Deputat seçkili qurumda seçicilərin maraqlarını təmsil etməlidir

Prezident İlham Əliyev “Rossiya-24” telekanalının müxbirinə müsahibə verib
Müdafiə Nazirliyinin nümayəndəsi ordu quruculuğu sahəsində yerinə yetirilən tapşırıqlarla bağlı çıxış edib
Səfir: Qlobal enerji təhlükəsizliyinin təminatına yönələn layihələrlə Azərbaycan ABŞ-ın diqqətindədir

Deputat – latınca “deputatus” sözündən götürülüb. Göndərilmiş, elçi mənasını verir. Deputat (millət vəkili) dedikdə vətəndaşlar tərəfindən qanunverici orqana seçilmiş şəxs nəzərdə tutulur. Azərbaycan Respublikasının qanunvericiliyinə görə 25 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşı deputatlığa namizədliyini irəli sürə bilər. Millət vəkili seçilmək üçün fərdi qaydada namizədliyi irəli sürməklə yanaşı, təşəbbüs qrupları, siyasi partiyalar və ya siyasi partiya blokları tərəfindən də fərdin namizədliyi irəli sürülə bilər. Deputat olmaq nə üçün lazımdır sualına cavab axtararkən ilk növbədə millət vəkilinin qarşısında qoyulmuş vəzifələrə nəzər yetirmək lazımdır. Məsələyə kompleks yanaşsaq, deputatın vəzifəsi seçkili qurumda seçicilərin maraqlarını təmsil etmək, vətəndaşların Konstitusiya və qanunlarda təsbit olunmuş hüquqlarını müdafiə etməkdən ibarətdir. Azərbaycan Respubikası Konstitusiyasının 95-ci maddəsində Milli Məclisin həll etdiyi məsələlər öz əksini tapıb ki, bu da deputatların fəaliyyəti ilə birbaşa bağlıdır. Milli Məclisin işinin təşkili, vətəndaşların rifahının yaxşılaşdırılması istiqamətində qanunların qəbulu, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin təsis edilməsi, inzibati ərazi bölgüsünə dəyişikliklər edilməsi, dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi, Azərbaycan Respublikasının dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət, Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinin seçilməsi, Azərbaycan Respublikasının hərbi doktrinasının təsdiqi, Konstitusiyada nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Prezidentinin fərmanlarının təsdiqi, Azərbaycan Respublikasının Baş Nazirinin vəzifəyə təyin edilməsinə razılıq verilməsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası Apelyasiya Məhkəmələri hakimlərinin vəzifəyə təyin edilməsi, Azərbaycan Respublikası Baş Prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təqdimatına əsasən Azərbaycan Respublikası Prezidentinin impiçment qaydasında vəzifədən kənarlaşdırılması, hakimlərin vəzifədən kənarlaşdırılması, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi, Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən müharibə elan edilməsinə və sülh bağlanmasına icazə verilməsi, referendum təyin edilməsi, amnistiya, bələdiyyələrin hesabatlarının dinlənilməsi və s. bir çox məsələlər məhz Milli Məclisin və dolayısı ilə həmçinin deputat olmuş şəxslərin səlahiyyətlərinə aiddir. Seçki dairəsində iş üzrə deputatın üzərinə düşən ən mühüm vəzifə seçicilərin hüquqlarının, azadlıqlarının və mənafelərinin təmin edilməsi üzrə fəaliyyətlə bağlıdır. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 19-cu maddəsində göstərilir ki, deputat seçicilərin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin təmin edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiyası ilə ona verilmiş səlahiyyətlər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları, məhkəmə hakimiyyəti orqanları, prokurorluq orqanları, yerli özünüidarəetmə orqanları qarşısında məsələ qaldıra bilər. Deputatın bu fəaliyyətinin təmin olunmasında mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanları, yerli özünüidarə orqanları ona köməklik göstərməlidirlər. Göründüyü kimi deputat olmaq vətəndaşların, cəmiyyətin və ümumilikdə dövlətin maraqlarının təmin olunmasında fəaliyyət göstərmək üçün geniş imkanlar əldə etmək deməkdir və bu mənada bütün yuxarıda sadalanan istiqamətlərdə fəaliyyəti həyata keçirmək üçün deputat olmaq mühüm əhəmiyyət kəsb edir.