Azərbaycanın 2012-ci il dövlət büdcəsinin layihəsi həm iqtisadi təhlillər, həm də elmi proqnozlar əsasında hazırlanıb. «APA-ECONOMICS»in xəbərinə görə, bunu Milli Məclisin Elm və təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev parlament komitələrinin birgə iclasında 2012-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, layihədə gələn ilin gözləntiləri, o cümlədən dünya iqtisadiyyatındakı mövcud vəziyyətin qiymətləndirilməsi nəzərə alınıb.
Gələn ilki büdcənin artımının 5,7% olacağını bildirən Ş.Hacıyev məlumat verib ki, artım sürətinin bu ilə nisbətən aşağı düşməsinin səbəbi neft hasilatının həcminin sabit saxlanması ilə izah edilir: «Amma 5,7%-lik artım da dünya ölkələri ilə müqayisədə böyükdür».
Komitə sədri bildirib ki, layihədə ən mühüm müsbət göstəricilərdən biri qeyri-neft sektorunun və özəl sektorun payının artmasıdır: «Qeyri-neft sektorunun ÜDM-də payının artmasına baxmayaraq, bu sahədən büdcəyə daxilolmaların həcmi buna uyğun deyil və bu barədə fikirləşməyə dəyər. Məsələn, kənd təsərrüfatında vergi tətilləri torpağa görə deyil, istehsal olunan məhsula görə tətbiq edilməlidir və s.»
Ş.Hacıyev bildirib ki, büdcə kəsirinin həcmi Avropa İttifaqı ölkələri ilə eyni səviyyədədir, inflyasiyanın birrəqəmli olması isə iqtisadi sabitlikdən xəbər verir: «Neftin baza qiymətinin 80 dollardan götürülməsi isə büdcənin təminatlı olmasına şərait yaradacaq. Belə ki, həm OPEK ölkələri, həm də digər qurumların proqnozlarına görə, gələn il neftin qiymətinin 100 dollardan aşağı olmayacağı bildirilir və 80 dollar götürülməsi ehtiyatlı yanaşmadan xəbər verir».
Komitə sədri Dövlət Neft Fondundan büdcəyə transferlərin artımının mənfi hal olmadığını söyləyib: «Fonddan ayırmaların artmasına baxmayaraq, fondun vəsaitləri nəinki azalır, əksinə, hər il artır».
Millət vəkili bildirib ki, gələn il büdcədən elm və təhsilə 1,7 mlrd. manatdan artıq vəsait nəzərdə tutulub ki, bu da dövlətin bu sahədə qarşıya qoyduğu bütün hədəflərə çatmağa, vəzifələrə nail olmağa imkan verir: «65 yaşına çatmış şəxslərin təhsil sistemindən təqaüdə göndərilməsi bu sahədə işləyənlərin sayının azalmasına imkan verib ki, bu da maaşların artımına imkan yaradır».
Bununla yanaşı, Ş.Hacıyev qeyd edib ki, təhsil sistemində çalışanların optimal miqdarının müəyyənləşdirilməsi çox vacibdir: «Həftəlik dərs yükünün süni surətdə artırılması ilə bağlı 90-cı illərdən başlanan proses indi də davam etməkdədir. Bu halların aradan qaldırılması maaşların artırılması üçün sərbəst vəsaitlərin yaranmasına imkan verərdi». /APA/