«Azərbaycanda vergi yükünün azaldılması ilə bağlı müzakirələr yersizdir»
İqtisadiyyat / (24-11-2011, 14:23)

Azərbaycanda vergi yükünün aşağı salınması barədə müzakirələr yersizdir və ölkədə böyük vergi yükü yoxdur. «APA-ECONOMICS»in məlumatına görə, bunu parlamentdə çıxış edən Azərbaycanın vergilər naziri Fazil Məmmədov bildirib: «Azərbaycan azad iqtisadi zona deyil və iqtisadiyyatda bu addımlara daha ehtiyatla və diqqətlə yanaşır». F.Məmmədovun sözlərinə görə, sosial vergi Azərbaycanda sosial ayırmalarla bir yerdə 21,5%, sosial ayırmalarsız 17,5% təşkil edir. Avropa İttifaqı ölkələrində isə bu göstərici 39,5%-ə bərabərdir.
«Hesab edirik ki, 2 min manata yaxın gəlirin 14%-nin vergiyə cəlb olunması vacibdir. Hansısa bankir 35% vergi verəcəksə, niyə bu, kimisə narahat edir? Kimsə çox qazanacaqsa 2 min manata qədər 14%-lə, qalanın isə 35%-lə vergisini verəcək. Bu, dünya praktikasında da var», - deyə nazir bildirib.
Həmçinin F.Məmmədov bəyan edib ki, kənd təsərrüfatının tamamilə vergidən azad edilməsi müddəti 5 il uzadılıb və təkcə kənd təsərrüfatında bu il vergidən azad olunma nəticəsində 2,4 mlrd. manatadək əlavə dəyər yaradılması gözlənilir.
«Hər kəsin yaxın qohumlarında sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar var. Təbii ki, heç kim vergini sərbəst şəkildə ürəklə ödəmir. Belə hallar dünyanın hər yerində mövcuddur. Vergi hesabatları «on-line» rejimdə həyata keçirilir. Yanvar və ya mart ayından hüquqi şəxslərin «on-line» qeydiyyatına başlanacaq. İki gün əvvəl nəzarət-kassa aparatlarının «on-line» qeydiyyatına başlanıb», - deyə F.Məmmədov bildirib.
Xatırladaq ki, ötən gün Azərbaycan Mərkəzi Bankının sədri ölkədə vergi yükünün azaldılması təşəbbüsü ilə çıxış edib. /APA/


AVCIYA.AZ Yuxarı