Böyük Britaniyanın «British Midland International» (BMI) aviaşirkəti endirimli bilet satışına başlayıb. Şirkətin Bakı ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, endirimli aviabiletlər 2012-ci il yanvarın 31-dək alınmalıdır və uçuşlar may ayının 31-dək yerinə yetirilməlidir. Endirim həm «biznes», həm də «ekonom» sinfinə aid biletlər üçün nəzərdə tutulub. «Sərnişinlər endirimli biletləri BMI-nin yerinə yetirdiyi Bakı-Bişkek, Bakı-London və Bakı-Dublin (Londondan tranzitlə) aviareyslərinə əldə edə bilərlər. Belə ki, Bakı-Bişkek-Bakı marşrutu üzrə bir aviabiletin minimal qiyməti 315 manat, Bakı-London-Bakı marşrutu üzrə 523 manat, Bakı-Dublin-Bakı marşrutu üzrə isə 550 manat təşkil edir. Halbuki, bundan öncə bu aviabiletlərin qiyməti müvafiq olaraq 530 manat, 1 100 manat və 650 manat təşkil edirdi», - deyə şirkətin Bakı ofisindən bildirilib.
Qeyd edək ki, bütün qiymətlər vergilər daxil olmaqla göstərilib.
Xatırladaq ki, hazırda Bakı-London marşrutu üzrə aviareysi «Azərbaycan Hava Yolları» QSC (AZAL) də yerinə yetirir. Hər iki istiqamətdə bir aviabiletin minimal qiyməti 540 manat təşkil edir.
Qeyd edək ki, BMI şirkətinin əsas aviareysləri Aberdin, Əddis-Əbaba, Almatı, Əmman, Bakı, Beyrut, Belfast, Bişkek, Qahirə, Dəməşq, Dammam, Dublin, Edinburq, Fritaun, Qlazqo, Hannover, Ciddə, Xartum, Mançester, Moskva, Ər-Riyad, Tiflis, Tehran, Vyana və İrəvan şəhərlərinə həyata keçirilir.