Beynəlxalq erməni terrorizminin formalaşması və inkişafı: tarixi baxış (III hissə)

“Azərbaycanda erməni qırğınları və deportasiyaları” haqqında baxışların tənqidi təhlili
Ramiz Sevdimalıyev : Beynəlxalq erməni terrorizminin formalaşması və inkişafı: tarixi baxış (II hissə)
Fuad Babayev: Erməni dilli Azərbaycan kitabı haqqında yazı
(Davamı)
Altıncı, vaxtilə mövcud olmuş “Böyük Ermənistan” haqqında miflərin yaradılması, “erməni xalqının əzabkeşliyi” haqqında uydurulmuş iddialar erməni terrorizminin ideologiyasında əsas yer tuturdu, bunlar isə, öz növbəsində onların qanlı zorakılıq aktlarına bəraət qazandırmağa xidmət edirdi.
“Daşnaksütyun”un məqsədlərinə çatmaq üçün tətbiq etdiyi terror metodları xüsusi qəddarlığı və sərtliyilə fərqlənirdi, həmçinin etnik ermənilərin şüur və düşüncələri üzərində hakimiyyət üçün mübarizədə guya nə vaxtsa mövcud olmuş “Böyük Ermənistan”, “bu xalqın əzabkeşliyi”, onlara qarşı “tarixi haqsızlıq” barəsində və “milli istisnalıqları”na dair miflər yaradılırdı. Bu mülahizənin haqlı olduğuna “Daşnaksütyun” liderlərindən biri Kaçaznuninin 1923-cü ildə Buxarestdə qurultay zamanı dediyi sözlər şahidlik edir: “… biz öz beynimizdə tam xəyallar atmosferi yaratdıq. Biz öz arzularımızı başqalarına zorla qəbul etdirdik; biz reallıq hissini itirdik və bizim xəyallarımıza bizi idarə etməyə imkan verdik…”. Nəticədə erməni təşkilatları tərəfindən yaradılmış miflər demək olar ki, bütün ermənilərin ağıllarına və şüurlarına sahib olaraq yalnız türk deyil, həm də Azərbaycan xalqına qarşı çoxsaylı qanlı terror aksiyalarının həyata keçirmələrinə bəhanə oldu. “Daşnaksütyun”un terror fəaliyyəti həmçinin Türkiyə ilə dost münasibətlərində olan bir çox dövlətlərin vətəndaşlarına qarşı yönəldilmişdi.

“Erməni xalqının məhv edilməsi haqqında” yeni miflərin yaradılması “Daşnaksütyun”un fəaliyyətində mühüm yer tuturdu. Onların arasında 1915-ci ildə guya Osmanlı hökuməti tərəfindən edilmiş “erməni soyqırımı” haqqında uydurulmuş iddianı xüsusi qeyd etmək lazımdır. Mübaliğəsiz təsdiq etmək olar ki, “erməni soyqırımı” ildırım sürətilə bütün ermənilərin şüurlarını bürüdü, çünki, bu mifin yaradılmasında təkcə “Daşnaksütyun” deyil, həm də erməni kilsəsi daxil olmaqla,  erməni cəmiyyətinin bütün təbəqələri iştirak edirdi və hər il aprelin 24-nü ermənilər “erməni soyqırımı” xatirə günü kimi qeyd edirlər. Bundan başqa, Ermənistan Respublikası, erməni kilsəsi və müxtəlif erməni təşkilatları dünyanın bir çox ölkələrində “erməni soyqırımı”nın həm müxtəlif dövlətlər, həm də beynəlxalq təşkilatlar tərəfindən tanınması üçün aktiv təbliğat işi aparırlar. Bizim fikrimizcə “Erməni soyqırımı” haqqında mif erməni terrorizminin sonrakı inkişafı üçün aparıcı rollardan birini oynadığına görə, onun formalaşması tarixinə aydınlıq gətirmək lazımdır.
Məlum olduğu kimi, birinci dünya müharibəsi zamanı qanunsuz erməni silahlı dəstələri de-fakto vuruşan tərəf idi. Türkiyə vətəndaşları olan ermənilərin döyüş dəstələri — Türkiyəyə qarşı çar Rusiyası tərəfində vuruşurdular. Bundan başqa, erməni silahlı dəstələri həmçinin türk ordusunun arxasında hərbi əməliyyatlardan uzaqda da fəaliyyət göstərirdilər. Onlar talanlar edir, yaşayış məntəqələrini dağıdır, kütləvi surətdə insanları (etnik türkləri və kürdləri) öldürürdülər. Qanunsuz erməni silahlı hərbi hissələrinin fəaliyyətinin planlaşdırılması və idarə edilməsi erməni partiyalarının və onların özəklərinin “komitə üzvü” adlandırılan rəhbərləri tərəfindən aparılırdı. Bu şəraitdə Osmanlı hökuməti “komitə üzvləri”nin həbsi haqqında qərar qəbul etdi və 1915-ci il aprelin 24-də dövlətə qarışı fəaliyyətdə ittiham edilən 2345 “komitə üzvü” həbs edilmişdi. Eçmiadzində erməni kilsəsinin katolikosu V Qevorq ABŞ prezidentinə göndərdiyi teleqramda Osmanlı hökuməti tərəfindən ermənilərin kütləvi məhv etməsini bildirir və erməni xalqına kömək göstərməyi xahiş edirdi. Bu haqda çar Rusiyası da məlumatlandırılmışdı və Xarici İşlər Nazirliyi dərhal Rusiyanın Londonda, Vaşinqtonda, Parisdə və Romada səfirlərinə teleqram göndərir. Bu teleqramlarda çar Rusiyasının Xarici İşlər Nazirliyi öz səfirlərini fəaliyyətlərini aktivləşdirməyi və Britaniya, ABŞ, Fransa və İtaliyanın “Osmanlı dövlətində ermənilərin soyqırımı”nı tanımalarına nail olmağı xahiş edirdi.
Beləliklə, erməni siyasətçiləri, alimləri və ictimai xadimlərinin haqqında çox danışdıqları 1915-ci ilin 24 aprel gününün, birincisi, Osmanlı dövlətinin daxilində reallaşdırılması həmin ilin mayın sonundan başlanan ermənilərin köçürülməsilə heç bir əlaqəsi yoxdur. İkincisi, uydurma “erməni soyqırımı” uzun illər üçün erməni terrorçularının hücumunun obyektlərini müəyyən etdi — bu Türkiyə və Azərbaycanın dövlət və ictimai xadimləri, həmçinin Türkiyə ilə dost münasibətində olan ölkələrin vətəndaşları oldu.
Birinci dünya müharibəsi və Azərbaycan Demokratik Respublikasının (ADR) devrilməsindən sonra Türkiyə və Azərbaycanın ictimai-siyasi xadimlərinin qətli “Daşnaksütyun”un əsas vəzifələrindən biri oldu. Bu məqsədlə 1919-cu ildə Yerevanda “Daşnaksütyun”un IX qurultayında əsl adı Qaregin Pastermacyan olan Armen Qaronun rəhbərliyi altında “Nemesis” (“Cəza”) xüsusi terror təşkilatının aksiyasının başlanğıcı haqqında qərar qəbul edilmişdi. O, Osmanlı parlamentinin keçmiş deputatı idi və birinci dünya müharibəsinin başlanğıcında qaçıb çar Rusiyası tərəfə keçmişdi. “Nemesis” əməliyyatlarının koordinatoru Amerikada yaşayan, əsl adı Akop Ter-Akopyan (Hagop Ter Hagopian) olan Türkiyədən gəlmə erməni Şahan Natali (Shahan Natali) idi. Maliyyə, logistika və kadrların hazırlanmasına Aron Saçaklyan (Aaron Sachaklian) cavabdeh idi. “Nemesis”in siyahısına Türkiyə və Azərbaycanın 650 siyasi və dövlət xadiminin adı daxil edilmişdi. Tezliklə, 1920-ci ilin cəmi bir neçə ayı ərzində ADR-in görkəmli xadimləri N.Yusifbəyli (may, 1920-ci il), F.Xoyski və X.Xasməmmədov (19 iyun 1920-ci il), H.Ağayev (19 iyul 1920-ci il) erməni terrorçularının qurbanları oldular. “Nemesis” qurbanlarından biri də Osmanlı hökumətinin daxili işlər naziri və daha sonra hərbi naziri olmuş Tələt Paşa idi. O, 1921-ci il martın 15-də Berlinin ən izdihamlı küçələrindən birində Soqomon Teyleryan tərəfindən yüzlərlə şahidin gözləri önündə öldürülmüşdü. Siyasi təzyiqlər nəticəsində məhkəmə prosesi “soyqırım” haqqında iddialarla şouya çevirilmişdi — məhkəmə terrorçuya bəraət hökmü çıxardır və Berlin dairə məhkəməsində terrorçu Teyleryanı deyil, faktiki olaraq Türkiyəni mühakimə edirdilər. Ölüm cəzası tələb etmiş prokurorluq məhkəmənin bəraət hökmünə etiraz edir, amma sonra öz tələbindən geri çəkilir. Məhkəmə üzvləri siyasi düşüncələrinə görə seçilmişdilər və işin müzakirəsi zamanı ittiham edilənin vəkili tərəfindən gizli təhdidlərə məruz qalırdılar. Məhkəmədə Teyleryan öz hərəkətlərinə onunla haqq qazandırırdı ki, onun ailə üzvləri birinci dünya müharibəsi dövründə Türkiyə hökuməti tərəfindən məhv edilmişdi. Ancaq onun anası və qardaşlarından biri Osmanlı dövlətinin daxilində köçürülmə zamanı həyatlarını itirmişdilər. Professor Hünterin yazdığı kimi, o özü bu zaman, “Rusiyanın xeyrinə könüllü olaraq türklərin qətliylə məşğul idi” və onun “başqa qardaşı ruslara qoşulmuşdu”, “atası və əmisi isə ehtimal var ki, Serbiyada idilər və ailə biznesini genişləndirirdilər”. Bununla belə, təəssüf ki, o vaxtkı Berlin dairə məhkəməsi hüquqi deyil, siyasi qərar qəbul etdi və faktiki olaraq, bütovlükdə erməni terrorizminə bəraət hökmü çıxartdı və bununla da erməni terrorçularının 70-80-cı illərdə bütün dünyada türk diplomatlarına qarşı qanlı aksiyalarına “yaşıl işıq” yandırdı.
Həqiqətən də, daşnak qəzeti Armenian Weekly 1983-cü il martın 9-da Yuqoslaviyada türk səfiri Qalip Balkarı öldürmüş iki erməni terrorçusu üzərində qurulan məhkəmə prosesiylə əlaqədar yazırdı ki, bu proses “o cəhətdən “Teyleryanın prosesinə” oxşadı ki, terrorçular öz hərəkətlərini Türkiyəyə qarşı siyasi tələblərilə doğrultmağı bacardılar”. Həmçinin qeyd etmək lazımdır ki, Berlin dairə məhkəməsinin biabırçı hökmündən dərhal sonra dünyanın müxtəlif ölkələrində erməni terrorçuları tərəfindən Türkiyə və Azərbaycan dövlət xadimlərinin silsilə qətlləri baş verdi. Onlar İstanbulda Behbud xan Cavanşiri (18 mart 1921-ci il), Romada Seid Helim Paşanı (6 dekabr 1921-ci il), Berlində Osmanlı hökumətinin keçmiş baş naziri Bahattin Şekeri və Trabzonun keçmiş qubernatoru, professor Cemal Azmi (17 aprel 1922-ci il), Tiflisdə Kamal Paşa və onun müavini Sureyya bəyi (25 iyul 1922-ci il), Buxarada Ənvər Paşanı (4 avqust 1922-ci il) öldürmüşdülər. Bu qanlı aksiyalar erməni terror təşkilatlarının fəaliyyətinin növbəti mərhələsinin başlanğıcı oldu.
Qeyd etmək lazımdır ki, Birinci dünya müharibəsindən sonra Osmanlı Türkiyəsi və Azərbaycanın rəsmi şəxslərinin qətllərində ixtisaslaşmış “Nemesis” erməni xüsusi terror təşkilatının qruplaşmaları 1920-ci illərin ortalarında öz fəaliyyətlərini dayandırdılar, lakin onların mövcudluğu bitmədi. Həqiqətən, 1981-ci ildə Erməni Milli Komitəsinin (Los-Anceles) “Christian Science Monitor”un redaktoruna ünvanlanmış məktubunda hiyləylə vurğulanırdı ki, beynəlxalq səhnədə onilliklərlə mövcud olmuş bir sıra təşkilatlar (“Nemesis” nəzərdə tutulur — qeyd. R.S.), … erməni müqavimətini bütün mümkün olan sülh yollarıyla davam etdirməyə çalışırdı. Sonda, bəzi ermənilər sülh yolu ilə nizamlanmanın nəticəsi olmadığından məyus olaraq zorakılıqdan istifadə etməyə başladılar. Bizim fikrimizcə, bu və başqa erməni terror təşkilatları həqiqətdə öz cinayətkar fəaliyyətini yenidən başlamaq üçün uyğun beynəlxalq vəziyyətin yaranmasını gözləyirdilər.
Beləliklə, XIX-XX əsrlərin hüdudları erməni terrorizminin tarixində ən amansız və insafsız dövr kimi qeyd edilmişdi. XX əsrin 20-90-cı illəri ərzində “Daşnaksütyun” nəinki siyasi səhnədən düşmədi, əksinə, erməni diasporunun vasitəsilə mövcud olan güclü siyasi qüvvəyə çevrildi və əsasən, əsrin əvvəllərindəki proqramı davam etdirirdi. İkinci dünya müharibəsindən sonra keçirilən Erməni milli konqreslərində, “Daşnaksütyun” və ASALA liderləri dəfələrlə bildiriblər ki, erməni xalqının Türkiyəyə qarşı mübarizəsi azadlıq mübarizəsidir və xarakterinə görə Fələstin xalqının mübarizəsinə oxşardır. Beləliklə, mübarizənin bu mərhələsindəki taktika da oxşar — yəni terror olmalıdır.
Erməni terrorizminin qanlı təcrübəsi mövcudluğunun bütün dövrü ərzində “Böyük Ermənistan” və “erməni soyqırımı” haqqında uzunmüddətli və bacarıqlı təbliğatla və təşkil olunmuş ictimai rəyə psixoloji təzyiqlə pərdələnmişdi. Nəticədə, xeyli vaxt ərzində dünyada bir çox ictimai xadimlər və siyasətçilər erməni terror təşkilatlarını milli-azadlıq hərəkatının bir hissəsi kimi bilavasitə və ya dolayısilə, onların cinayətkar fəaliyyətini bəyənərək qəbul ediblər və qəbul etməkdə davam edirlər. Erməni terrorizmi Türkiyənin sabitliyini sarsıtmaq və bəzi başqa dövlətlər tərəfindən ona təzyiq etmək vasitəsidir. Qondarma “erməni soyqırımı”, tarixi faktların əksinə, ən yüksək səviyyələrdə siyasi spekulyasiya predmetinə çevrildi.
Erməni terrorizminin növbəti mərhələsi Türkiyənin Los-Ancelesdə konsulu Mehmet Baydar və vitse- konsulu Bahadır Demirin 1973-cü il yanvarın 27-də Santa Barbarada qətliylə başlandı. Terror aktı Yanikyan tərəfindən törədilmişdi və fərdi erməni terroru kimi qəbul edilmişdi. Amma tezliklə aydın oldu ki, bu aksiya 1975-ci ildən başlayan erməni terrorizminin planlaşdırılmış, təşkil olunmuş və məqsədyönlü hissəsidir, hansı ki, daha da dağıdıcı olub, həqiqətən ümumdünya miqyası əldə etmişdi. Buna həmçinin Yanikyanın ölümündən sonra ABŞ-da dərc edilmiş Armenian Reporter erməni qəzetinin iddiası şahidlik edir. Qəzet yazırdı: o “siyasi mübarizənin yeni erasını açdı” və “erməni tarixinin gedişini dəyişdirdi”.
Belə ki, Fransa, Böyük Britaniya, ABŞ, Yaxın Şərq ölkələrinin erməni təşkilatları, XX əsrin 70-ci illərinin əvvəllərində Fələstin terror təşkilatlarının təcrübəsindən ruhlanaraq (bu haqda aşağıda söhbət gedəcək) və siyasi mübarizənin səmərəsizliyi haqqında nəticəyə gələrək, dünya ictimaiyyətinin diqqətini “erməni xalqının probleminə” cəlb edilməsi məqsədi ilə, terror aktlarının həyata keçirilməsi metoduna qayıtmağa qərar verirlər. Bu dövrdə “Daşnaksütyun”un çoxsaylı terror qruplaşmaları yaradılmışdı — “Erməni inqilab ordusu”, “Yeni erməni müqaviməti”, “Ermənistanın azad olması üçün yeni erməni müqaviməti”, “Erməni azadlıq təşkilatı”, “Erməni soyqırımına münasibətdə ədalət mübarizləri”, “Erməni soyqırımı ədalət Kommandosları”, “Erməni soyqırımının qisasçıları” və s. 1972 -1991-ci illər ərzində bu qruplaşmalar tərəfindən türk diplomatları, siyasətçiləri və biznesmenlərinə qarşı 300-dən çox terror aktı törədilmişdi. Xüsusilə, onlar Avstriya, Fransa, Yuqoslaviya, İsveçrə, Avstraliya, Belçika, Bolqarıstan, Danimarka, İspaniya, ABŞ, BMT-də və b.türk diplomatlarını öldürmüşdülər.
Terror aktlarına bəraət qazandırmaq üçün daşnak qəzeti Armenian Weekly bildirirdi ki, “erməni ordusu və kommandosun Türkiyənin rəsmi şəxslərinə qarşı aktları ədalətlidir və erməni xalqının əksəriyyəti tərəfindən dəstəklənir” və “ermənilər yalnız “yaradılış aktları” kimi bu zorakı aktlar nəticəsində oyana bilərlər, çünki Türkiyənin istənilən nümayəndəsinin məhv edilməsi erməni ləyaqətinin bərqərar olmasını bildirir”. Daşnaklar, ermənilərin “belə hərəkətlərdə iştirak etməsinə” “müstəsna hüququ” olduğunu bildirir və deyirdilər ki, “bu hərəkətlər terrorizm deyil”. Onlar iddia edirdilər ki, “bizim işimiz, nə qədər silahlı olduğundan asılı olmayaraq, heç vaxt beynəlxalq terrorizmin bir hissəsi olmayıb”. 1985-ci ildə “Daşnaksütyun”un 23-cü Ümumdünya Konqresində “Siyasi Platforma” qəbul edilmişdi. Burada elan edilirdi ki, “Naxçıvan, Qarabağ və Axalkalakini əhatə edən Vilson sərhədlərində azad, müstəqil və birləşdirilmiş Ermənistanın yaradılması EİF-in əsas siyasi məqsədidir”. Platformada həmçinin bildirilirdi ki, “erməni məsələsinin həlli yolunda Türkiyə — bizim düşmənimizdir” və “türk imperiyasının mövcudluğu erməni məsələsinin həllinə prinsipial olaraq ziddir”, həmçinin iddia edilirdi ki, “erməni xalqının fiziki mövcudluğunu və öz müqəddəratını təyin etmək hüququnu təmin etməsi üçün özünümüdafiəyə müraciət etməkdən başqa seçimi qalmamışdı “.
70-ci illərin əvvəllərində marksizm-leninizm ideologiyasına tərəfdar olan ASALA (Armenian Secret Army for the Liberation of Armenia) terror təşkilatı yaradılmışdı. Bu erməni terror təşkilatının məqsədi Türkiyənin şərqi, şimali İran, indiki Ermənistan ərazisi, Azərbaycanın Dağlıq Qarabağ regionu və Naxçıvan Muxtar Respublikası əraziləri daxil olmaqla “Böyük Ermənistan” yaratmaq və həmçinin uydurma “erməni soyqırımı”nın dünya ictimaiyyəti tərəfindən tanınması idi. Bu təşkilat Türkiyə hökumətini “1915-ci ildə guya 1.5 milyon erməninin qətli üçün “öz məsuliyyətini açıq tanımağa, təzminat ödəməyə və ermənilərə ərazi güzəştə getməyə məcbur etmək fikrindədir. Simptomatikdir ki, 1982-ci il avqustun 7-də Ankaranın beynəlxalq aeroportunda erməni terrorçuları 10 sərnişini öldürmüş və 71-ni yaralamışdılar. Polis terror aktı zamanı öldürülmüş və yaralanmışların sayını həbs edilmiş erməni terrorçularından biri Levon Ekmekçiyana məlumat verdikdə, o, “bu çox azdır” demişdi. O, Osmanlı dövlətində 1915-ci ilin faciəli hadisələrinə istinad edərək: “Bizdən bir milyondan çox öldürülmüşdü. Nə fərq edər ki, əgər sizdən 25 nəfər öləcəksə” deyə qışqırmağa başlayır.
Bu təşkilatın məqsədlərinin reallaşdırılmasının əsas metodu – terror aktlarının keçirilməsidir. ASALA ABŞ, Yunanıstan, yunan Kipri, Fransa, İran, Livan və Suriyadan erməni diasporunun dəstəyini alır. SSRİ-nin mövcudluğu dövründə ASALA öz məqsədlərinə nail olmaq üçün əməliyyat meydanı kimi Ermənistan SSR-dən fəal istifadə edirdi. 1975-ci ilin yanvarında Beyrutda Ümumdünya Kilsələr Şurasının binasında ASALA döyüşçüləri tərəfindən həyata keçirilmiş terror aktı erməni terror təşkilatlarının qanlı fəaliyyətində yeni eranın başlanğıcı haqqında dünya ictimaiyyətinə xəbər verdi. ASALA döyüşçüləri hesab edirdilər ki, bu qanlı aksiya təşkilatın terror kampaniyasının başlandığını bildirdi. Belə ki, ASALA nümayəndəsinin bəyanatına əsasən, “1975-ci ildə təşkilatın birinci əməliyyatı ermənilərin Birləşmiş Ştatlara mühacirətinin dəstəklənməsi məqsədilə Ümumdünya Kilsələr Şurasının ofisinə qarşı keçirilmişdi”.
Tezliklə ASALA-nın çoxsaylı erməni terror qrupları yaradılır— “Erməni azadlıq cəbhəsi” (1979-cu il), “Erməni azadlıq hərəkatı” (1981-ci il), “Orli” (1981-ci il), “İntihar edənlərin eskadronu” (1981-ci il), “9 İyun” (1991-ci il), “Erməni birliyi” (1988-ci il), “Gənc ermənilər ittifaqı” (1990-cı il) və b. Bundan başqa, ASALA terror təşkilatı qanlı aksiyalarını tez-tez “Orli” və “3 oktyabr” qrupları adından həyata keçirirdi. Əvvəlcə bu təşkilatların həmlələrinin obyekti türk diplomatları idi. Sonradan onlar Türkiyə ilə dost münasibətinədə olan və ASALA-nın döyüşçülərini həbs edən dövlətlərin vətəndaşlarına və nümayəndələrinə qarşı çoxsaylı hücumlar edirlər. Qarabağ münaqişəsinin gərginləşdiyi dövrdə onlar Dağlıq Qarabağa silah çatdırılması və muzdurluların cəlb olunması ilə məşğul olurdular, həmçinin Dağlıq Qarabağda etnik azərbaycanlılara qarşı çoxsaylı hücumlar həyata keçirirdilər.
1975 – 1985-ci illər ərzində dünyanın 21 ölkəsinin 38 şəhərində ASALA-nın terror qruplaşmaları tərəfindən 110-dan çox terror aktı həyata keçirilmişdi, onlardan 39-u silahlı hücum, 70-dən çoxu bomba partlayışı ilə müşayiət olunmuşdu. Bu aktlar nəticəsində 42 türk diplomatı və digər dövlətlərin 4 diplomatı öldürülmüşdü, həmçinin 15 Türkiyə vətəndaşı və digər dövlətlərin 66 vətəndaşı müxtəlif ağırlıq dərəcəsində yaralanmışlar.

Ardı var…
Ramiz Sevdimalıyev, siyasi elmlər doktoru