Azərbaycanın valyuta ehtiyatlarının həcmi 40 mlrd. ABŞ dollarına çatıb ki, bu da ölkənin xarici borcunu 7 dəfə üstələyir. "APA-ECONOMICS"in xəbərinə görə, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev Dünya Azərbaycanlılarının III Qurultayında iştirak etmək üçün Bakıya gəlmiş Azərbaycan diasporu nümayəndələrinin dövlət qurumlarının rəhbərləri ilə görüşündə bildirib. Onun sözlərinə görə, valyuta ehtiyatlarının 40 mlrd. dollar, illik büdcənin isə 20 mlrd. dollar olması Azərbaycanda iqtisadi inkişafın yüksək göstəricisidir.
Nazir Azərbaycanda sənayeləşmə prosesinin başlandığını qeyd edib. Bu proses zamanı dünyada öncül texnologiyaların Azərbaycana gətirilməsi, sənaye şəhərciklərinin yaradılması nəzərdə tutulub. Ş.Mustafayev bildirib ki, sənaye şəhərciklərinin Azərbaycanın Sumqayıt, Gəncə şəhərlərində və Bakının Qaradağ rayonunda yaradılması planlaşdırılır./APA/