviləni Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, AOK-un prezidenti Janez Koçijançiç və baş katibi Rafael Paqnozzi imzalayıblar.

Tədbirdə Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev, beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov, marketinq idarəsinin direktoru Mehman Kərimov, Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Namiq Novruzovdan ibarət nümayəndə heyəti təmsil ediblər.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Assambleyada çıxış edən Azad Rəhimov birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, Formula-1 yarışı və digər mötəbər idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edən Azərbaycanın 2019-cu ildə Avropa Gənclər Olimpiya Festivalını da ən yüksək səviyyədə keçirəcəyinə əminliyini bildirib.

Olimpiya hərəkatının gənclərin bir araya gəlməsində, onların sağlam həyat tərzi sürmələrində, arzuları, gələcək amalları uğrunda əminliklə mübarizə aparmalarında müstəsna rol oynadığını diqqətə çatdıran Azad Rəhimov deyib: “Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ölkəmizdə idmanın inkişafına, bu sahədə infrastrukturun dünya standartlarına cavab verməsinə, yeni idman obyektlərinin inşasına, idmançılarımızın həyat şəraitinin yaxşılaşdırılmasına daim xüsusi diqqət və qayğı göstərir. Məhz bunun bariz nümunəsi olaraq Azərbaycan idmançıları dünyanın müxtəlif ölkələrində keçirilən idman yarışlarında bayrağımızı ən yüksək zirvələrə qaldırmaqla, ölkəmizin adını ucaldır, eyni zamanda, idman siyasətinin düzgün və uğurla aparılmasını əyani sübut edirlər”.

Baş Assambleya çərçivəsində Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Namiq Novruzov 2019-cu ildə Azərbaycanda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalına dair təqdimatla çıxış edib. Təqdimatda festivalın proqramına daxil edilən idman yarışlarının sayı, növləri, onların keçiriləcəyi məkanlar, atletlərin və rəsmilərin sayı, idmançıların qalacaqları yerlər və digər vacib məsələlərlə bağlı ətraflı məlumat verib.

Xatırladaq ki, noyabrın 23-25-də AOK-un İcraiyyə Komitəsinin iclası və 46-cı Baş Assambleyası keçirilib.

İclasda 2019-cu ildə Minskdə keçiriləcək II Avropa Oyunlarına hazırlıq məsələləri ilə bağlı Təşkilat Komitəsinin hesabatı dinlənilib. Həmçinin “Pyonçanq-2018”, “Pekin-2022” Qış, “Tokio-2020” və “Paris-2024” Yay Olimpiya oyunlarının, Avropa Gənclər Olimpiya Festivalının 2017-ci ildə Türkiyədə və Macarıstanda keçirilmiş qış və yay festivallarının Təşkilat komitələrinin hesabat məruzələri dinlənilib.

Baş Assambleya çərçivəsində AOK-un İcraiyyə Komitəsinin üzvlüyünə və rəhbərliyinə növbəti dörd illik müddət üçün seçkilər keçirilib. Janez Koçijançiç AOK-un prezidenti, Nels Niqard və Andre Bolhuis vitse-prezident, Rafael Paqnozzi baş katib, Kikis Lazarides xəzinədar vəzifələrinə seçiliblər.