Dəyanət Musayev: AVCİYA və tarixi həqiqətlərin təbliği

Fuad Babayev: 2009-cu il üçün dəftərçə
Ramiz Sevdimalıyev : Beynəlxalq erməni terrorizminin formalaşması və inkişafı: tarixi baxış
Ramiz Sevdimalıyev : Beynəlxalq erməni terrorizminin formalaşması və inkişafı: tarixi baxış (II hissə)
“Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın (SCQACK) 2-ci maddəsində “milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş hərəkətlər soyqırım adlanır.
Beynəlxalq hüquq normalarına görə, soyqırım törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Lakin Azərbaycan xalqının başına gələn bəlalara gəldikdə bu Konvensiyanın maddələri nəinki işləmir, hətta dünya miqyasında lazımınca çatdırılmır və qiymətləndirilmir.
Erməni silahlı dəstələri mütəmadi olaraq – 1905-1906,  1918-1920, 1948-1953, 1988-1993-cü illərdə azərbaycanlı dinc əhaliyə qarşı soyqırım (genosid) və deportasiya aktlarını həyata keçirməsinə baxmayaraq, nədənsə bu faktlar beynəlxalq aləmdə müzakirə olunmur və tanınmır.
1918-ci ildə Şamaxı qəzasında 120 kənd olmuşdur ki, bunların da 86-sı erməni təcavüzünə məruz qalmışdır. Fövqəladə İstintaq Komissiyasının sənədlərinə əsasən ermənilər tək Şamaxı qəzasının 58 kəndində 8027 azərbaycanlını qətlə yetirmişlər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri isə uşaqdır. Quba qəzasında isə 122 kənd, 16 min dinc əhali ermənilər tərəfindən məhv edilmişdir. Bu cür vəhşiliklər Azərbaycanın Bakı, Göyçay, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, Lənkəran qəzalarında da xüsusi amansızlıqlarla davam etdirildi. Həmin sənədlərə əsasən Azərbaycanda 1918-ci il hadisələri zamanı 2 mln.yaxın dinc əhali məhv edilmişdir.
Müqayisə üçün xatırladaq ki, dünyada soyqırım kimi tanınan Xatın (Belorusda, insan tələfatı 149 nəfər), Lidiçe (Çexiyada, insan tələfatı 172 nəfər), Sonqmi (Cənibi Vyetnamda, insan tələfatı 500 nəfərə yaxın) hadisələri nə miqyasına, nə də amansızlığına görə tək Xocalı (insan tələfatı 613 nəfər) ilə müqayisə olunmazdır. Lakin Xocalı hadisələrinə lazımi qiymət hələ də verilməyib.   BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 (30 aprel 1993-cü il), 853 (29 iyul 1993-cü il tarixli) və 874 (14 oktyabr 1993-cü il) və  884 (12 noyabr 1993-cü il) saylı qətnamələr Ermənistan silahlı qüvvələrinin işğal edilmiş bütün Azərbaycan ərazisindən, dərhal, tamamilə və qeydşərtsiz çıxarılmasını qəti surətdə tələb etsədə, qətnamələrə bu gündə məhəl qoyulmur, Azərbaycan əraziləri işğal altında saxlanılır.
90 ildən artıqdır ki, erməni diasporu havadarlarının köməyinə arxalanaraq beynəlxalq ictimaiyyətə birtərəfli, çox vaxt yanlış, qəsdən təhrif edilmiş mənbələrdən “məlumatlar” verir, diqqəti Azərbaycana qarşı törətdikləri soyqırımı siyasətindən yayındırmağı çalışırlar. Bu gün də Ermənistan və erməni diasporu xüsusilə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı qətliamları və 1992-ci ildə dağıdılan Xocalı, Qaradağlı, Malıbəyli, Quşçular, Ağdaban və b.  gündəlikdən kənarda saxlamağa cəhd göstərirlər.
Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin nəticələrinin obyektiv tədqiqatı və təhlili yalnız 1991-ci il oktyabrın 18-dən – ölkəmizdə dövlət müstəqilliyinin bərpasından sonra mümkün oldu. Bu sahədə ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı müstəsna əhəmiyyət kəsb edir. Əlbəttə, erməni soyqırımının dəhşətli nəticələrinin tədqiqatı uzun illər vaxt tələb edəcəkdir. Hələ arxivlərdə bu hadisələrin dəhşətli mənzərəsini göstərən və hələ də açılmayan yüzlərlə, bəlkə də minlərlə sənəd, erməni qətliamları zamanı öldürülən insanların açılmamış kütləvi məzarlıqları vardır.
Ermənilərin son təcavüzü zamanı dinc əhaliyə qarşı vəhşiliklər yenə də davam etdirildi. Belə ki, Xocalı, Qaradağlı, Malıbəyli, Quşçular, Ağdaban və b. kimi qara səhifələr Azərbaycan, eləcədə dünya tarixinə ermənilər tərəfindən yazılmış oldu. Dünya birliyinin bu hadisələrin hər birinə lazımi səviyyədə qiymət verməsinə nail olmaq hər birimizin öhdəsinə düşən mühüm vəzifədir.
Qeyd etmək yerinə düşər ki, erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilən soyqırımları haqqında həqiqətin dünyaya çatdırılmasında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) misilsiz fəaliyyət göstərir. AVCİYA-nın prezidenti Elxan Süleymanovun təşəbbüsü ilə 2006-cı ildə Azərbaycan, rus, ingilis dillərində həm ölkə daxilində, həm də sərhədlərimizdən kənarda maraqla qarşılanan  “Xocalı soyqırımı (sənədlər, faktlarda və xarici mətbuatda)” adlı kitab çap etdirmişdir.
2007-ci ildə isə AVCİYA “Xocalı soyqırımı: milyon imza, bir tələb” şüarı altında irimiqyaslı aksiya keçirmişdir. Aksiya nəticəsində Xocalı faciəsinin soyqırımı kimi tanınmasını tələb edən 1 milyon Azərbaycan vətəndaşının imzası toplanmışdır.
Xüsusi vurğulamaq lazımdır ki, bu imzalar sadəcə tələb deyil, Xocalı soyqırımının  şahidi  olmuş insanların tarix üçün canlı şəhadəti, mənəvi-siyasi və tarixi-hüquqi sənəddir. Məhz buna görə də bu imzalar toplu şəklində Azərbaycanın və xarici ölkələrin bir çox nüfuzlu kitabxanalarına və arxivlərinə, eləcə də tarixi həqiqətin və ədalətin bərpası üçün böyük dövlətlərin parlamentlərinə təqdim olunmuş, eyni adlı kitab nəşr edilmişdir.
“Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi repressiyaların və qırğınların, xalqımızın başına gətirilən müsibətlərin daha ciddi tədqiq edilməsinin və dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini xüsusi qeyd etmək lazımdır. Bu hər bir azərbaycanlının borcudur” – bu sözləri 14 mart 2011-ci il tarixində Şamaxıda AVCİYA-nın təşkilatçılığı ilə “Azərbaycanda erməni vəhşilikləri – Şamaxı soyqırımı (1918 – ci il)” layihəsi çərçivəsində “Şamaxı soyqırımı (1918-ci il)” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik konfransda tədbirin təşəbbüskarı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Şamaxının Millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov bildirmişdir. Əlbəttə, erməni soyqırımının dəhşətli nəticələrinin tədqiqatı uzun illər vaxt tələb edəcəkdir. Hələ arxivlərdə bu hadisələrin dəhşətli mənzərəsini göstərən və hələ də açılmayan yüzlərlə, bəlkə də minlərlə sənəd, erməni qətliamları zamanı öldürülən insanların açılmamış kütləvi məzarlıqları vardır. Buna görə də tədqiqatları davam etdirmək lazımdır.
Tədbirdə AŞPA-nın fəxri deputatı, Qərbi Avropa İttifaqı Assambleyasının fəxri prezidenti Stef Qoris, İspaniyanın senatorları Almodobar Aqustin, Diaz Arkadio, İtaliya senatoru, AŞPA-nın üzvü Nessa Pasquale, Almaniya Bundestaqının deputatı, AŞPA-nın üzvü Karin Strenz, Almaniya Bundestaqının sabiq üzvü, Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Eduard Lintner, Almaniya millət vəkili və Avropa Şurası Parlamenti Assambleyasının üzvü (2005—2009-cu illər) professor Haqqı Kəskin, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, Azərbaycan Respublikası Milli Məclisinin bir sıra deputatları və digər qonaqlar da iştirak etmişdir. Tədbirdə mövzu ətrafında geniş təhlil aparılmış, tədqiqatçı alimlərin və yerli ziyalıların çıxışları dinlənilmişdir. Şamaxı soyqırımının acı həqiqətləri tədbirdə iştirak edən xarici qonaqların diqqətinə çatdırılmışdır. Tədbirdə “Şamaxı soyqırımı” adlı  Azərbaycan və ingilis dillərində nəşr olunan kitabın təqdimatı keçirilib. Qeyd olunmuşdur ki, kitabda ermənilərin cinayətlərini ifşa edən Fövqaladə İstintaq Komissiyanın Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə ermənilər tərəfindən törədilən soyqırım hadisələri haqqında topladığı 7 cild, 925 səhifədən ibarət araşdırma materiallarından istifadə edilib.
2012-ci ildə Şamaxının millət vəkili Elxan Süleymanov və iqtisad elmləri üzrə fəlsəfə doktoru Vurğun Süleymanovun “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” adlı kitabı nəşr edilmişdir. Layihənin davamı olaraq həmin kitab ingilis dilində ABŞ-da və rus dilində Sankt-Peterburqda nəfis şəkildə şap olunaraq dünyaya çatdırıldı. Kitabda Dağlıq Qarabağ münaqişəsinin tarixi və geosiyasi əsasları araşdırılır, beynəlxalq təşkilatlar (BMT, Avropa Parlamenti, AŞPA, ATƏT, NATO, İslam Əməkdaşlıq Təşkilatı) tərəfindən Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktının tanınması, işğal nəticəsində ölkədə fövqəladə humanitar vəziyyətin yaranması, Azərbaycanın tarixi və mədəniyyət abidələrinə, ətraf mühitinə və təbii sərvətlərinə, sosial-iqtisadi durumuna dəymiş zərər təhlil edilir, Azərbaycana vurulmuş iqtisadi zərərin ilkin miqdarı indiki bazar qiymətləri ilə hesablanır. Müəlliflər işğal nəticəsində Azərbaycana vurulmuş maddi zərərin miqdarını hesablayaraq oxucuya təqdim edir.
10 mart 2012 -ci il tarixdə “1918-ci il Şamaxı soyqırımı” adlı tədbir Bakıda keçirildi.  Tədbirdə Türkiyyə Cümhuriyyətinin, Rusiya Federasiyasının, Rumuniya və Belorusun Azərbaycan Respublikasındakı səfirliklərinin nümayəndələri, ziyalılar, KİV və QHT nümayəndələri iştirak etmişlər. Tədbirin materiallarının kitab şəkilində bir neçə dildə nəşr olunaraq yayımlanmışdır.
28 dekabr 2012-ci ildə Şamaxıda keçən əsrin 30-40-cı illərində rayonda həyata keçirilən repressiyalardan bəhs edən “Şamaxı qırmızı terrorun hədəfində: 1930-40-cı illər repressiyaları” kitabının təqdimatı keçirilib. Kitabın müəllifləri Şamaxının millət vəkili Elxan Süleymanov, tədqiqatçı Məhərrəm Zülfüqarlı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Dəyanət Musayevdir. Bu Şamaxının millət vəkili Elxan Süleymanovun dəstəyi ilə Şamaxının qara səhifələrindən birinə həsr olunmuş növbəti nəşr idi. Kitabda keçən əsrin 30-40-cı illərində sovet hökumətinin Şamaxıda həyata keçirdiyi repressiyalardan, xüsusilə Təklə hadisəsindən və “Şamaxı prosesi”ndən ətraflı bəhs olunur. Kitabın başlıca əhəmiyyəti ondan ibarətdir ki, kitab arxiv materialları, real faktlar, repressiyaya məruz qalan insanların yaxın qohumlarının məlumatları əsasında hazırlanıb. Kitabda həmin dövrdə repressiyaların həyata keçirilməsində ermənilərin başlıca rol oynadıqlarını diqqətə çatdırılır.
2013-cü il martın 29-da Şamaxıda “Azərbaycanlılara qarşı  erməni vandalizmi: 1918-ci il  Şamaxı soyqırımı” mövzusunda elmi–praktik konfrans keçirildi. Konfrans Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının  Prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və Şamaxı Rayon İcra Hakimiyyəti və AVCİYA-nın təşkilatçılığı ilə baş tutdu. Bundan başqa AVCİYA-nın dəstəyi ilə və millət vəkili Qənirə Paşayevanın ssenarisi əsasında çəkilən “Şamaxı soyqırımı” adlı sənədli film  də faciə haqqında həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayır.
Şamaxının millət vəkili Elxan Süleymanov bildirib ki, 1905-ci ildən  Azərbaycanın dinc müsəlman əhalisinə qarşı törədilən erməni cinayətləri haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırması üçün tədqiqat işləri aparmaq, müxtəlif dillərdə kitab və məqalələr nəşr etmək, elmi konfranslar təşkil etmək zəruridir.
Dəyanət Musayev,
Pedaqogika üzrə fəlsəfə doktoru
http://1905.az/avciya-nin-az%C9%99rbaycanlilarin-soyqirimlari-il%C9%99-bagli-layih%C9%99l%C9%99ri-2/