Dövlət başçısı: “Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var, o da Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır”

Sergey Lavrov növbəti erməni yalanını ifşa etdi
Bakıda İƏT Gənclər və İdman Nazirlərinin 4-cü sessiyası başa çatıb
Dövlət sərhədində növbəti təxribat törədən düşmən öz avtomobil texnikasını yandıraraq geri çəkilib

“Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son illər ərzində apardığımız işlər münaqişənin həlli üçün hüquqi bazanı daha da genişləndirib. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və ATƏT-in qərarları, əlbəttə, bu hüquqi bazanın əsasını təşkil edir”.

APA-nın xəbərinə görə, bunu bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilən rəsmi qəbulda çıxışında prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, həmçinin 2003-cü ildən bu günə qədər digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul ediblər. Onların arasında Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa ParlamentiAvropa Şurası Parlament Assambleyası, GUAM, ECO və digər təşkilatlar var: “Bu, münaqişənin həlli üçün hüquqi bazanın yaradılması deməkdir. Biz münaqişənin həlli üçün iqtisadi zəmin də yaratmışıq, güclü ordu formalaşdırmışıq. Görülən kompleks tədbirlər nəticəsində Azərbaycan bu məsələ ilə bağlı siyasi və diplomatik üstünlüyü tam təmin edibdir. Məhz bunun nəticəsidir ki, nə qədər dünya erməniliyi çalışsa da, heç bir dövlət qanunsuz Dağlıq Qarabağ rejimini tanımayıb.

Biz yaxşı bilirik ki, bu gün beynəlxalq hüququn normaları bir çox hallarda pozulur, işləmir. Güc amili ön plana çıxır və bu, reallıqdır. Ona görə dünya birliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi dəstəkləməsi böyük nailiyyətimizdir. Hesab edirəm ki, beynəlxalq hüququn normalarından başqa, burada güclü Azərbaycan amili dayanır. Biz güclü dövlət qura bilmişik. Bir daha demək istəyirəm ki, bizimlə əməkdaşlıq edən və etmək istəyən ölkələrin sayı artır. Bizə hörmət artır, bizim işimizə göstərilən rəğbət göz qabağındadır. Belə bir vəziyyətdə heç bir ölkə qanunsuz rejimlə heç bir əlaqə qura bilməz və biz buna heç vaxt imkan verməyəcəyik. Biz heç vaxt imkan verməyəcəyik ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var, o da Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünün bərpasıdır”.