2011-ci ilin yekunları üzrə Azərbaycanda inflyasiya 8 faiz səviyyəsində gözlənilir
İqtisadiyyat / (7-12-2011, 15:08)

Bu yaxınlarda dövlət sektoru işçilərinin əməkhaqlarının, kommunal xidmətlərin dəyərinin artması 2011-ci ilin yekunları üzrə ölkədə inflyasiyanın səviyyəsinə təsir edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirib. "Biz 2011-ci ilin yekunları üzrə inflyasiyanı 6,7 faiz səviyyəsində proqnozlaşdırmışdıq, indi isə onun səkkiz faiz səviyyəsində olacağını gözləyirik", - Vəliyev deyib.

10 ay ərzində Azərbaycanda inflyasiyanın artım tempi 2010-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə 8,3 faiz təşkil edib. Ərzaq məhsullarının qiymətləri 11,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,7 faiz, əhaliyə göstərilən pullu xidmətlər isə 4,6 faiz bahalaşıb.

2011-ci ilin noyabr ayında ölkədə inflyasiya 1,1 faiz təşkil edib. Əvvəlki ayla müqayisədə ərzaq məhsullarının qiymətləri 1,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,4 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,1 faiz bahalaşıb.

Ötən həftənin sonlarında Prezident İlham Əliyevin imzaladığı sərəncama görə, Azərbaycanda əməkhaqqının minimum məbləği 10 faiz artırılaraq 85 manatdan 93,5 manata çatdırılıb.

Ötən həftə Prezident təhsil və səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

Tarif Şurasının qərarı ilə dekabrın 1-dən bir sıra kommunal xidmətlərin (bərk məişət tullantılarının toplanması, daşınması və zərərsizləşdirilməsi, istilik təchizatı) qiyməti artırılıb. /Trend/


AVCIYA.AZ Yuxarı