ABŞ Konqresində büdcə kəsirinin ixtisarı ilə bağlı razılığa gəlmək mümkün olmayıb
İqtisadiyyat / (21-11-2011, 12:09)

ABŞ Konqresinin xüsusi komitəsinin üzvləri büdcə kəsirinin ixtisarı qaydalarını razılaşdıra bilməyiblər. “APA-ECONOMICS”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə rəsmi açıqlama Bakı vaxtı ilə saat 12:00-da yayılacaq. Bir neçə aydır sürən müzakirələrə baxmayaraq, Konqresdəki respublikaçılar və demokratlar büdcə kəsirinin ixtisarı qaydaları üzrə razılıq əldə edə bilməyiblər. Qeyd edək ki, bundan əvvəl konqresmenlər 12 nəfərdən ibarət ikipartiyalı xüsusi komitə yaradıblar. Komitənin vəzifəsi büdcə vəsaitlərinə qənaət proqramını işləyib hazırlamaq və büdcə xərclərinin ixtisarı olub. Komitə noyabrın 23-nə qədər büdcə kəsirinin ixtisarı strategiyasını yaxın 10 üçün ən azı 1,2 trln. dollar həcmində təqdim etməlidir. Nəticə əldə olunmayacağı halda, ABŞ hökuməti büdcə xərclərini istənilən yolla ixtisar etmək məcburiyyətində qalacaq ki, bu da ölkənin kövrək iqtisadiyyatına zərbə olacaq.
Maliyyə analitiklərinin fikrincə, saat 12:00-da Nümayəndələr Palatasının üzvü Ceb Hensarlenq (respublikaçılar) və senator Petti Murrey (demokratlar) tərəfindən veriləcək rəsmi açıqlama bütün dünya üzrə ticarət meydançalarında bazar kotirovkalarına ciddi zərbə olacaq. /APA/


AVCIYA.AZ Yuxarı